Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Binəli Yıldırım Trampın Qüds qərarına etiraz etdi

06.12.17, 8:31
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Türkiyənin baş naziri Binəli Yıldırım ABŞ prezidenti Donald Trampın Qüdsün statusu ilə bağlı veriləcəyi nəzərdə tutulan bəyanata sərt reaksiya verib.
Türkiyə KİV xəbər verir ki, baş nazir bunun qeyri-qanuni olduğunu bildirib.
“Bu qərar özü ilə yeni dinlərarası qarşıdurma gətirəcək. Qüds islam dünyası üçün müqəddəs bir şəhərdir. Biz qərarın mümkün qədər tez yenidən nəzərdən keçirilməsini istəyirik. Yanlış qərarlar düzəldilməsi mümkün olmayan nəticələrə səbəb olacaq”, - Türkiyə hökumətinin başçısı xəbərdarlıq edib.
Onun sözlərinə görə, sülhə nail olmağın yeganə yolu İsrailin 1960-cı il sərhədlərinə geri çəkilməsidir.
Qeyd edək ki, Ağ Evin mətbuat xidmətindən yayılan məlumata əsasən, Donald Tramp bu gün Qüdsü rəsmi şəkildə İsrailin paytaxtı kimi tanıdığına dair bəyanat verəcək.
ABŞ Konqresi 1995-ci ildə Qüdsü İsrailin paytaxtı olaraq tanıyan və Amerika səfirliyinin bu şəhərə daşınmasını nəzərdə tutan qərar qəbul edib. Ancaq həmin tarixdən bu yana ABŞ prezidentlərinin hamısı xarici siyasətdəki səlahiyyətlərindən istifadə edərək səfirliyi Təl-Əvivdə saxlayıb və şəhərin statusu ilə əlaqədar aparılan müzakirələrə dəstək verib.
ABŞ-ın yeni prezidenti Donald Trampın sələfi Barak Obama da iki prezidentlik müddətində Qüdsün İsrailin paytaxtı olaraq tanımasını nəzərdə tutan qərarı təsdiqləməyib. Ancaq şəhərin mübahisəli statusuna görə hər ABŞ prezidenti bu qərarın yarım il təxirə salınmasını nəzərdə tutan sənədi imzalayır.
1949-cu ildən İsrail Qüdsü paytaxt elan edib. 1967-ci ildən İsrail bütün şəhər ərazisinə nəzarət edir. Şəhərin şərq hissəsi üzərində İsrailin suverenliyi, eləcə də şəhərin bütövlükdə İsrail paytaxtı kimi statusu beynəlxalq ictimaiyyətin əhəmiyyətli hissəsi tərəfindən tanınmayıb. Bütün xarici səfirliklər Təl-Əvivdə yerləşir.
Ərəb ölkələri, həmçinin dünyanın əksər dövlətləri Şərqi Qüds paytaxt olmaqla 1967-ci il sərhədləri çərçivəsində Fələstin dövlətinin qurulmasını dəstəkləyir.

Bu xəbər oxundu
- - -