Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İordaniya ABŞ-ı Yerusəlimi İsrailin paytaxtı olaraq tanımamağa çağırıb

04.12.17, 10:33
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İordaniyanın xarici işlər naziri Ayman Safadi ABŞ-ın Yerusəlim (ərəbcə: Qüds) şəhərinin İsrailin paytaxtı olaraq tanıdığı halda "təhlükləli nəticələr"in baş verəcəyini deyib. O, bu cür hərəkətə ərəb və müsəlman dünyasında qəzəbli reaksiya olacağını ABŞ dövlət katibi Reks Tillersona telefon zəngində bildirdiyini deyib. Son zamanlar spekulyasiya yaranıb ki, ABŞ prezidenti Donald Tramp seçki kampaniyasında vəd etdiyi kimi Yerusəlimi İsrailin paytaxtı olaraq tanımağa hazırlaşır.
Donald Trampın kürəkəni Jared Kuşner hələlik bu barədə heç bir qərarın verilmədiyini bildirib. ABŞ Dövlət Departamentindən bununla bağlı rəsmi reaksiya olmayıb. Fələstin Ərazilərinin prezidenti Mahmud Abbas ehtimal olaraq, beynəlxalq liderlərə müraciət edərək Trampı bu addımdan uzaqlaşdırmaqda kömək istəyir. Prezidentin ofisi onun Fransa prezidenti Emmanuel Makron və Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanla da söhbət etdiyini deyib.
Fələstinli liderlər bundan əvvəl xəbərdarlıq ediblər ki, bu addım Fələstin-İsrail münaqişəsində "iki dövlət həllinə" böyük təhlükə yarada bilər. 1967-ci ildəki Yaxın Şərq müharibəsindən etibarən Şərqi Yerusəlim İsrailin nəzarətindədir. 1980-cı ildə İsrail ərazini ilhaq edib. İsrail Yerusəlimi özünün daimi və bölünməmiş paytaxtı olmasını istəyir. Lakin fələstinlilər Şərqi Yerusəlimi gələcəkdə yaranacağına ümid bəslədikləri dövlətlərinin paytaxtı olmasını istəyirlər.
1948-ci ildən bəri ABŞ prezidentləri və hökumətləri Yerusəlimin statusunun danışıqlar nəticəsində həll olunacağı mövqeyini tutublar. Keçən ilin seçki kampaniyasında Tramp İsraili dəstəklədiyini bildirərək prezidentliyinin ilk günündən ABŞ-ın İsraildəki səfirliyini Təl Əvivdən Yerusəlimə köçürəcəyini vəd etmişdi. Tramp bu addımı hələ ki, atmasa da, son günlərdə spekluyasiya yaranıb ki, o, bu qərarı çərşənbə günü bəyan edəcək.

Bu xəbər oxundu
- - -