Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Məni intihardan telefon zəngi xilas etdi”

14.12.17, 9:42
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Şair, bəstəkar Xanım İsmayılqızının Kult.az-a müsahibəsi

- Heç bilmirəm necə müraciət edim. Bütün mənalarda iki dəfə Xanımsınız.
- Necə rahatdırsa, elə də müraciət et. Ömrüm boyu bu mənada hamıya narahatlıq yaşatmışam. Adım bütün qadın adlarının yanında ikinci yerdə, məndə birinci yerdə... Bu da onun özəlliyi... Nənəmin adıdır.
- Ad taledir...
- Adın doğrudan da tale yükü, aurası, missiyası var. Kimin adını və yaxud hansı adı daşımağın da bildiyimiz və bilmədiyimiz mistik tərəfləri var. Bəzən adın sənə yüklənir, bəzən sən adından asılırsan, bəzən də adınla doğmalaşıb yaşayırsan. Məktəbi bitirəndən sonra bir neçə dəfə adımı dəyişmək istəmişəm. Anamın bir cümləsindən sonra adımla dostlaşdım. Dedi ki, balamsan, anamın adıdır, elə bilirəm ki, anam səndə yaşayır... Bununla da hər şey həll olundu. Nənəmin də ömrünü öz ömrümə bağladım. Qismət olsa, Məşhədi ziyarət edə bilsəm, Məşədi Xanım olaram, nənəmin də ruhu şad olar, müraciət də rahatlaşar...
- Atanız - yazıçı İsmayıl Qarayev haqda çox məlumat yoxdur.
- Xanım İsmayılqızı kimi atam, mərhum yazıçı İsmayıl Qarayev əslinin, ruhunun, istedadının yetirməsiyəm. Yaradıcılığımızın qolları, yolları ayrı olsa da, ürəyi birdir. İsmayıl Qarayev öz dövrünün - 60-cı, 70-ci illərin seçilən, sevilən, mükəmməl yazıçısı idi. O dövrün ədəbi mühiti, onun qələmindən çıxan əsərlərin ovsununun, dərinliyinin, dilinin, dəst-xəttinin dəyərini, qiymətini bilirdi. Hətta atam “Gənclik” nəşriyyatında redaktor işlədiyi zamanlarda “İsmayıl Qarayev redaktəsi” ifadəsi formalaşmışdı. Yazıçılar öz əsərlərini atama etibar edirdilər. Bilirdilər ki, bu redaktədən çıxan əsər mükəmməl olacaq. Yaşadığı illərdə “O və mənim anam”, “Aydınlıq” povestləri, “Ömür”, “Gecə keçir”, “Dəniz və dənizçi zarafatları” romanları nəşr olundu, həm ədəbi mühitin diqqətini çəkdi, həm də geniş oxucu qazandı. Televiziyada uzun illər ədəbi verilişin müəllifi və aparıcısı olub. Çox zəngin yaradıcılıq ömrü yaşayıb. Amma 1976-cı ildə dövrün haqsızlığına uğrayıb məhbəs həyatı yaşadı. Azadlığa çıxandan sonra çox çətinliklərlə qarşılaşaraq, yalnız kiçik həcmli əsərlərini dövri mətbuatda nəşr etdirə bildi. İri həcmli əsərləri qaldı. Hətta Yazıçılar Birliyindən də kənarlaşdırıldı. 1989-cu ildə dünyasını dəyişdi. Ölümündən sonra bəraət qazandı və ailənin müraciətinə əsasən yenidən Yazıçılar Birliyinə üzvlüyü bərpa olundu. Ölümündən sonra qardaşım Qoşqar Qarayevin sayəsində 70 kitabı işıq üzü gördü. “Sxodka” və “Məni tanıdınmı” romanları yüksək tirajla çap olundu. Çox təəssüf ki, o özü bu nəticələri görmədi. Bu il, dekabrın 5-də 90 illiyi oldu. Biz övladları İsmayıl Qarayevin seçilmiş əsərlərinin çap hazırlığı ilə məşğuluq. Gələn il üçün yəqin ki, hazır olar. Bu da bizim həm övlad, həm də bir vətəndaş kimi mənəvi borcumuzdur. Bu günün ədəbi nəsli, oxucuları bu yazıçını tanımalıdır, onun əsərlərini oxuyub dilini, mənəviyyatını zənginləşdirməlidir. Bəlkə də övladı kimi bunu deməməliyəm, amma bir vətəndaş kimi deməliyəm. Atamdan bizə miras qalan yaradıcılıq və naşirlik keyfiyyətləri, elə bil ki, övladlarının arasında paylaşdırılıb.
- Bacınız da yazıçıdır?
- Bacım Vəsimə İsmayılqızı həm yazıçıdır, həm də naşir. Atamın ölümündən sonra “İsmayıl” nəşriyyatı açıldı və Vəsimə nəşriyyatın direktorudur. “Goranboy”, “Beyləqan” ensiklopedik topluların, “Goranboyda izim qaldı” publisistik əsərlərin müəllifidir. Mərhum qardaşım Qoşqar Qarayev, digər bacım Rəfiqə Mirzəyeva, qardaşım Savalan Qarayev naşirdirlər. Elə mən də yaradıcılığımla yanaşı, ömrümün 40 ilini nəşriyyat işinə həsr etmişəm. “Ot kökü üstə bitər” atalar misalı bu yerdə öz təsdiqini tapır. Atamın ruhu şad olsun.
- Xalanız Sona Tağıyevanın büstünü 190 saylı məktəbdən götürüblər... Xəbəriniz var?
- Sona xanım Tağıyeva haqqında elə müsahibəm yoxdur ki, danışmayım. Çünki həm xalam idi, həm müəllimim, həm örnək yerim idi. Həm qürurum, həm də məktəb idi mənimçün. Təkcə mənimçün yox, hamı üçün. Belə insanlar millətin işığını yandıranlardır. Onun məktəbində, onun bacısı qızı olaraq oxumaq çox böyük məsuliyyət idi. Bu məsuliyyət hissi ilə oxudum və davrandım. Yadıma düşür, artıq imzam tanınmağa başlamışdı, uğurlarım çox idi, 190 nömrəli məktəbimizə, xalamın yanına getmişdim. Öz otağında müəllimlərlə oturmuşdu. Onlar mənim kim olduğumu artıq bilirdilər. Sona xanıma yaxınlaşıb üzündən öpdüm. Ayağa durdu, əlini çiynimə qoydu və üzünü müəllimlərə tutub dedi ki, bu mənim Pərizad bacımın qızı Xanımdır və anamızdır. O anda elə bildim ki, mənə ömrümün ən yüksək mükafatını təqdim etdilər. Müəllimim məndən razı qalmışdı.
- Bəstəkar Aygün Səmədzadə də gəlininiz imiş. Yola gedirsiniz?
- Aygün Səmədzadə ilə dostluğumuz qohumluqdan başladı. Sona xanım Tağıyevanın gəlini kimi tanış olduq, şair ilə bəstəkar kimi işbirliyimiz başladı, insan kimi doğmalaşdıq və dostlaşdıq. Aygün mənim üçün əvəzsiz dostdur. Böyük ürəyi var. Mən böyük ürəklərə yerləşə bilirəm və belə ürəkliləri ürəyimə yerləşdirirəm... Bizim yaradıcılıq birliyimiz çox gözəl bəhrələr verib.
- Oğlunuz Fərid bəy...
- Ömər, mən bu suala susmaq istəyirəm... Danışsam, göz yaşlarım susmayacaq.
- Efiopiyada yaşamısınız. Niyə getmişdiniz? Nədən döndünüz?
- 1984-cü ildə həyat yoldaşıma Moskvadan məktub gəldi. Efiopiyada HES tikintisinə başlanırdı, bunun üçün SSRİ-dən mütəxəssislər dəvət olunurdu. Yoldaşım da mühəndis kimi, - həm də yüksək maaşla, - o dəvətlilərin siyahısına daxil edilmişdi. Baxmayaraq ki, uşaqlar balaca idi, qızımın 6, oğlumun 5 yaşı vardı, getməyi qərara aldıq. Çünki maddi vəziyyətimizi bu yolla dəyişdirə bilərdik. 3 illik müqavilə bağlandı və yola düşdük. Bizim Efiopiyaya gedişimiz belə oldu.
- Darıxırdınız?
- Bir ora gedəndə sevindim, bir də qayıdanda. Mən anladım ki, Bakıdan başqa heç yerdə yaşaya bilmərəm. Həm iqlimin, fəsillərin fərqi, həm dilin, adətlərin fərqi, həm də əzizlərindən uzaq düşmək. Elə bilirdim ki, məhbus həyatı sürürəm. Bir il uşaqlar bizimlə oldu, sonra səhhətlərində problemlər yarandı və onları Bakıya qaytarıb, yenidən Efiopiyaya döndüm.
- İşləyirdiniz orda?
- Orda evdar qadın missiyasındaydım. Yoldaşım işə gedirdi, mən də bütün günü evdə tək. Torpaq sahəmiz var idi, darıxdığımdan orda hər şey əkmişdim. Əlimə hansı toxum düşürdü əkirdim. Sonra onlara qulluq edirdim, hər gün necə böyüdüklərini seyr edirdim. Bu da bir başqa həzz idi. Həm də mənə lazım idi. Həsrətdən bağrım yarıla bilərdi. Efiopiyanın çox ecazkar təbiəti var idi. Gecələr çox böyük və çox rəngarəng kəpənəklər işığa gəlirdi. Mən o böyüklükdə kəpənək görməmişdim. Qərara aldım ki, bu kəpənəklərin kolleksiyasını yığım. Bu kəpənəkləri tutub ehtiyatla qurudurdum, sonra xüsusi qutularım vardı, ora yığıb bərkidirdim.
- İlham pərilərinizi də aparmışdınız, yoxsa efiopiyalı pərilərlə yazırdınız?
- Başımı qatmaqla məşğul idim. Bütün toxumalar, tikmələr, yeni bişmə növləri Efiopiyada yarandı. Amma orda nə bir misra şeir, nə də musiqi yazdım. Müqaviləmizin 2-ci ili tamam olanda ağır əməliyyat keçirdim və əməliyyatdan sonra Azərbaycana qayıtdıq. O illər mənim həyatımda elə izlər buraxdı ki, nəticəsini uzun illər aradan qaldıra bilmədim. Yalnız bir şeyə görə Efiopiyada keçirdiyim o illərə minnətdaram - oralar beynimdə elə nöqtələri oyatdı, ürəyimdə elə hissləri tərpətdi, ruhuma elə qapılar açdı, məni elə hallara atdı ki, Bakıya gələn kimi musiqimin və sözümün üzünü gördüm. İlk mahnımı yazdım və bulağın gözü açıldı.
- Bəs indi yaradıcılıq işləri nə yerdədir?
- Yaradıcılığımın musiqi qolu yavaş-yavaş hərəkətə gəlib. Bir neçə yeni mahnı yazılıb, bir neçəsi lentə alınıb. Yeni şeirlər çoxdur. Şeirlərim türk dilinə çevrilir və çox güman ki, gələn il üçün Türkiyədə nəşr olunacaq. Yaradıcılıq və yaradıcı insan gözlənilməzdir. Ona görə də yaradıcılıqda planlı hərəkət, əksər halda alınmır. Öz səsimlə şeirlərimi lentə almağı düşünürəm. Türkiyədə türk dilində çap olunacaq kitabımı Azərbaycan dilində nəşr etdirmək olar. Müxtəlif fikirlər gəlir və gedir. Hansının bəxti gətirəcəksə reallaşacaq.
- Heç intihara cəhd etmisiniz?
- İntihara cəhd etmişəm. Bir yox, bir neçə dəfə. Hər dəfə də alınmayıb. Hər dəfə də peşman olmuşam. Telefon zəngi, qapının döyülməsi məni ayıldıb və xilas edib.
- İşləyirsinizmi?
- Hazırda heç bir yerdə işləmirəm. Bir ildir evdəyəm. Yoldaşım işləyir.
- Ailə-məişət yaradıcılığınıza mane olurmu?
- Yazmaq halında olanda hər şey - hətta adamın özü də özünə mane olur.
- Açıq-saçıq şeirlərə necə baxırsınız? Məsələn, Aysel Əlizadə bu yaxınlarda elə bir şeir paylaşmışdı. Qınaq atəşinə tutdular. Yoxsa intim məqamları nəzmə çəkmək doğru deyil?
- Açıq-saçıqlığı sevmirəm. İstər geyimdə, istər davranışda. Amma sənətdə bu, başqadır. Yazdığını, yaratdığını - istər poeziyada, istər nəsrdə, istər rəssamlıqda, istər kinoda - elə formada çatdırırsan ki, o, çılpaqlıq kimi deyil, sənət nümunəsi kimi cəlbedici olur. Oxucu, dinləyici, tamaşaçı, sənin yaratdığından həzz almaq əvəzinə diksinir və utanırsa, demək ki, alınmayıb... Aysel Əlizadə istedadlıdır, gözəl qələmi var, bu şeiri, təbii ki, müzakirə olunası şeirdir.

Bu xəbər oxundu
- - -