Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Lvovda Məhəmmədsadıq bəy Ağabəyzadənin qəbirüstü abidəsi bərpa olunub

01.12.17, 12:28
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) daxili işlər nazirinin müavini olmuş general-mayor Məhəmmədsadıq bəy Ağabəyzadənin Ukraynanın Lvov şəhəri qəbiristanlığındakı qəbirüstü abidəsinin yenidən qurulmasından sonra açılış mərasimi olub.
Azərbaycanın Ukraynadakı səfirliyindən verilən məlumata görə, səfirliyin təşəbbüsü və Azərbaycan Daxili İşlər Nazirliyinin rəhbərliyinin dəstəyi ilə Məhəmmədsadıq bəy Ağabəyzadənin Lvovda baxımsız vəziyyətdə qalan abidəsi yenidən qurulub.
Açılış mərasimində Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev, diaspor fəalları və Lvov şəhərinin ictimai fəalları iştirak ediblər.
Bu abidənin Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə töhfə olduğunu deyən səfir A. Xudiyev bildirib ki, Məhəmmədsadıq bəy Ağabəyzadənin həm peşəkar hərbçi, həm alim kimi Azərbaycan dövləti, xalqı qarşısında böyük xidmətləri olub: “Bu cür şəxsiyyətlərin adının əbədiləşdirilməsi olduqca önəmlidir. Ağabəyzadə ömrünün bir hissəsini Lvov şəhərində yaşayıb və burada da dəfn olunub. O 1927-ci ildən Lvov universitetinin fəlsəfə fakültəsində işləyib, türk, fars və ərəb dillərini tədris edib. Tanınmış şərqşünaslar, alimlər Teofil Volodarski, Olqa Bak, Tadeuş Levitsin, Ziqmunt Smoqojevski, Kotviç və başqaları həmyerlimiz, general-professor Məhəmmədsadıq bəy Ağabəyzadənin yetirmələri olub”.
Xatırladaq ki, Məhəmmədsadıq bəy Ağabəyzadə 1865-ci il mart ayının 15-də Bakı quberniyasının Göyçay şəhərində dünyaya gəlib. 1918-ci ilin 23 oktyabrında Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə Məhəmmədsadıq bəy daxili işlər nazirinin müavini vəzifəsinə təyin edilib. Bu vəzifədə o, 1919-cu ilin dekabr ayına qədər fəaliyyət göstərib.
1927-ci ilin fevral ayında Lvov şəhərinə köçüb. Faşist işğalı zamanı almanlar qocaman alimi öz mənzilindən çıxarıblar. O, pis qızdırılan yerdə yaşamalı olub. 9 oktyabr 1944-cü ildə Lvov azad ediləndən sonra , Məhəmmədsadıq bəy Ağabəyzadə vəfat edib.

Bu xəbər oxundu
- - -