Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Azərişıq“: elektrik xətlərini ixtisası olmayan şəxslər çəkir

04.12.17, 11:30
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Bakıda inşa edilən çoxmərtəbəli yaşayış binalarında baş verən qısaqapanmalara görə "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti (ASC) məsuliyyət daşımır. Bunu qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib. Mətbuat xidmətinin rəhbəri bildirib ki, həmin binaların daxili xətlərini "Azərişıq" ASC çəkmir: "Binalar inşa olunmazdan əvvəl binanı inşa edəcək şirkətlər "Azərişıq"dan texniki şərt alırlar. Tikinti prosesində isə binanın daxili kabellərini, elektrik xətlərini özləri çəkirlər. Bu prosesdə onlar "Azərişıq" ASC-nin mütəxəssislərindən istifadə etmirlər. Məsələn, hansısa bina inşa olunarkən elektrik xətlərinin çəkilməsində kabelin gücü, davamlılığı barədə müraciət olunmur. Elə vaxtlar olur ki, standartlara cavab verməyən kabel və naqillərlə elektrik xətti çəkilir və xətlər sonra yoxlanılmır. Elə binalar var ki, həmin binalara hətta aliminium naqillərlə elektrik xətti çəkilir. Sonda bina istismara verilən ərəfədə "Azərişıq" həmin binaya baxış keçirir, sayğaclar quraşdırır. Binanın daxilində çəkilən, suvaq altında qalan kabel və naqilləri yoxlaya bilmirik. Şirkətin işinə isə müdaxilə edə bilmirik. Nəticədə də həmin binalara çəkilmiş elektrik xətləri təhlükəli olur".
T.Mustafayev bildirib ki, bəzi yeni inşa olunan yaşayış binalarında qaz xətti olmadığından mənzil sahibləri elektrik qızdırıcılarından istifadə edirlər: "Elə binalar var ki, bina hazır olmamış aşağı mərtəbələrdəki mənzil sahibləri evlərinə köçürlər. Təmir başa çatmadığından həmin ev sahibləri elektrik qızdırıcılarından da istifadə edirlər ki, bu da xətləri yükləyir. Tədricən xətlər sıradan çıxır və qısaqapanma baş verir".
T.Mustafayev deyib ki, həmin binaların elektrik xətlərini xüsusi sertifikata malik şirkətin ixtisaslı mütəxəssisləri yoxlamalı, rəy verməlidirlər: "Biz onların işinə müdaxilə edə bilmirik. Əgər şirkət maraqlı olarsa, müraciət edər və bizim mütəxəssislər də binaya baş çəkib xətləri yoxlayar. Müraciət olmadığı üçün bu cür binalarda təhlükəli vəziyyət yaranır. Çünki onlar xətt çəkilişində qeyri-peşəkarlardan istifadə edirlər".
Qeyd edsək ki, Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, bu gün Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 196 ünvanda 17 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən 13-cü mərtəbəsinədək şaxtadan keçən elektrik kabelləri 50 p.m yanıb. Yanğın zamanı tüstülənmiş mənzillərdən 34 nəfər təxliyə edilib. Təxliyə edilən şəxslərdən ikisi tüstüdən zəhərlənmiş halda xəstəxanaya aparılıb. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Bu xəbər oxundu
- - -