Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Soltan Soltanlının bənzərsiz sənət dünyası

05.12.17, 11:41
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Tanınmış rəssamın çəkdikləri çağdaş incəsənətin, rəssamlığın yetkin örnəkləridir

Soltan Soltanlı 1976-cı ildə Ağsu rayonunun Kalva kəndində müəllim ailəsində doğulub. Soltan Soltanlı 20 ildən artıqdır ki, rəssamlıq sənəti ilə məşğul olur. Rəngkar, qrafika ustası və karikaturaçıdır. O, "Soltan gülür”, "Soltanın cizgiləri” və "Karikaturalar” kitablarının müəllifidir. 2000, 2003-cü illərdə Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda, 2001-ci ildə M.F.Axundov adına Milli Kitabxanada, 2004-cü ildə Azərbaycan Karikatura Evində, İranın Təbriz və Ərdəbil şəhərlərində (2004) fərdi sərgiləri təşkil olunub. Bundan başqa rəssam Azərbaycan Karikatura Evini yaradıb (2004), orada bir sıra yerli və beynəlxalq sərgilər təşkil edib. 2006-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
O, uşaqlıqdan rəsm çəkməyə başlayıb. Yeniyetməlik çağlarında rəssam olmaq həvəsi onda daha da güclənir. Bu məqsədlə 1991-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə gəlir və istəyi baş tutmur. Bundan sonra kəndə qayıdan və orta təhsilini davam etdirən Soltan rəssamlığa daha da bağlanır, təbiətlə təmaslarını artırır, onu dərindən duymağa çalışır.
Onun ədəbiyyata da böyük marağı vardı. Beləliklə, 1993-cü ildə o, Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinə qəbul olunur, 1997-ci ildə oranı bitirir. 1997-2000-ci illərdə isə həmin universitetin dilçilik üzrə magistraturasında oxuyur. Soltan Bakıya gəldikdən sonra rəssamlıqla daha dərindən maraqlanır, sərgi salonlarına gedir, tanınmış rəssam və heykəltəraşların emalatxanalarında olur, onlar haqqında məqalələr yazır, daim öyrənməyə çalışırdı. Onun fikri qəti idi: universitet təhsilini yarımçıq qoyub rəssamlıq məktəbinə getmək.
İndi artıq onun rəssamlıq haqqında yetərincə bilgisi vardı. O, rəssamların yaradıcılığı haqqında ümumiləşdirmələr aparır, onların əsərlərini özü üçün izah etməyə çalışırdı. Gənc Soltanı tanış olduğu rəssamların rəng ustalığı heyran etsə də, onların mövzuları təmin etmirdi. Onun nəzərincə, gördüyü rəssamların hamısının yaradıcılığı haradasa bir-birinə oxşayırdı. Bu isə onu düşündürürdü: niyə rəssamların yaradıcılıqları bir-birinə bənzəyir? Soltan belə düşüncəyə gəlir ki, bütün rəssamların bir məktəbdən keçməsi, eyni müəllimlərdən dərs alması, eyni şeyləri öyrənməsi sonda onların bir-birinə bənzəməsinə gətirib çıxarır. Belə olan halda rəssamlıq təhsili almağa gərək varmı?
1995-ci ildə Soltan qəbul olmaq istədiyi Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə öyrənmək məqsədilə dərslərə gedir və oradakı ənənəvi təhsilin xəyallarındakı yaradıcılıq üçün yetərsizliyini görür, onda qəti olaraq rəssamlıq təhsili almamaq düşüncəsi yaranır. Onun məqsədi fərqli rəssam olmaq idi. Bu fərqliliyi ona hansı məktəbdə hansı müəllim öyrədəcəkdi? Ona görə o, özündən öyrənməyə üstünlük verir.
O, Soltan öz üslubunu yaratmaq istəyirdi. Onun istədiyi rəssamlıq insan idrakının dərin qatlarından qaynaqlanan, daha çox fəlsəfi, düşündürücü, əbədi ideyaları əhatə edən, duyğusal, heyrətli rəssamlıq olmalı idi.
“Bəs necə fərqli olmaq?” sualı onu çox düşündürdü. Bu sualın cavabını tapmaq üçün o, geniş mütaliəyə başlayır, Azərbaycan rəssamlığını öyrənir, çatışmayan başlıca nöqtəni tapır: mövcud olduğu müddətdə Azərbaycan rəssamlığı düşüncədən, fəlsəfədən məhrum olub, fikrin dəqiq, aydın, fəlsəfi ifadəsi olmayıb. Böyük ənənəsi olan Azərbaycan ədəbiyyatı, muğamı daha fəlsəfidir. Demək, belə fəlsəfiliyi rəssamlıqda da yaratmaq olar. Bütün bunlardan sonra Soltan o düşüncəyə gəlir ki, rəssamlıq təkcə təsvir sənəti deyil, o ən başlıcası, düşüncə sənətidir. Rəssam anlayırdı ki, sənət gerçəkliyi əks etdirəndə gerçəkliyin özü kimi ötəri və ölümlü olur. Ona görə sənət əbədi mövzulara baş vurmalı, özünün əbədi qalmaq təminatını yaratmalıdır. Həm də bu yaradıcılıq indi çoxlarının üz tutduğu anlaşılmazlıqdan uzaq olmalıydı.
Soltanın çəkdikləri çağdaş incəsənətin, rəssamlığın yetkin örnəkləridir. Bu əsərlərdə dərin məzmun qatları var. O, mövzunu tamaşaçı üçün bütünlüklə açmağa çalışır, bunu özünün borcu sayır. Onun fikrincə, əsər rəssama – yaradıcıya aydın deyilsə, tamaşaçıya yerli-dibli aydın deyil. Bir sözlə, aydın düşüncəsi olmayan rəssam aydın əsər yarada bilməz! Gərək rəssam ən dərin fəlsəfi əsəri elə sadə çəksin ki, tamaşaçı onu dərk etməkdə çətinliyə düşməsin. Soltanın yaradıcılığı üçün idrakilik və fəlsəfilik başlıca özəllikdir. Çağımızda hər sayaq anlaşılmazlığın “dərin”, “fəlsəfi” sayılmasını qəbul etməyən rəssam tamaşaçını aldatmaq istəmir, əsərlərilə insanların xəyal dünyasını genişləndirməyə, gerçək dünyanın mahiyyəti göstərməyə çalışır.
O, fantaziyalarına inanır və təsvir etdiyi hadisələrin gerçəkdən ola biləcəyinə tamaşaçıda inam yaradır. Bu təsvirlər qeyri-realdır. Ona görə, o, öz əsərlərini “irreal” adlandırır və ilk dəfə olaraq bu termini rəssamlığa gətirir. İrreal – gerçək olmayandır. Sənətin təqdim etdiyi irreallıq isə əslində olandır! Bəs harada? Yalnız düşüncədə, xəyalda, mahiyyətdə! Demək, dünya təkcə reallıqdan – gerçəklikdən ibarət deyil, o həm də dərin, fəlsəfi irreallıqdan ibarətdir. Beləliklə, onun mənsub olduğu, yaranması üçün çalışdığı irrealizm cərəyanının əsas məqsədi dünyaya, həyata dərin idraki, fəlsəfi və məntiqi baxış, yanaşmadır. Onun fikrincə, irrealizm – gerçəkdə olmayanı yaratmaqdır. Soltan həm də qrafik və karikaturaçıdır. Bununla bağlı onun ölkədə və yurd dışında sərgiləri keçirilib, kitabları çap olunub. Beynəlxalq müsabiqələrin qalib və mükafatçısı, sərgilərin iştirakçısı olan rəssamın əsərləri çoxlu beynəlxalq kataloqlarda yer alıb. Əsərləri müxtəlif ölkələrdəki muzeylərdə və özəl kolleksiyalarda saxlanılır.
Bu ilin əvvəlində Soltan Soltanlı İspaniyanın Madrid şəhərində keçirilən 6-cı beynəlxalq rəsm müsabiqəsində 2-ci yerə layiq görülüb. O, yarışmaya "Kalva ətrafında döyüş” əsəri ilə qatılıb. Əsəri öncə yağlı boya ilə kətan üzərində çəkən rəssam sonradan onun qrafik variantını işləyib və həmin fotonu müsabiqəyə göndərib. O, sözügedən əsəri keçən ilin aprel döyüşlərindən təsirlənərək yaradıb. Rəssamın dediklərindən: " Müsabiqədə çoxsaylı əsərlər olub. 77 əsər finala vəsiqə qazanıb. Onlardan 3-ü son finala qədər gəlib çıxıb. Çox şadam ki, finalçılar sırasında mən də varam. Bu şəkli ötən ilin aprel döyüşlərində çəkmişəm. O döyüşlərdə çox şəhidlər verdik və mən bundan təsirləndim. Müharibə mövzusu məni çox cəlb etdi. Elə bir şey çəkmək istədim ki, sadəcə təsvirdən ibarət olmasın. Burada səngər həm də əsgərin məzardır. O öz qəbrini qazaraq döyüşə girir və bilir ki, bu döyüşdə həlak olacaq. Bunun üçün mən səngəri ənənəvi formada deyil, qəbir formasında təsvir etdim. Bununla da əsgər öz qəbrindən düşmənə qarşı döyüşür. Orada yağlı boya variantında döyüşçülərin Azərbaycan əsgəri olmasını sübut etmək üçün bir əsgərin qolunda Azərbaycan bayrağını da əks etdirmişəm. Əsərin adı "Kalva ətrafında döyüş”dür. Kalva mənim kəndimdir. Bunu nə üçün məsələn, Cəbrayıl üzərində döyüş yox, Kalva üzərində döyüş kimi qeyd etmişəm? Elə hesab etdim ki, o döyüş mənim kəndimdə baş verir. Bu sənətdə bir rəmzləşdirmə, bir rəng var.
Sənətkar başqalarını heyrətləndirməyi, təəccübləndirməyi hökmən bacarmalıdır. Gərək dünyaya elə bir söz deyəsən ki, fərqli olsun. Azərbaycan rəssamı elə bir əsər ortaya çıxarmalıdır ki, desinlər, bəli, bu ölkənin rəssamı da sözünü deməyi bacarır".

Elçin Qaliboğlu

Bu xəbər oxundu
- - -