Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İstanbulda Türk Şurasının iqtisadiyyat nazirlərinin iclası keçirilib

30.11.17, 13:04
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv ölkələrin iqtisadiyyat nazirlərinin 7-ci iclası başa çatıb. Türkiyənin İqtisadiyyat Nazirliyinin ev sahibliyi ilə keçirilən iclasda Azərbaycanı iqtisadiyyat naziri Şahin Mustafayevin, Qazaxıstanı milli iqtisadiyyat nazirinin müavini Baurzhan Bekishevin, Qırğızıstanı iqtisadiyyat nazirinin birinci müavini Daniyar İmanaliyevin, Özbəkistanı isə iqtisadiyyat nazirinin birinci müavini Sanutalla Bekenovun rəhbərlik etdiyi nümayəndə heyətləri təmsil edib.
İclasda Türk Şurasının baş katibi Ramil Həsənov, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci və başqaları gündəlikdə duran məsələlər barədə fikir və mülahizələrini bölüşüblər. Türk Şurasına üzv ölkələr arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsinə dair aktual məsələlər müzakirə olunub. Türkdilli ölkələr arasında ticarət əlaqələrinin genişləndirilməsi, ortaq sərmayə qoyuluşu, birgə iqtisadi layihələrə dair imkanlar və s. məsələlər ətrafında müzakirələr aparılıb.
Natiqlər türkdilli ölkələrin yerləşdikləri coğrafi ərazilərin geosiyasi əhəmiyyəti, bu yerlərin beynəlxalq yükdaşımalarında yeri və rolu, təbii zənginlik, fəaliyyət göstərən və həyata keçirilməkdə olan beynəlxalq iqtisadi layihələr, iqtisadi yüksəlişi dinamik həddə çatdırmaq üçün digər imkanlara dair fikir və mülahizələrini bölüşüblər. Bakı-Tbilisi-Qars dəmir yolu, Xəzər hövzəsində ən böyük liman olan Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının və digər beynəlxalq iqtisadi layihələrin imkanları yüksək dəyərləndirilib. Qeyd olunub ki, bütün türkdilli ölkələr bu layihələrdən bəhrələnmək və perspektivdə olan layihələrdə iştirak etmək üçün tarixi şansdan istifadə etməklə inkişaf imkanlarına yeni-yeni töhfələr verə bilərlər. Tərəflər əməkdaşlıq əlaqələrinə dair imkanları yüksək qiymətləndiriblər.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli inkişafı barədə geniş məlumat verən nazir Şahin Mustafayev diqqətə çatdırıb ki, Azərbaycanda Türk Şurasına üzv ölkələrlə ticarət, investisiya sahələrində əməkdaşlığa, iş adamları arasında əlaqələrə böyük önəm verilir. 2017-ci ilin yanvar-sentyabr aylarında ölkəmizin Türk Şurasının üzv dövlətləri ilə ticarət dövriyyəsi 2,1 milyard dollar, o cümlədən idxal 1 milyard, ixrac 1,1 milyard dollar təşkil edib, artım müvafiq olaraq 7 faiz, 7,3 faiz və 6 faiz olub.
Sonra Türk Şurasının baş katibi Ramil Həsənov və Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci birgə mətbuat konfransı keçiriblər. Diqqətə çatdırılıb ki, Türk Şurasına üzv ölkələr arasında iqtisadi əlaqələri genişləndirmək üçün böyük potensialdan daha səmərəli bəhrələnmək üçün geniş siyasi imkanlar mövcuddur. Daha sonra jurnalistləri maraqlandıran suallar cavablandırılıb. İclas çərçivəsində Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci arasında görüş olub. Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrin nümunəvi olduğunu diqqətə çatdıran nazirlər əminliklərini ifadə edərək bildiriblər ki, hərtərəfli inkişaf qarşılıqlı münasibətləri bundan sonra da əzmlə qoruyacaq.

Bu xəbər oxundu
- - -