Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Azərbaycanda dəvəçiliyin qədim ənənələri var

04.12.17, 7:27
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Qədim İpək yolunun Cənubi Qafqazdan keçməsi, Azərbaycanın da bu karvan yolunun üstündə yerləşməsi buranın qədim sakinləri olan Azərbaycan türklərinin xalq mədəniyyətində, o cümlədən folklorunda dərin izlər buraxıb. Keçmişdə bu ticari əlaqələr dəvə karvanları vasitəsi ilə həyata keçirildiyindən nəinki dəvə və dəvəçilik Azərbaycanda geniş yayılıb, Azərbaycanın toponimikasında özünə möhkəm yer eləyib, həm də şifahi xalq ədəbiyyatımızda bir çox deyimlər, atalar sözləri, rəva-yətlər şəklində vətəndaşlıq qazanıb.
Xalq arasındakı “Dəvə kimi kinlidir”, “Dəvəsi ölmüş ərəb”, “Allah dəvəyə qanad versəydi, uçmamış dam qalmazdı”, “Övladda nəvə, dövlətdə dəvə”, “Dəvənin ovsarbağını eşşəyin quyruğuna bağlamazlar”, “Dəvədən böyük fil var”, “Dəvə-dəvə danışmaq”, “Dəvə dəlləklik edər köhnə hamam içində”, “Dəvənin də dərdi dəvə boydadır”, “Dəvəni toya çağırdılar, dedi ya suya göndərəcəklər, ya da oduna” və s. onlarla deyim, bu deyimlərin arxasında duran rəvayətlər onları yaradan xalqın nəinki mənəvi-əxlaqi dəyərlərinin güzgüsüdür, həm də dəvə və dəvəçiliyə verilən bu önəm Qafqazda türklərin böyük ticari və iqtisadi mədəniyyətə malik olduqlarını təsdiq edir.
Buna görə də Qafqazda dəvəçiliyin tarixi həm də burada qədimdən yaşayan Azərbaycan türklərinin ticari əlaqələrinin tarixidir. Ümumiyyətlə, dəvənin əhilləşdirilməsi tarixi, tədqiqatçıların fikrincə, eramızdan üç min il əvvələ – Eneolit və Tunc dövrünün aşağı hissəsinə gedib çıxır. İki hörgüclü dəvənin Türkmənistanın cənubunda əhilləşdirildiyi elm adamları tərəfindən yekdilliklə irəli sürülür. Belə ki, eramızdan əvvəl IV minilliyin axırlarına aid Türkmənistanın Anay və Konsuyur, Cənubi Azərbaycanın Şahtəpə adlanan yerlərindən iki hörgüclü dəvənin sümükləri tapılıb. Bunlar həmin cinsin ev heyvanı olması haqqında ən qədim məlumatlardır. Arxeoloji tapıntılar eradan əvvəl III minilliyin sonu, II minilliyin başlanğıcında Ön Qafqazda iki hörgüclü dəvə cinsinin geniş yayıldığını təsdiq edir.
Ancaq maraqlı bir cəhət odur ki, bir hörgüclü dəvənin vətəni Şimali Afrika və Ərəbistan hesab olunsa da, indiki Qərbi Azərbaycan ərazisində – Oğuznamələrdə adı tez-tez çəkilən, Əbubəkr Tehraniyə görə, həm Oğuz xanın, həm Bayandur xanın, həm də Sunqur xanın məzarlarının uyuduğu qədim Göyçə gölünün ətrafından da bir hörgüclü dəvənin alt çənəsi tapılıb və onun eradan üç min il əvvələ aid olduğu alimlər tərəfindən müəyyən edilib.
Dəvələrin belə erkən, hətta atlardan min il əvvəl əhilləşdirilməsinin, bir çox alimlərin fikrinə görə, insan tərəfindən əhilləşdirilən ən qədim heyvan olmasının özünün də ciddi səbəbləri olub. Belə ki, dünyanın səhra və yarımsəhra ölkələrində dəvə tarixən insanların ən mühüm istehlak tələbatını ödəməklə yanaşı, həm də yük daşımaq vasitəsi olmuş, “səhra gəmisi” adlandırılıb. Belə ki, başqa ev heyvanlarına nisbətən dəvələr qat-qat artıq yük götürmək qabiliyyətinə malikdirlər. Orta çəkisi 300-500 kq olan dəvə 100 kiloqramlarla yükü heç bir çətinlik çəkmədən mənzil başına daşıya bilir. Orta hesabla 400-500 kq yük götürən dəvə gün ərzində 90-100 km yol gedir. Lakin nər daha çox yük götürür. Dəvə ilə bağlı bir zərb-məsəldə deyilir: “Nər yükünü nər çəkər”. Pəsərək dəvə isə güc cəhətdən əvəzedilməz hesab olunur. Dəvəçilər demiş: “Nəri yoran yükü pəsərək çəkər”.
XVII əsrdə Azərbaycanda olmuş alman səyyahı Adam Olearinin buranın dəvəçiliyi haqqındakı məlumatı da maraqlıdır. Dəvənin hətta ələ öyrədilməsi, yatırdılması qaydasına qədər məlumat verən müəllif dəvələrin buğur, buğura, maya, nər, lök kimi cins və s. növlərindən də bəhs edib. Səyyah nərin ən güclü dəvə olduğunu, hətta bir tona qədər yük götürə bildiyini göstərir. Adam Oleari Azərbaycanda boyca kiçik, at kimi çevik, hətta atdan bərk qaçan dəvələr olduğunu bildirir. Bu dəvələri azərbaycanlıların “Yel dəvəsi” adlandırdığını qeyd edir.
Qobustanda Böyükdaş adlanan sahədə qayalarda təsvir olunmuş karvan və dəvə rəsmləri ta qədimdən dəvənin ölkəmizdə nəqliyyat vasitəsi olduğunu sübut edir. Azərbaycanın tranzit ticarəti dəmir yolunun meydana çıxmasına qədər dəvə karvanı üzərində qurulmuşdu və “karvan ticarəti” adlanırdı. Dəvələr min illər ərzində nəinki ətçiliyin, südçülüyün, toxuculuğun inkişafına kömək etmiş, həm də və ilk növbədə ticarətin güclənməsinə, iqtisadi və mədəni əlaqələrin artmasına, əhalinin miqrasiyasına böyük təkan verib.
Təddqiqatçılar dəvənin ev heyvanına çevrilməsi və yayılmasını türk mədəniyyətinin nailiyyəti hesab edirlər. Monqollar və çinlilər də dəvə ilə ilk dəfə türklər vasitəsilə tanış olublar. Avropa xalqlarından macarlar və serblərdə, Qafqaz xalqlarından osetinlərdə də dəvə termini türkcədir. Respublikamızın ərazisində tunc dövrünə aid tapılan dəvə fiqur və bəzəkləri qədimlərdən əhalinin məişətində dəvəçiliyin mühüm sahə olduğunu göstərir. Füzuli rayonunun Qarabulaq kəndi yaxınlığında eramızdan əvvəl ikinci minilliyin sonuna aid kurqanda bəzədilib qəbilə başçısı ilə bir yerdə dəfn olunmuş iki dəvə qalığı tapılıb ki, bu da dəvənin hələ o dövrlərdən müqəddəsləşdiyini göstərir. Dəvələrin müqəddəsləşdirilməsi ilə bağlı Azərbaycan folklorunda çoxlu inanclar var. Belə ki, dəvənin bir tikə yununu parçaya büküb dua əvəzinə uşağın paltarına tikər və inanardılar ki, bu, uşağı qan-qadadan, xəstəliklərdən qoruyacaq. Elə bu səbəbdən də dəvə yunundan heç vaxt corab və palaz toxunmaz, döşək və keçə salınmazdı. Çünki inanca görə, dəvə yunu tapdanmamalı idi.
Şərq xalqları arasında mövcud olan bir inama görə, dəvə günəşdən yaranıb. Digər inamda isə dəvə ilə insanın bir torpaqdan yoğrulmuş palçığın müxtəlif hissələrindən yarandığından bəhs edilir. Ağ dəvə isə müqəddəslik və xeyirxahlıq simvolu hesab olunur. Azərbaycan ərazisində qayalara dəvə rəsmlərinin çəkilməsi, dəvə heykəllərinin qoyulması, pirlərin yaranması onun hələ uzaq keçmişlərdən müqəd-dəsləşdiyinin göstəricisidir. Dəvəçi əhalinin inamına görə, dəvə əti ruhu təmizləyir, onu qoruyur, dünyaya övlad gətirilməsinə kömək edir. Dəvə sümüyü isə sehrli müalicə təsirinə malikdir. Körpələri bədnəzərdən qorumaq, psixi xəstə uşaqların ruhundan qorxunu çıxarmaq üçün üstünə dəvə tükü tikirlər.
Xalq təbabətində dəvə məhsulları digər ev heyvanlarının məhsulları ilə müqayisədə daha böyük əhəmiyyət daşıyır. Dəvə əti bədənə istilik verir, bədən orqanlarını qüvvətləndirir, sarılıq, şəkərli diabet xəstəliklərində təsirli dərman kimi istifadə olunur. Dəvə yunu xalq təbabətində ən çox işlədilən məhsullardan hesab olunur. Yunu yandırıb külünü yaraya qoymaqla qanaxmanı dayandırırlar. Revmatizm xəstəliyi olan adamlar dəvə yunundan toxunmuş paltar geyməklə bədənlərində olan ağrının azalmasına nail olurlar. Dəvə südü göy öskürək, boğaz ağrısı, vərəm, mədə-bağırsaq xəstəliklərinin müalicəsində əvəzsiz hesab olunur. Dəvə iliyi və hörgücünün yağı qüvvətli müalicə təsirinə malikdir. Onun südündən hazırlanmış yağdan kosmetik xəstəliklərin müfalicəsində istifadə olunur.
Dəvənin müqəddəsləşdirilməsində məhsullarının müalicə əhəmiyyəti ilə yanaşı, onun hissiyatı, insana münasibəti də mühüm rol oynayıb. O, çox hissiyyatlı heyvandır, ona göstərilən mehribanlıq və kobudluq heç vaxt əvəzsiz qalmır. Sahibi ilə arasında səmimiyyət olduqda dəvə həmişə onun göstərişini könüllü yerinə yetirir. Təsadüfi deyil ki, ən kinli adamı ancaq dəvə ilə müqayisə edir, “filankəsdə dəvə kini var” deyirlər. Kobudluğa qarşı isə çox kinli olan dəvə gözünə vuranda daha çox amansız olur. Elə ki, dəvə kin bəslədi, ömrü boyu intiqam hissi ilə yaşayır, fürsət düşən kimi kin saxladığı adamı öldürür və cənazə ətrafında cövlan edir, şadlanır. Lakin dəvələr həm də ədalətli olurlar. Bəzən erkək dəvə qızanda səhvən adamı da öldürür. Bu zaman onlar tez səhvlərini duyur, baş götürüb, hadisə yerindən qaçırlar. Belə hallarda dəvələr çox peşman olur, hətta kədərdən ölürlər. Sahibi ölən dəvə ağlayaraq göz yaşları tökür. Örüşdə olan dəvə ailəyə üz verən kədəri duyur, qapıya gəlir və ağlayır.
Müharibələr zamanı dəvələrdən istifadə olunmasına dair tarixdə xeyli faktlar var. Belə müharibələrdə dəvələr hətta bir çox döyüşlərin taleyinə həlledici təsir göstərib. 1389-cu ildə Anselman döyüşündə türklər birləşmiş slavyan qoşunlarına qarşı meydana döyüş dəvələri çıxarmışdılar. Teymurləng Hindistana hücumu zamanı döyüş fillərinə qarşı dəvələrdən istifadə etmiş və həmin döyüşdə qalib gəlmişdi. Tarixi-etnoqrafik baxımdan, Azərbaycanda dəvəçilik haqqında ətraflı məlumat verən ilk mükəmməl yazılı abidə “Kitabi Dədə Qorqud” dastanıdır. Dastan Azərbaycan xalqının məişətində dəvəçiliyin mövqeyini, mövcud olmuş dəvə cinslərini, onunla bağlı inam və etiqadları öyrənmək üçün geniş imkan verən qiymətli mənbədir.
Dəvəçiliyin insan həyatında xüsusi önəm daşımasının səbəblərindən biri də onun aclığa, susuzluğa dözümlülüyü, uzun müddət susuz qala bilməsidir. Dəvələr bir dəfəyə 200 litrə qədər su içə bilir və bundan sonra bir həftə suya yaxın getmir. Dəvələr nə olsa yeyir, həmçinin dodaqları və ağız boşluğunu zədələmədən tikan da yeyə bilirlər. Dəvə çox fəhmli heyvandır, o, bir dəfə keçdiyi yolu ömrü boyu çaşdırmır. Dəvənin bu keyfiyyəti haqqında yaranmış xalq məsəlində bu, çox dəqiqliklə ifadə olunub: “Dəvə asta gedər, çox gedər”. Görmə qabiliyyəti güclü olan dəvə örüşdə ona lazım olan otu seçib, ancaq öz payını götürür. Hətta ac olanda belə bitkini bütöv yemir, ondan müəyyən hissəni qoparmaqla kifayətlənir. Susuz dəvələr 60-70 kilometrlik məsafədə suyun olduğu səmti asanlıqla duyub tapırlar. Dəvə həmçinin yüksək keyfiyyətli süd məhsulları verir. Onun südü yüksək bakterisidlik xassəsinə malik olduğundan onu 2-3 gün adi hava şəraitində saxladıqda belə çürümür. Dəvə ildə bir dəfə – mart-aprel aylarında qırxılır. Maksimum yun göstəricisi 21 kq-dır. Onun yunu qoyunun zərif yunundan da qiymətlidir. Qaramal gönü ilə müqayisədə dəvə gönü dabbaqçılıqda daha yüksək qiymətləndirilir. Azərbaycan zərgərlik sənətində dəvə sümüyü tarixən qiymətli material olmuşdur. Dəvə sümüyündən hazırlanmış təsbeh, qadın boyunbağısı və muncuqları əhali tərəfindən həmişə bəyənilib.

Əziz Ələkbərli
Filologiya üzrə fəlsəfə doktoru

Bu xəbər oxundu
- - -