Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Əsədin qalması ABŞ-ın məğlubiyyəti deməkdir”

13.12.17, 12:00
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Zərdüşt Əlizadə: “İŞİD-i də ABŞ yaratmışdı”

“Rusiya seçki ərəfəsindədir və Vladimir Putin rus xalqına göstərmək istəyir ki, o, müzəffər prezidentdir, böyük işlər görüb”. Bunu Rusiya Prezidenti V.Putinin dekabrın 11-də Suriyaya etdiyi səfəri, Hmeymim bazasındakı çıxışını və buradan qoşunların Suriyadan çıxarılmasına dair əmr verməsini şərh edən politoloq Zərdüşt Əlizadə bildirib. O qeyd edib ki, V.Putinin seçilmə ehtimalı onsuz da böyükdür: “İndi özünə bir qədər də xal qazanır, səs faizini artırır. Putin bununla beynəlxalq aləmə də göstərmək istəyir ki, uğurla müharibə apardı, qələbə çaldı, indi də ordusuna “Suriyadan çıx” deyir. Suriyaya yalnız onun üçün gedib”.
Z.Əlizadə qeyd edib ki, Rusiyanın bütün qoşunları Suriyadan çıxmayacaq: “Bilirsiniz ki, Suriyada iğtişaşlar başlamamışdan əvvəl Rusiya Hərbi-Dəniz Donanmasının Tartusda maddi-texniki təchizat bazası var idi. Müharibə başladıqdan sonra Putin Rusiya Hərbi Kosmik Qüvvələrini Suriyaya göndərdi və onlar Suriya ordusunun Latakiya yaxınlığındakı Hmeymim hərbi hava bazasına yerləşdilər. Sonradan ağır vəziyyətdə olduğu üçün Bəşər Əsəd bu bazanı ruslara verdi. Beləliklə, Tartusdakı maddi-texniki təchizat bazası ilə yanaşı Rusiyanın Suriyada hərbi hava bazası da oldu. Bax, bu iki hərbi obyekt və onların müdafiəsi üçün yerləşdirilən Hava Hücümundan Müdafiə sistemləri qalacaq. Amma bilavasitə İŞİD-lə mübarizə aparan hərbi hissələr, xüsusi təyinatlılar, hərbi polis Suriyadan çıxacaq”.
Z.Əlizadə bildirib ki, Bəşər Əsədin hakimiyyətdə qalmasını, Suriyanın parçalanmamasını, vahid dövlət kimi qalmasını, İŞİD-in məğlubiyyətini hamı öz qələbəsi kimi təqdim edir: “Hətta Donald Tramp deyib ki, bu, ABŞ-ın qələbəsidir. Bu çox yanlış fikirdir. Əksinə, Amerika Bəşər Əsədi devirməyə çalışırdı. Əsədin qalması ABŞ-ın məğlubiyyəti deməkdir. İŞİD-i də ABŞ yaratmışdı, onun məğlub olması ABŞ-ın məğlubiyyəti deməkdir”. Politoloq qeyd edib ki, Suriyada terrorçular üzərində qələbənin əsas memarı general-mayor Qasim Süleymaninin rəhbərlik etdiyi İranın xüsusi təyinatlı qüvvələri, Həsən Nəsrullahın rəhbərlik etdiyi “Hizbullah”ın döyüşçüləri, Bəşər Əsədin başçılıq etdiyi Suriya ordusu və əlbəttə, Rusiyanın Hərbi Kosmik Qüvvələridir: “Bəli, bu qüvvələr qələbə çalıblar”. V.Putinin Suriyadan Qahirəyə, daha sonra isə Türkiyəyə səfər etdiyini xatırlatdıqda, Z.Əlizadə rus liderin Dəməşqlə Ankaranı barışdırmağa çalışdığını vurğulayıb: “Çünki Türkiyə ilə müttəfiqlik Rusiyaya çox şey verir. Təsəvvür edin ki, NATO üzvü olan ölkə Rusiya ilə dostluq edir, ondan zenit raketlər alır, ticarət dövriyyəsini dəfələrlə artırır, xarici siyasət, Yaxın Şərq məsələlərində Moskvaya dəstək verir, ABŞ-ı, İsraili tənqid edir. Bu göstərir ki, Putin beynəlxalq siyasətdə təcrid olunmayıb, onun güclü müttəfiqi var. Ərdoğana da göstərir ki, o da tək deyil, hər halda Rusiya sayılan dövlətdir. Putin dünyanın ən nüfuzlu siyasətçilərindəndir. Rusiyada Türkiyə istiqamətində uğurlu iş aparılır”.

Bu xəbər oxundu
- - -