Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Asiyanın Qəlbi” Bakıda döyündü

01.12.17, 10:19
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"Azərbaycan "Asiyanın Qəlbi” - İstanbul Prosesi dialoq və əməkdaşlığın əhəmiyyətli prosesi kimi görür. Bu proses Əfqanıstanın inkişafına töhfə verəcək".
Bunu dünən Azərbaycan prezidenti İlham Əliyev Bakıda “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda keçirilən Nazirlər Konfransında çıxışı zamanı bildirib.
Dövlət başçısı deyib ki, Azərbaycan Əfqanıstanın inkişafına töhfə verib: "Beynəlxalq səviyyədə sərhədlərin tanınması və qorunması regional təhlükəsizliyin əsas şərti, dünyada təhlükəsizliyi təmin edən amildir. Bu, “Asiyanın Qəlbi” - İstanbul Prosesinin də əsasını təşkil edir və nazirlərin bəyanatında da əksini tapıb".


"Status-kvo dəyişməlidir”


Prezident İlham Əliyev Azərbaycan ərazilərinin 1/5-inin işğal olunduğunu bildirib və qeyd edib ki, Ermənistan işğal olunmuş ərazilərdə etnik təmizləmə həyata keçirib.
Dövlət başçısı deyib ki, ATƏT iki dəfə işğal olunmuş ərazilərə missiya göndərib: "Bizim yaşayış məntəqələri, məscidlər dağıdılıb. Status-kvo dəyişməlidir, həmsədrlər də bunu dəfələrlə vurğulayıblar. Dağlıq Qarabağ münaqişəsi BMT Təhlükəsizlik Şurasının qətnamələri, beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır".
Prezident İlham Əliyev qeyd edib ki, Əfqanıstanın təhlükəsizliyi ümumən regionda təhlükəsizliyə xidmət edəcək: "Biz Əfqanıstanın üzləşdiyi təhlükəsizlik təhdidlərinə də cavab verməliyik. Azərbaycan Əfqanıstanla təcrübəsini ikitərəfli müstəvidə də paylaşmağa hazırdır. Biz öz silahlı qüvvələrimiz, təlimlər vasitəsi ilə də Əfqanıstana dəstək oluruq".
Prezident İlham Əliyev bildirib ki, Bakı-Tbilisi-Qars, Şimal-Cənub Nəqliyyat Dəhlizi Əfqanıstanın dünya bazarına çıxmasına, əfqan mallarının Avropa bazarlarına daha qısa yolla çıxmasına imkan verəcək.
Dövlət başçısı deyib ki, Azərbaycan Əfqanıstan üçün müxtəlif imkanların yaradılmasından məmnundur: "Biz Əfqanıstanı ticarət, nəqliyyat üçün əsas mərkəz kimi görürük. Əfqanıstanla əməkdaşlıq yalnız iqtisadi əməkdaşlıqdan ibarət deyil, təhlükəsizlik sahəsində də əməkdaşlıq vacibdir. “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” tədbiri iki məsələ üzrə əməkdaşlığa xidmət edəcək. Biz inanırıq ki, Əfqanıstan regionda ticarət və nəqliyyat layihələrində mühüm rol oynayacaq. Əfqanıstanın 2018-2025-ci ildə qarşıya qoyduğu məqsədlərə çatacağına inanırıq. Biz Əfqanıstana töhfə verməyə hazırıq. Dost və qardaş Əfqanıstana firavan və xoşbəxt gələcək arzulayıram".

“İstanbul prosesi daha geniş əməkdaşlığa imkan yaradır”


Əfqanıstanın xarici işlər naziri Salahuddin Rabbani öz çıxışında “Asiyanın Qəlbi” - İstanbul Prosesi"nin 7-ci nazirlər toplantısına ev sahibliyi etdiyi üçün Azərbaycana təşəkkür edib.
O, növbəti konfransın gələn il Türkiyədə keçiriləcəyini xatırladıb: "İstanbul prosesi 2011-ci ildən başlayıb. Bunun məqsədi Əfqanıstanda və Asiyada sülhü təşviq etmək üçün öhdəliyimizi müəyyənləşdirməkdir. Bu proses daha geniş regional əməkdaşlığa imkan yaradır. Proses Əfqanıstan və regionda terror və digər təhdidlərlə mübarizə aparmağa kömək edəcək. Biz regionun inkişafına yol açacaq dəmiryol layihələrinin salınması və ticarət əlaqələrinin artırılmasını alqışlayırıq".


"Azərbaycan prezidentinin bəyanatını alqışlayırıq"

Əfqanıstan prezidenti Əşrəf Qəni isə öz çıxışında bildirib ki, Azərbaycan prezidentinin rəhbərliyi ilə Şimal-Cənub dəhlizinin açılması istiqamətində görülən işləri yüksək qiymətləndiririk: “Bu, "Lyapis Lazur" nəqliyyat xəttinə qoşulmaq imkanı yaradır, regional və qlobal səviyyədə bağlantılara xidmət edir. Azərbaycan əsgərləri bizim təhlükəsizliyimizə töhfə verir və biz Azərbaycan prezidentinin müdafiə sahəsində dəstəyin artırılmasına dair bəyanatını alqışlayırıq.
Azərbaycanda ÜDM-in 5,3 faizdən 2017-ci ilə qədər 5 qat artması sabitlik və firavanlığın təmin olunmasında əsas şərtdir. Siz bizə texniki yardımın ən yaxşı formasını təklif edirsiniz. İnvestisiyaların qarşılıqlı müdafiəsi və digər sahələrdə sazişlərin imzalanmasını səbirsizliklə gözləyirəm".
Əfqanıstanın dövlət başçısı ABŞ-ın Əfqanıstana terrorla mübarizədə dəstək verdiyini deyib: “Bu, onu göstərir ki, “Taliban” terror təşkilatının gələcəyi yoxdur və məğlub olacaq".
O bildirib ki, uzun müddət transmilli qüvvələr bəzi dövlətlər üzərində hökmranlıq etmək üçün müxtəlif vasitələrdən istifadə edib: “Biz bu problemin həlli üçün yorulmadan çalışır, Əfqanıstanı Asiyanın qəlbi, bu qitənin iqtisadi qapısına çevirmək üçün irəliləyirik.
Əfqanıstan terrorizmlə mübarizədə BMT-nin müvafiq sənədlərinə əməl edir".
Terrorun beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdid olduğunu vurğulayan Əşrəf Qəni deyib ki, bu, yalnız Əfqanıstanın problemi deyil: “Bu, dövlətlərin birləşməsi üçün əsas şərtdir. Son vaxtlarda İŞİD-in Əfqanıstanda da yayılmasının qarşısı alınır. Doqquz əyalət İŞİD-in işğalından azad olunub. Bu sahədə səylər artırılmalıdır. Tərəfləri regionda daha çox tərəfdaşlığa çağırırıq".

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizin uzun müddətdir, qonşu Ermənistanın təcavüzündən əziyyət çəkdiyini deyib.
Nazir qeyd edib ki, Azərbaycan sülhə önəm verir.
"Münaqişələrin beynəlxalq hüququn norma və prinsiplərinə əsasən həllini dəstəkləyirik", - deyə o qeyd edib.
Elmar Məmmədyarov bildirib ki, Asiyanın ürəyi - İstanbul prosesi sülh və təhlükəsizliyin həm Əfqanıstan, həm də regionda təminatı üçün bir platformadır.
O deyib ki, Azərbaycan müxtəlif platformalarda Əfqanıstana dəstək verməyə davam edəcək: "Təhlükəsizliyin təmin olunduğu Əfqanıstan regionun gələcəyinə töhfə verə bilər. Azərbaycan elektron hökumət, dövlət xidmətlərinin möhkəmlənməsi və informasiya-kommunikasiya texnologiyaları sahələrində Əfqanıstan üçün təlimlər təşkil edib. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılması və "Lyapis Lazur" xəttinin istifadəyə verilməsi bu regionda yüklərin daha sürətlə daşınmasına yol açır. "Lyapis Lazur" sazişi yalnız Əfqanıstanı Avropa bazarına yaxınlaşdırmayacaq, həm də beynəlxalq əməkdaşlığa xidmət edəcək".


“Əsas şərt effektiv regional əməkdaşlıqdır”


Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu qeyd edib ki, effektiv regional əməkdaşlıq Əfqanıstanda sabitlik və sülhü təmin etmək üçün əsas şərtdir: “Biz güclərimizi birləşdirərək Əfqanıstana dəstək niyyətimizi 7 il öncə bəyan etmişik. İstanbul prosesi dərin köklərə malikdir. Lakin deyə bilmərik ki, siyasi dialoq istənilən səviyyədədir. Biz ortaq maraqları təşviq etməliyik. Terrorizm, illeqallaşma, narkotiklərin qanunsuz daşınması hər bir ölkə üçün təhdiddir. Region ölkələri olaraq daim dialoqu təşkil etməliyik”, - deyə o vurğulayıb.
Nazir qeyd edib ki, Türkiyə Əfqanıstanla prioritet sahələrdə əməkdaşlıq etməyə hazırdır: “Biz Əfqanıstanı qonşuları ilə əməkdaşlıq etməyə hazır ölkə kimi görürük. Biz Əfqanıstana dəstəyimizi davam etdirəcəyik”.

“Əfqanıstanda sülhə nail olmaq üçün çalışmalıyıq”

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib ki, Əfqanıstan son illərdə bır sıra nailiyyətlər əldə edib: “Lakin xarici qüvvələrin, İŞİD-in təhdidi ilə üzləşib. İŞİD təhlükəli niyyətlərə malikdir. Bu isə bizim birgə səylərimizi tələb edir. Bu problemin həlli ölkələrin birdə səyləri nəticəsində mümkündür. Münaqişə hərbi yolla həll oluna bilməz. Müfəssəl və inklüziv strategiya lazımdır. İnklüziv strategiya olmasa, davamlı sülhə nail olmaq mümkün deyil. Çalışmalıyıq ki, Əfqanıstanda sülhə nail olunsun”.
Zərif əlavə edib ki, İran Əfqanıstanla narkotiklərin Avropaya daşınmasının qarşısının alınmasında əməkdaşlıq edir: “Çalışmalıyıq ki, problemi kökündə həll edək. Əhalimizi bu ölümcül maddələrin qurbanı olmaqdan qoruyaq. Bunun üçün həm də Əfqanıstanın iqtisadi potensialını genişləndirməliyik. Hazırda malların İran vasitəsi ilə daşınması və Çabahar limanına çatdırılması istiqamətində işlər gedir. Həmçinin dəmiryollarının inkişafına dair təşəbbüslər də var. Bu, Əfqanıstanın beynəlxalq limanlara çıxışını artıracaq. İran Əfqanıstanın yanındadır və sabit Əfqanıstanın qurulmasında bu ölkəni dəstəkləyir”.

"Əsas məqsədimiz Əfqanıstanda sabit gələcək qurmaqdır"

Hindistanın xarici işlər üzrə dövlət naziri Mobaşar Caved Akbar deyib ki, Asiyanın Qəlbi prosesi Əfqanıstan və regionda problemləri müzakirə etmək üçün əla müstəvidir.
O bildirib ki, Əfqanıstandakı böhran sülh yolu ilə həll olunmalıdır: "Bizim əsas məqsədimiz Əfqanıstanda sabit gələcək qurmaqdır. Terrorla mübarizə üçün iqisadi imkanları artırmalıyıq. Sərhədlərdə maneələrin qaldırılması buna xidmət edəcək. Tranzit və nəqliyyat sazişləri regional əməkdaşlıq prosesinə qatılmağa kömək edəcək".

“Taliban”la siyasi dialoq İŞİD-lə mübarizədə kömək edəcək”

Pakistanın xarici işlər naziri Xavaca Məhəmməd Asif isə çıxışında deyib ki, "Asiyanın qəlbi-İstanbul prosesi" mənalı dialoq üçün səmərəli müstəvidir: “Əfqanıstanda sülh və sabitlik region üçün əhəmiyyətlidir".
Pakistanın qonşu Əfqanıstanın məruz qaldığı terror hücumlarından narahatlığını ifadə edən nazir qeyd edib ki, Pakistan bu problemin həlli üçün bütün təşəbbüslərə dəstək verəcək: "Əsas məsələ nəzarətsiz ərazilər üzərində nəzarətin gücləndirilməsidir. Bu ərazilərin nəzarətsiz qalması qonşu ölkələrə təhlükə törədir. Terror qrupları region ölkələr üçün ciddi problemdir".
O bildirib ki, Pakistan həmişə Əfqanıstana dəstək verir: "Əfqanıstandan narkotiklərin qanunsuz daşınması davamlı sülhə mane olan ən mühüm problemdir. “Taliban”la siyasi dialoq İŞİD-lə mübarizədə kömək edəcək".

Bu xəbər oxundu
- - -