Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Pedro Enrike: “Belə şey ağlımdan keçmir”

01.12.17, 12:05
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Qarabağ”ın braziliyalı futbolçusu Pedro Enrike ölkəsinin mətbuatına müsahibə verib

- Bu vaxta qədər Avropanın bir neçə ölkəsində futbol oynamısız. Hansı daha çox ürəyinizcə olub?
- “Renn”lə bağlı çox yaxşı təəssüratım qalıb. Yunanıstanın PAOK klubu da müasir, yaxşı şərtlərə malikdi. Futbolçuların inkişafı üçün hər cür şərait var. “Qarabağ”ın da bazası yaxşıdı. Amma hesab edirəm ki, infrastruktur baxımından “Renn” daha yaxşı idi.
- “Qarabağ” Çempionlar Liqasının qrupunda oynayan ilk Azərbaycan komandasıdı. Siz klubun bu turnirdəki ilk qoluna imza atmısız...
- Mənim üçün xüsusi qol idi. Əfsuslar olsun ki, “Roma” ilə görüşdə qələbə qazana bilmədik. Bununla belə, stadionun tam dolması, 70 min azarkeşin oyunu izləməsi fərqli hisslər idi. Bu, karyeramın ən vacib məqamlarından biri idi. O oyunu heç vaxt unutmayacam.
- “Qarabağ” planetin ən güclü komandalarından olan “Atletiko” ilə 2 dəfə heç-heçə etdi. Bunun sirrini açıqlaya bilərsiz?
- Həmin oyunlar bu vaxta qədər keçirdiyimiz ən yaxşı matçlar idi. “Atletiko” Bakıya qələbə dalınca gəlmişdi. Amma biz ağıllı oynadıq. Cavab matçında daha yaxşı şans əldə etmişdik. Hesabı açdıq, hətta fərqi ikiyə çatdıra və bununla da oyunu bitirə bilərdik. Amma bu məqamda rəqib qapımıza çox gözəl qol vurdu. Ardınca mən meydandan kənarlaşdırıldım. Fikrimcə, bu, haqsız qərar idi. Havada topu saxlamağa çalışarkən, Dieqo Qodin başını uzatdı və nəticədə yerdə qaldı. Təcrübəli futbolçu olduğu üçün həmin məqamdan faydalandı və hakim də mənə qırmızı vərəqə göstərdi. Halbuki bu, Çempionlar Liqasında ən yaxşı oyunum idi. Komanda şəklində həmin gün əla təsir bağışlayırdıq. Xoşbəxtlikdən, azlıqda qaldıqdan sonra komandamız ikinci topu buraxmadı. Belə olmasaydı, özümü günahkar hesab edəcəkdim. Amma bunlar futbolun bir hissəsidi. UEFA belə məqamlara qarşı çox ciddidi. Çempionlar Liqası mənim üçün bitdi. Bununla belə, qrupun 4 oyununda iştirak etdiyim üçün şadam. Çempionlar Liqası fərqli turnirdə və başqa atmosferdi. Təbii ki, böyük komandalarla keçirdiyimiz oyunları heç vaxt unutmayacağıq.
- Necə düşünürsüz, “Qarabağ” gələn il də Çempionlar Liqasında iştirakı arzulaya bilərmi?
- Niyə də yox? Son 4-5 ildə “Qarabağ” Azərbaycanda bütün titulları qazanıb. Bir də Çempionlar Liqasına gedən yol digər ölkələrlə müqayisədə fərqlənir. Çünki qrupa düşənə qədər 3 təsnifat mərhələsini keçmək lazımdı. Klubun ən azı Avropa Liqasında oynaması ilə bağlı mentaliteti var. Gəlib bu cür təşkilatlanmış klub görəndə təəccübləndim. Fikrimcə, bu cür klub daim Avropada təmsil olunmağa layiqdi.
- Karyeranızı başqa komandada davam etdirməyiniz mümkündü?
- PAOK ilə 2020-ci ilin iyun ayına qədər müqaviləm var. “Qarabağ”da isə gələn ilin mayına qədər icarə əsasında çıxış edəcəm. İndidən konkret bir söz deyə bilmərəm. Hər şey PAOK rəhbərliyindən asılıdı. Deidyim kimi, onlarla müqaviləm qüvvədədi. Vaxtı çatanda bu məsələni müzakirə edəcəyik.
- Azərbaycan çempionatı haqda hansı fikirdəsiz?
- Hətta zəif komandaların heyətində də legionerlər var. Çempionatda cəmi bir neçə oyunda iştirak etmişəm. Çünki baş məşqçi heyətlə bağlı rotasiyalar edir. O, ən güclü heyəti Çempionlar Liqasında oynadır. Buna görə də, Azərbaycan Premyer Liqasında çox matç keçirmək şansım olmayıb. Amma oynadığım görüşlərə əsasən deyə bilərəm ki, burda texniki futbola üstünlük verilir. Diqqətimi çəkən digər məqam isə burda sintetik meydanların çoxluğudu.
- Azərbaycanlı azarkeşlər haqda nə deyə bilərsiz?
- İki fərqli halın şahidi oluruq. Çempionlar Liqasının qrupundakı oyunlarımızı təxminən 70 minlik tutumu olan Olimpiya stadionunda keçiririk. Həmin görüşlərdə Azərbaycanın digər komandalarının azarkeşləri də “Qarabağ”a dəstək olurlar. Çempionat matçlarında isə az azarkeş olur. “Qarabağ”ın kiçik, amma müasir şərtlərə cavab verən stadionu var. Həmin arenada məhz çempionat matçlarımızı keçiririk. Ən yaxşı halda 3-4 min insan gəlir. Amma biz bunu yüksək qiymətləndiririk. Fanatlarımız gənc və ehtiraslıdılar. Sosial şəbəkələrdə bizə yazılanlardan da başa düşürük ki, nümunə olmalı, özümüzü həm yaxşı futbolçu, həm də yaxşı insan kimi göstərməliyik.
- Dünya çempionatında oynamağı arzulayırsızmı? Braziliya yığmasında sizə yer olmadığını düşünürsüzsə, milliləşdirilmiş futbolçu olmağa razılaşarsız?
- Mən braziliyalıyam. Ölkəmdə futbolçu sayı və keyfiyyəti adi deyil. “Çelsi”də Mançester və ya Madrid klublarında çıxış edə, amma Braziliya yığmasından kənarda qala bilərsiz. Bu cür nümunələr çox olub. Milliləşdirilmiş futbolçu kimi digər komandada çıxış etməyi isə düşünmürəm. Bu vaxta qədər Avropanın heç bir ölkəsində 5 il yaşamamışam. Bir sözlə, belə şey ağlımdan keçmir.

Bu xəbər oxundu
- - -