Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

6 ölkə rəhbərindən Qarabağla bağlı bəyanat

01.12.17, 9:33
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin rəhbərləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin vasitəçilik səylərinin dəstəklənməsi haqqında bəyanat qəbul edib.
Bəyanatda deyilir ki, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri olan Fransa, Rusiya və Amerika Birləşmiş Ştatları tərəflərə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında siyasi-diplomatik vasitələrlə kömək göstərən yeganə beynəlxalq birliyin müvafiq mandatına malik olan qurumdur:“Biz Dağlıq Qarabağ probleminin istisnasız olaraq sülh yolu ilə həlli zərurətini təsdiqləyərək ATƏT-in Minsk qrupu ölkələrinin münaqişənin beynəlxalq hüquq normaları, BMT Nizamnaməsi, Helsinki Yekun Aktında əksini tapan güc tətbiq etməmək və güclə hədələməmək, ərazi bütövlüyü, xalqların öz müqəddəratını həll etmək prinsipləri əsasında həlli cəhdlərini alqışlayırıq.
Dağlıq Qarabağ münaqişə zonasında gərginliyin azaldılması, vəziyyətin stabilləşdirilməsi və sülh prosesinin irəliləməsini nəzərdə tutan şəraitin yaradılmasına dair 2016-2017-ci illərdə Vyana, Sankt-Peterburq və Cenevrədə sammitlərində əldə edilmiş razılaşmalara dəstəyimizi ifadə edirik” .
Ekspert Elşən Həsənovun sözlərinə görə, bir ara Qarabağda mühariə başlayarsa KTMT-nin Ermənistanın yanında olacağı bəyanatları verən təşkilat bu dəfə geri çəkilməklə münaqişənin sühl yolla həll olunması fikrini bəyan edib: “Bu təşkilat həmişə rəsmi Bakını müharibə variantına əl ata biləcəyindən ehtiyatlanıb Azərbaycana hədə-qorxu gəlirdi. Amma hadisələrin rəsmi Bakının xeyrinə baş verməsi KTMT-nin mövqeyini yumşaltdı. Artıq bu təşkilat dərk edir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanın tutduğu mövqe dünya birlikləri tərəfindən qəbul edilməyəcək. KTMT-nin belə bir mövqeyi Rusiyanın mövqeyidir. Axı bu təşkilat Rusiyanın “NATO”su hesab edilir. Ona görə də münaqişənin həllinin Minsk qrupu çərçivəsində həll olunmasının tərəfdarıdırlar”.
Sabiq dövlət müşaviri Qabil Hüseynli deyib ki, artıq Azərbaycanda Türkiyənin hərbi bazalarının yaradılması prosesinə başlanılmalıdır.
Dağlıq Qarabağ məsələsinin həllinin asan olmayacağını deyən politoloqun sözlərinə görə, Türkiyə Azərbaycanın haqlı davasını sadəcə diplomatik yolla müzakirə etməklə kifayətlənməməlidir:
“Türkiyə Dağlıq Qarabağ problemini açıq şəkildə Rusiyanın qarşısında öz tələblərindən biri kimi qoymalıdır. Yəni Ankara tərəfindən hazırkından da ciddi bir siyasi iradənin nümayiş etdirilməsinə ehtiyac var. Problemin 4 və ya 5-ci məsələ kimi qaldırılması, əlbəttə ki, Rusiya tərəfindən lazımı şəkildə qarşılanmayacaq. Türkiyə aktiv şəkildə Azərbaycanın hərbi cəhətdən güclənməsinə kömək etməli və ordumuzun hazırlanmasında fəallığını artırmalıdır. Xüsusi təyinatlıların hazırlanmasında qardaş ölkənin təcrübəsi böyükdür, ona görə də bu sahədə də ölkəmizə yaxından dəstək verilməlidir.
Türkiyənin bəzi silahları var ki, artıq onların Azərbaycana verilməsi prosesi sürətləndirilməlidir. Ən əsası isə Türkiyə Azərbaycanda, xüsusilə də Naxçıvanda öz hərbi bazasını yaratmalıdır. Hazırda bu prosesin başlanmasına çox böyük ehtiyac var”.
Politoloq bu fonda daha mühüm bir məqama diqqət çəkərək, Türkiyə ilə Azərbaycan arasında hərbi saziş imzalanmasının vacibliyini də vurğulayıb:
“Məhz bu saziş münaqişəni həllini sürətləndirə bilər. Bu saziş özündə tərəflərin bir-birini müdafiə etməsini, Azərbaycana olan hücumun Türkiyəyə və ya əksinə qiymətləndirilməsini ehtiva etməlidir. Zənnimcə, Türkiyə-Azərbaycan münasibətləri yalnız bu inkişaf səviyyəsinə çatdıqdan sonra Ərdoğan Putin qarşısında bütün ciddiyyəti ilə Qarabağ məsələsinin həllini qoya bilər. Çünki Rusiya tərəfi həqiqətən neoimperialist davranışlar sərgiləyir. Türkiyənin öz sözünü deməsi hazırkı proseslərdə sərgilədiyi siyasi iradənin daha da artırılması sayəsində mümkün ola bilər. O üzdən də bundan sonra Dağlıq Qarabağ məsələsi Türkiyə-Rusiya münasibətlərində birinci yerə keçməlidir”.
Politoloq İlqar Vəlizadə isə deyib ki, Dağlıq Qarabağ məsələsinin tənzimlənməsində hansısa bir irəliləyiş baş versə, bu, dərhal Türkiyə-Ermənistan münasibətlərinə də təsir göstərəcək.
Ekspert bildirib ki, Lavrovun ötən il Çavuşoğlu ilə görüşündə Qarabağın tənzimlənməsində Ankaranın iştirakını açıq şəkildə dilə gətirməsi heç də səbəbsiz deyildi:
“Bundan öncə Rusiya bu məsələyə soyuq yanaşırdı, hətta Ermənistan da bunun əleyhinə idi. Ancaq bu məsələ sonradan dəfələrlə Rusiya və Türkiyə prezidentlərinin görüşündə ikitərəfli formatda müzakirə olundu. Əslində, bu təklif Bakı üçün ümidverici idi və 1 il ərzində hansısa gedişatlar gözdən qaçmadı. Nəticələr gizli saxlanılırdı və bunun da səbəbləri bəlli idi. Nəhayət, bir müddət öncə Soçidə Putin-Ərdoğan görüşündə bu məsələ açıqlığa qovuşdu. Bu da düşünməyə imkan verdi ki, artıq Ankara-Moskva formatında müzakirələr aparılır. Nəzərə almaq lazımdır ki, Türkiyə Minsk Qrupunun üzvüdür və prosesdə iştirakı heç də təsadüfi deyil. Digər tərəfdən isə Türkiyə bu və ya digər şəkildə münaqişəyə təsir edən tərəfdir. Ona görə Türkiyənin prosesdə iştirakı praktik əhəmiyyət kəsb edir”.
Politoloq bu fonda Trükiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Bakıya səfərinin xüsusilə diqqət çəkdiyini vurğulayıb:
“Ümumiyyətlə, son illər ərzində Türkiyə xarici işlər nazirinin ATƏT-in Minsk Qrupu ilə ayrıca görüşünə rast gəlinməmişdi. Çavuşoğlunun həmsədrlərlə görüşü göstərir ki, Türkiyə aktiv şəkildə sülh prosesinə qoşulub və bu prosesə Ankaranı konkret Moskva dəvət edib. Hətta bu, həmsədrlər üçün də məqbuldur. Aydındır ki, Türkiyə görüşdə Azərbaycanın mövqeyindən çıxış edib və Bakının tələblərini həmsədrlərə çatdırıb. Əlbəttə ki, burada Türkiyənin öz maraqları da var. Ankara dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ konfliktinin həlli Türkiyənin milli maraqlarına uyğundur. Dağlıq Qarabağ məsələsinin tənzimlənməsində hansısa irəliləyiş baş versə, bu, dərhal Türkiyə-Ermənistan münasibətlərinə də təsir göstərəcək. Rayonların boşaldılması fonunda Türkiyə Ermənistanla sərhədlərin açılmasına müsbət baxa bilər. Bunlar bir-birinə bağlı olan məsələlərdir. Ermənistandan savayı, həmsədr dövlətlər buna isti baxırlar və bütün hallarda bu məsələlərin kompleks şəkildə müzakirəsinə hazır görünürlər. Biz bunu indiki proseslərdə görə bilərik. Düşünürəm ki, bu prosesin məhsuldarlıq əmsalı artsa, Türkiyənin hazırkı aktivliyi münaqişənin tənzimlənməsinə konstruktiv çalarlar gətirəcək. Yəni müzakirələr daha obyektiv şəkildə gedə və konkret nəticələrə gətirib çıxara bilər”.
Qeyd edək ki, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfər edib. M.Çavuşoğlu səfər əsnasında bir sıra mühüm görüşlər keçirərək ATƏT-in Minsk Qrupunun həmsədrləri, Azərbaycan Prezidenti və xarici işlər naziri ilə Dağlıq Qarabağ məsələsini müzakirə edib.
Deputat Araz Əlizadə isə bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin yeganə həll variantı müharibədir. ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona gəlib-getməsinin, Lavrovun bu işlərlə məşğul olmasının heç bir əhəmiyyəti yoxdur.
A.Əlizadə deyib ki, Qarabağ münaqişəsinə dair diplomatik təmaslar başa düşüləndir: “Həmsədrlər regiona gəlir, Sergey Lavrov Bakı və İrəvanda müzakirələr aparır, Ərdoğan və Putin arasında nələrsə müzakirə edilir. Bunla baş versə də, münaqişənin həlli baxımından əhəmiyyətli deyil. Ərdoğan Putinə təsir etmək imkanında deyil. Putin də bilir ki, Ərdoğanın sabah hansı addım atacağı proqnozlaşdırılmır. Bu baxımdan danışıqlar anlaşılsa da, bunun problemin həllinə təsir edəcəyini gözləmirəm”.
ASDP sədrinin sözlərinə görə, Azərbaycan prezidenti Ermənistan prezidenti ilə görüşüb müzakirələr aparır. Burada hər iki tərəfin marağı var: “Azərbaycan danışıqlar prosesinin aktivləşməsinə çalışaraq dünyaya mesaj verir ki, əslində biz müharibə tərəfdarı deyilik və problemin beynəlxalq hüquqa əsasən həllinin tərəfdarıyıq. Erməni tərəfi isə bu görüşlərə qatılmaqla vaxt udmaq və dünyaya göstərməyə çalışır ki, komromis axtarışındadır”.
ASDP sədri qeyd edib ki, nə zamansa problem müharibə yoli ilə həll ediləcək: “Mən deyə bilmərəm ki, müharibə nə zaman olacaq. Ancaq onu deyə bilərəm ki, Azərbaycan müharibəyə tam hazırdır. Bu müharibənin vaxtını isə ancaq Ali Baş Komandan bilir”.
A.Əlizadə daha sonra qeyd edib ki, artıq ermənilər ənənələrinə sadiq qalaraq rusları satıb: “Mən Barselonadan dünən qayıtmışam. Orada “Sosintern”in toplantısı keçirilirdi. Toplantıda çıxış edən Daşnaksütyun Partiyasının sədri Mario Nalbandyan bəyan etdi ki, Ermənistan tarixində mühüm hadisə baş verib, ölkə Avropa Birliyi ilə “Şərq tərəfdaşlığı” layihəsinə uyğun olaraq assiosativ saziş imzalayıb. Onun çıxışından sonra mən söz aldım və üzümü ruslara tutaraq dedim ki, ermənilər ilk öncə İranı, daha sonra Türkiyəni satıblar. İndi sıra Rusiyaya gəlib və artıq ermənilər sizi də Avropaya satdılar. Bildiyiniz kimi, hazırda rus mediası da Ermənistanı ciddi tənqid edir. Dünən NTV kanalında aparıcı Ermənistanı ərinə xəyanət edən qadın kimi təqdim etdi. Bütün bunlar təsadüfi deyil. Mən də hesab edirəm ki, artıq ermənilər rusları satmağa başlayıb”.

Cavid

Bu xəbər oxundu
- - -