Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Elektron xidmətlərdən 22,2 milyon dəfə istifadə edilib

06.12.17, 10:54
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Son illərdə aparılan sistem xarakterli islahatlar əmək və sosial müdafiə sahələrində avtomatlaşdırılmış infrastrukturun formalaşmasına və bu əsasda həmin sahələr üzrə 30-a yaxın elektron xidmətin əhalinin istifadəsinə verilməsinə səbəb olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, əmək və sosial müdafiə sahələri üzrə dövlət xidmətlərinin vətəndaşlara müasir əsaslar üzərində, məmur-vətəndaş kontaktları olmadan şəffaf şəkildə təqdim olunmasına və əhalinin aidiyyəti qruplarına əlçatanlığının təmin edilməsinə imkan verən həmin elektron xidmətlərdən istifadə statistikası getdikcə artır.
Bu ilin noyabrında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə 644,7 min dəfə müraciət olunub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 13,2 faiz çoxdur. Ötən ay müraciətlərin sayı “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” elektron xidməti üzrə 31,8 faiz artaraq 250,6 minə, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” elektron xidməti üzrə 50 faiz artaraq 20,3 minə, “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” elektron xidməti üzrə 13,8 faiz artaraq 27, 5 minə, “Sığortaolunanın onlayn uçota alınması” elektron xidməti üzrə 57 faiz artaraq 18,9 minə çatıb.
Həmçinin “Hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Uşağın anadan olmasına görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” və digər elektron xidmətlərə müraciətlərin sayında da mütəmadi artım özünü göstərir. Nazirliyin Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi əlillik təyinatlarının müvafiq göndərişi verən səhiyyə müəssisəsinin və göndərişin aid olduğu şəxsin kimliyi bilinmədən, vətəndaş-ekspert əlaqəsi olmadan, şəffaf şəraitdə həyata keçirilməsinə imkan yaradıb. “Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi”, “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” elektron xidmətləri isə əlilliyin qiymətləndirilməsinin nəticəsi barədə məlumat əldə etmək üçündür. Həmin elektron xidmətlərə olan maraq artmaqda davam edir. Hər iki elektron xidmətə noyabrda edilən müraciətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7 dəfə artaraq 42,5 minə çatıb. Ümumilikdə əmək və sosial müdafiə sahələri üzrə elektron xidmətlərə böyük sosial tələbin və ictimai marağın göstəricisi kimi, ötən dövrdə həmin elektron xidmətlərə 22 milyon 200 min dəfə müraciət olunub ki, bu da “Elektron hökumət” portalına ümumi müraciətlərin 38 faizini təşkil edir.

Bu xəbər oxundu
- - -