Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Putindən Tramp üzərində daha bir qələbə

13.12.17, 7:54
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“ABŞ Prezidenti Donald Trampın Qüdslə bağlı verdiyi səfeh qərarı Rusiyanın dünyaya qapılarını taybatay açdı. Rusiya tərəfi bu addımdan ustalıqla istifadə etdi”.
Bu sözləri açıqlamasında politoloq Qabil Hüseynli qeyd edib. O bildirib ki, əsas məsələlər Yaxın Şərqdə cərəyan etdiyi üçün Putin Suriyaya, oradan Misirə, sonda isə Türkiyəyə səfər etdi:
“Hətta Suriyadan qoşunlarını çıxarması ilə bağlı simvolik xarakter daşıyan qərar verdi. Ancaq Rusiyanın bu ökədəki bazaları və qoşunun əsas kontingenti Suryada qalmaqda davam edəcək. Bununla da Suriyadakı əvvəlki qələbədən sonra Putin ABŞ üzərində ikinci diplomatik zəfərini çaldı. Putin ərəb dünyasının çox hissəsinin könlünü almağı və özünə tərəf çevirməyi bacardı və anti-amerikan əhval-ruhiyyəsinin yenidən bərpa olunmasına təkan verdi. Bütün bunlar bir daha təsdiq edir ki, naşı siyasətçi olan Tramp Amerikanın dünyadakı mövqelərini zəiflətməkdə davam edir, Rusiyanın əl-qol açmasına şərait yaradır və beləliklə də Rusiyanın sözün həqiqi mənasında super dövlətə çevrilməsi üçün imkanlar açır”.
Politoloq qeyd edib ki, tarixdə çox qəribə olan dövrü yaşayırıq və bu dövrdə iki dövlətin dünyaya ağalıq etmək uğrunda mübarizəsi gedir:
“Çox təssüflər olsun ki, bu mübarizədə avtoritar rejim sahibi Rusiya demokratik quruluşa malik ABŞ üzərində bir-birinin ardınca zəfərlər çalır. Rusiya ABŞ-ın dünyadakı ağalıq meydanını daraltmaqla bərabər, öz meydanını genişləndirir və yeni dövlətləri öz təsir dairəsinə salır. Bu, dünya üçün arzuedilən deyil. Çünki Rusiyanın möhkəmlənməsi dünyada avtoritar rejimin yeni növlərinin yaranması və bütün dünyada demokratiyaya qarşı bir hərəkatın başladılmasına rəvac verə bilər. Bu nöqteyi-nəzərdən ABŞ-ın bu məsələlərdə çox ciddi yanlışlığa yol verdiyini və bununla da demokratik dəyərlərin zəifləməsinə və Qərbin mövqeyinin gücdən düşməsinə şərait yaratdığını deyə bilərik. ABŞ-da prezidentlik kürsüsündə Tramp olduğu müddətdə dünyada qüvvələr nisbəti Rusiyanın xeyrinə dəyişməkdə davam edəcək. Rusiya və Çinin dünya üzərində təsirləri getdikcə artacaq. Bu isə dünyada inkişaf meyllərinin mənfi istiqamətə getdiyini göstərən faktlardandır”.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin dekabrın 11-də Ankaraya getməzdən öncə Suriya və Misirə səfər edib.

Bu xəbər oxundu
- - -