Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Beynəlxalq qurumlar ikili standartlar nümayiş etdirir”

05.12.17, 11:39
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Məlahət İbrahimqızı: “Bu yanaşma Ermənistanın işğalçılıq mövqeyini daha da gücləndirir”

“Bakıda keçirilən "Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda nazirlərin toplantısı ölkəmizin həm beynəlxalq imici, həm də ölkə həqiqətlərininin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir". Bunu deputat Məlahət İbrahimqızı deyib. Beynəlxalq qurumların Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ikili standartlar nümayiş etdirdiyini deyən deputat bildirib ki, bu yanaşma Ermənistanın öz işğalçılıq mövqeyini daha da gücləndirir: "Beynəlxalq birliyin Qarabağ probleminin həllində ikili standartlardan çıxış etməsi münaqişənin həllini çətinləşdirir. Belə bir şəraitdə Azərbaycan münaqişənin həllində prinsipial mövqeyini bildirməklə yanaşı müəyyən beynəlxalq platformalar vasitəsilə Ermənistanın işğalçılıq siyasətini dünya ictimaiyyətinə çatdırır. Bu baxımdan "Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində keçirilən toplantı ölkəmiz üçün əhəmiyyətlidir". Son illər ölkəmizin mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini dilə gətirən M. İbrahimqızı söyləyib ki, bütün bunlar dövlətimizin inkişaf göstəricisinin və xalqımızın zəngin tarixə, etnoqrafiyaya və mədəniyyətə malik olmasının təbliği şəbəkəsinin və auditoriyasının daha da genişləndirilməsi deməkdir: "Ölkəmizdə mühüm tədbirlərin keçirilməsi və region üçün vacib məsələlərin müzakirəsi Azərbaycanın dünya ölkələri arasında etibarlı tərəfdaş kimi tanınmasının bariz nümunəsidir".
Millət vəkili Musa Quliyev isə deyib ki, Bakıda keçirilən "Asiyanın Qəlbi – İstanbul Prosesi" çərçivəsində "Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar" mövzusunda 7-ci Nazirlər Konfransı bir daha göstərdi ki, Azərbaycan beynəlxalq siyasətin, mədəniyyətin iqtisadiyyatın, münasibətlərin və hümanitar sahədə əlaqələrin mərkəzinə çevrilib: “Təkcə regionun yox ümumiyyətlə dünyanın bir çox dövlətlərinin marağı olan bir dövlətə çevrilib”. Onun sözlərinə görə, dünyada İslam fobiyası, terror təhlükələri, qorxular, mədəniyyətlərarası, dinlərarası çatların dərinləşdiyi bir dövrdə Azərbaycanın bu kimi tədbirlərə ev sahibliyi etməsi bütövlükdə ölkəmizin, bəşəriyyətin xidməti kimi qiymtləndirilməlidir və belə də qiymətləndirilir: “Azərbaycanın iki il öncə “Multikulturalizm ili” elan etməsi, daha sonra “İslam Həmrəyliyi ili”nin elan olunması və İslam Oyunlarının keçirilməsi, bu il isə Asiyanın Qəlbi – İstanbul Prosesi" sammitinin keçirilməsi və digər hümanitar, idman, iqtisadi, siyasi, turizm tədbirlərinin keçirilməsi bir tərəfdən dünyanın müxtəlif dövlətlərində yaşayan müxtəlif dinlərə, mədəniyyətlərə məxsus insanları ölkəmizə cəlb edir və onların maraq dairəsinə çevrilir, digər tərəfdən isə dünyaya bir həmrəylik, dostluq, sülh və mədəniyyətlərarası dialoq və tolerantlıq ifadələrinin görüşlərini yayır. Bu mənada "Asiyanın Qəlbi – İstanbul Prosesi" sammitində iştirak edən dövlətlərin hamısı həm Azərbaycanın iqtisadi, sosial, siyasi uğurlarını gördülər və yüksək qiymətləndirdilər, eyni zamanda onlar da bu forumlara qatılmaqla Azərbaycanın mədəniyyətinə yeni bir rəng qatmış olurlar. Həmçinin belə tədbirlər xalq diplomatiyası kimi ölkəmizin xalqları arasında münasibətləri yaxşılaşdırır və ölkəmizin nüfuzunu artırır. Bu tədbirdə iştirak edən siyasi xadimlər, dövlət adamları, eyni zamanda mədəniyyət, incəsənət, elm adamları da öz töhfələrini ölkəmiz üçün vermiş olurlar. Bu tədbirlərin əhəmiyyəti bir də ondan ibarətdir ki, artıq Azərbaycanı dünyanın hümanist, tolerantlıq mərkəzi kimi tanıyırlar. Eyni zamanda Qarabağ probleminin həllində də bu tədbirlər öz müsbət təsirini göstərir. Bu mənada ki, artıq onlar Azərbaycan xalqının necə bir tolerant xalq olduğunu gördülər və ermənilərin “biz azərbaycanlılarla bir yerdə yaşaya bilmirik” şüarlarının da yalançı olduğunu dünyaya sübut etmiş oldular”.

Bu xəbər oxundu
- - -