Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Səfir: “Azərbaycan Türkmənistan üçün strateji tərəfdaşdır”

04.12.17, 12:36
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycan Türkmənistan üçün strateji tərəfdaşdır. Bu sözləri Türkmənistanın Azərbaycandakı səfiri Mekan İşankuliyev AZƏRTAC-ın müxbirinin ölkələrimiz arasında ticari-iqtisadi tərəfdaşlığın səviyyəsi barədə sualını cavablandırarkən deyib. Səfir deyib: “Ölkələrimizi və xalqlarımızı ümumi mədəniyyət, ümumi ənənələr, ümumi köklər birləşdirir. Əlbəttə, tarixən iş elə gətirib ki, ölkələrimiz coğrafi cəhətdən əlverişli yerdə yerləşib. Bu, mühüm faktdır və nəqliyyat dəhlizlərinin inkişafında ərazilərimizdən istifadə etməyə imkan verir. Bizim ortaq Xəzər dənizimizin olması da bu əməkdaşlıq üçün böyük əhəmiyyət kəsb edir”.
Diplomatın sözlərinə görə, hələ ki, bu il üçün qarşılıqlı ticarət dövriyyəsinin səviyyəsini əks etdirən dəqiq məlumat yoxdur, lakin bu səviyyə getdikcə yüksəlir. “Buna, xüsusən energetika və nəqliyyat-logistika sahələrində birgə layihələr şərait yaradır”, - deyən M.İşankuliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana rəsmi səfərinin əhəmiyyəti üzərində xüsusi dayanıb: “Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun bu il avqustun 8-9-da Azərbaycana rəsmi səfəri ölkələrimiz arasında hərtərəfli iqtisadi əməkdaşlığın inkişafına özünün müsbət və əhəmiyyətli töhfəsini verdi. Səfər çərçivəsində yüksək səviyyədə və geniş tərkibdə danışıqlar keçirilib, böyük hissəsi qarşılıqlı ticari-iqtisadi əlaqələrə aid olan 14 sənəd imzalanıb”.
Azərbaycan ilə Türkmənistan arasında qarşılıqlı əlaqələrin inkişaf edəcəyinə və iqtisadi sahədə əməkdaşlığın daha da güclənəcəyinə əmin olduğunu bildirən səfir sonda deyib: “Əsas məsələ ondadır ki, bunun üçün dövlət başçılarımızın niyyəti və istəyi, ölkələrimizin hədsiz imkanları mövcuddur”.

Bu xəbər oxundu
- - -