Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Tramp Qüdslə bağlı qərarını açıqlayacaq

01.12.17, 10:26
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

ABŞ prezidenti Donald Tramp bir neçə gün ərzində Qüdsü İsrail paytaxtı elan edəcək. Türkiyə KİV xəbər verir ki, bu haqda İsrail mediası yazıb. Bəzi ərəb liderlərinin Vaşinqtona səfərləri “Qüds bazarlığı” kimi şərh edilir. Son olaraq İordaniya kralı Abdullah və Bəhreynin vəliəhd şahzadəsi Salman ibn Hamed Əl-Xəlifə ABŞ-a gedib.
Kral Abdullah Vaşinqtonda ABŞ-ın Yaxın Şərq üzrə yeni sülh planının başında olan Cared Kuşner (Vaşinqton administrasiyasında böyük məsləhətçi və Trampın kürəkənidir - reş.) və ABŞ-da yəhudi lobbisinin nüfuzlu təşkilatı olan AIPAC-ın rəhbərliyi ilə görüşüb. Kral Abdullahdan sonra ABŞ-a səfər edən Salman ibn Hamed Əl-Xəlifə prezident Tramp, dövlət katibi Reks Tillerson, müdafiə naziri Ceyms Mettis və digər səlahiyyətlilərlə danışıqlar aparıb.
Son vaxtlar Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreyn başqa olmaqla, bəzi ərəb ölkələrinin İsraillə yaxınlaşması ABŞ-İsrail-ərəb ölkələri üçbucağında Qüdsün statusu ilə bağlı danışıqların aparıldığına dair şübhələr yaradır. İsrail mediasının ABŞ prezidenti Donald Trampın bir neçə gün ərzində Qüdsü İsrailin paytaxtı elan edəcəyinə dair xəbər də bu şübhələri gücləndirib.
İsrail mediasının bu xəbəri ABŞ-ın vitse-prezidenti Maykl Pensin “Donald Tramp ABŞ-ın İsraildəki səfirliyini Qüdsə (ABŞ səfirliyi hazırda Təl-Əvivdə yerləşir –red.) köçürməkdə qərarlıdır” bəyanatından dərhal sonra verməsi də diqqət çəkir. Ağ Evin bəyanatında isə deyilir ki, səfirliyin köçürülməsi və Qüdsün paytaxt olaraq tanınmasına dair heç bir cədvəl yoxdur.
Noyabrın 29-da İsrail parlamenti fələstinlilərin yaşadığı iki məhəllənin Qüdsdən ayrılmasına qərar verib. Parlamenti 140 min fələstinlinin yaşadığı Şufat Qaçqınlar Düşərgəsi və Kefr Akab məhəllələrinin Qüdsdən ayrılmasına dair qərar layihəsini qəbul edib. Bu qərarla İsrailin inşa etdiyi Ayrım Divarının Qərbi Şeria tərəfində qalan məhəllələrin Qüds sərhədlərindən ayrılması hədəflənir. Divar xaricində qalan bu məhəllələrdə fələstinlilər yaşayır. Beləliklə, 140 min fələstinli Qüds əhalisindən ayrılacaq, şəhərdə yaşayan fələstinlilərin sayı azalacaq.
ABŞ Konqresi 1995-ci ildə Qüdsü İsrailin paytaxtı olaraq tanıyan və Amerika səfirliyinin bu şəhərə daşınmasını nəzərdə tutan qərar qəbul edib. Ancaq həmin tarixdən bu yana ABŞ prezidentlərinin hamısı xarici siyasətdəki səlahiyyətlərindən istifadə edərək səfirliyi Təl-Əvivdə saxlayıb və şəhərin statusu ilə əlaqədar aparılan müzakirələrə dəstək verib. ABŞ-ın yeni prezidenti Donald Trampın sələfi Barak Obama da iki prezidentlik müddətində Qüdsün İsrailin paytaxtı olaraq tanımasını nəzərdə tutan qərarı təsdiqləməyib. Tramp isə seçkiqabağı kampaniyanın gedişatında ABŞ səfirliyini Qüdsə köçürəcəyinə dair vəd verib.
ABŞ Dövlət Departamenti, Pentaqon və kəşfiyyatın ali rəhbərliyinin nümayəndələri Ağ Evi Amerikanın İsraildəki səfirliyini Qüdsə (Yerusəlim) daşımamağa çağırıblar. Diplomatik missiyanın köçürülməsinə qarşı çıxanların fikrincə, belə qərar sülh prosesinə mənfi təsir göstərəcək və regional riskləri artıracaq. Bir neçə gün bundan əvvəl isə Rusiya prezidenti Vladimir Putin paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin yaradılmasını dəstəklədiyini bildirib.
Qeyd edək ki, İsraillə Fələstin arasında ən ciddi mübahisələrdən biri Qüdslə bağlıdır. Hər iki ölkə bu şəhəri müqəddəs sayır və paytaxtı hesab edir. Ekspertlər də hesab edir ki, ABŞ səfirliyinin Qüdsə köçürülməsi Yaxın Şərqdə vəziyyəti daha da pisləşdirəcək.

Bu xəbər oxundu
- - -