Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Azərbaycan, Türkiyə və İran XİN başçılarının Bakı Bəyannaməsi imzalanıb

20.12.17, 10:46
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Terrorizm, separatizm və zorakı ekstremizmlə mübarizə sahəsində əməkdaşlıq gücləndirilməlidir”

Dünən Bakıda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçirilib.
Görüşün yekununda birgə Bəyannamə qəbul olunub.
Bəyannamədə deyilir: "Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun dəvəti, İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif və Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlunun iştirakı ilə 3 dövlətin xarici işlər nazirlərinin Beşinci Üçtərəfl Görüşü 20 dekabr 2017-ci il tarixində Bakı şəhərində keçirildi.
Nazirlər, Xarici işlər nazirlərinin bundan əvvəlki Üçtərəfli Görüşlərdə qəbul olunmuş Urmiya, Naxçıvan, Van və Ramsar Bəyannaməsindəki öhdəliklərini vurğuladılar;
Regionda sülh, təhlükəsizlik, rifah və əməkdaşlığa xidmət edəcək dərin tarixi köklər, din və mədəni ortaqlıqlara əsaslanan üç ölkənin xalqları arasında həmrəylik və əməkdaşlığı, habelə paylaşılan dəyərləri daha da gücləndirmək üçün öhdəliklərini bir daha təsdiq etdilər;
Xüsusilə iqtisadi tərəqqi və davamlı inkişafa töhfə verə biləcək sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün öhdəliklərini xüsusi qeyd etdilər;
Regionda sülh və təhlükəsizliyin gücləndirilməsi üçün ümumi maraqlarını xüsusi vurğuladılar və bu konteksdə suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin pozulmamasına hörmət və bütün mübahisələrin sülh yolu ilə həlli daxil olmaqla beynəlxalq hüququn prinsipləri üzrə öhdəliklərini qeyd etdilər;
Bu xüsusda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münsqişəsinin yuxarıda qeyd olunan prinsiplər əsasında ən qısa müddətdə həllinin vacibliyini bir daha qeyd etdilər;
Müxtəlif səviyyə və platformalarda, habelə BMT, İƏT, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimadın Yaradılması Konfransı, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində regional və beynəlxalq sülh, təhlükəsizlik və stabilliyin gücləndirilməsi məqsədilə ümumi maraqlar kəsb edən regional və qlobal məsələlərə dair sıx məsləhətləşmələrin davam etdirilməsinə razılaşdılar;
Əl-Qüds Əl-Şəriflə əlaqədar 13 dekabr 2017-ci il tarixində İstanbulda keçirilmiş İƏT-in Fövqəladə Sammitinin bəyannaməsini və yekun kommunikesini alqışladılar;
İqtisadi-ticarət əməkdaşlığının gücləndirilməsi, sərmayə və ticarətin təşviqi naminə mövcud potensialdan istifadə, o cümlədən enerji, nəqliyyat, bankçılıq, telekommunikasiya, sənaye, kənd təsərrüfatı, turizm və ətraf mühit sahəsində birgə layihə və proqramların həyata keçirilməsi ilə əməkdaşlığın təşviqinə dəstək verilməsinə razılaşdılar;
Beynəlxalq tranzit dəhlizləri və coğrafi cəhətdən əlverişli yerləşən üç ölkənin tranzit potensialının artırılması, eləcə də beynəlxalq tranzit sisteminə inteqrasiya etmək üçün əhəmiyyətli addımların atılmasını xüsusi vurğulayaraq, nəqliyyat infrastrukturunun inkişafı və tranzit potensialının artırılması naminə yeni layihələrin həyata keçirilməsi üçün əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini qeyd etdilər;
Sosial-iqtisadi inkişaf naminə Asiya və Avropa arasında rəqabətli tranzit nəqliyyatının kəmiyyət və keyfiyyətini artırmaq üçün strateji cəhətdən əhəmiyyətli olan genişmiqyaslı beynəlxalq nəqliyyat layihələrində üç ölkənin iştirakının vacibliyini xüsusi vurğulayaraq, “Şərq-Qərb”, “Cənub-Qərb”, “Şimal-Cənub” marşrutlarında üç ölkənin tranzit potensialdan istifadəyə əlverişli şərtlər yaradan Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsini alqışladılar, Rəşt-Astara dəmir yolunun tikintisinin ən qısa müddətdə tamamlanması üçün lazımı addımların atılmasının vacibliyini qeyd etdilər;
Mülki aviasiya sahəsində yüksək potensiala nail olmaq üçün əməkdaşlığın gücləndirilməsi, eləcə də üç ölkənin coğrafi üstünlüklərindən daha da faydalanmağın əhəmiyyətini vurğuladılar;
Neft, qaz və neft-kimya sahəsində kommersiya əməkdaşlığının artırılmasına hazır olduqlarını ifadə etdilər;
Üç ölkənin bank şəbəkəsi arasında əlaqələrin inkişaf etdirilməsi və genişləndirilməsi, habelə beynəlxalq bankçılıq prosedurları, həmçinin, çirkli pulların yuyulması və terrorun maliyyələşdirilməsi üzrə təcrübə və informasiyanı paylaşmağa razılaşdılar;
Regionda rəqəmsal uçurumların aradan qaldırılması məqsədilə informasiya strukturunun yaradılması və idarə edilməsi üçün üç ölkə arasında davam edən əməkdaşlığın əhəmiyyətini vurğuladılar;
Qlobal və regional iqtisadi təşkilatlar çərçivəsində əməkdaşlığın zəruriliyini, bu təşkilatların diqqətini ticarət, nəqliyyat, turizm, kənd təsərrüfatı, kommunikasiya və enerji sahəsi kimi prioritet sahələrə cəlb edilməsi, eləcə də bu institutlar tərəfindən üç ölkənin ümumi marağında olan layihələrin həyata keçirilməsinin təşviq edilməsi və dəstək göstərilməsini qeyd etdilər;
2015-ci ilin sentyabr ayında BMT tərəfindən qəbul edilən 2030 dayanıqlı inkişaf gündəliyinin müvafiq məqsədlərinə nail olmaq naminə ətraf mühitin pozulmasının azaldılması və qarşısının alınması üçün əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini xüsusi qeyd etdilər;
Beynəlxalq və ya regional təşkilatlarda üç ölkənin namizədliyinin müsbət mənada qiymətləndirilməsinə razılaşdılar və bu mənada EXPO 2025-in Azərbaycan Respublikasında keçirilməsi üçün Bakının namizədliyini alqışladılar;
Etnik, irqi, dini və etiqada əsaslanan dözümsüzlüyün və ayrı-seçkiliyin bütün formalarını pisləyərək, müxtəlif mədəniyyətlər, sivilizasiyalar və xalqlar arasında dözümlülüyün tərbiyə edilməsi, hörmət, dialoq və əməkdaşlığın əhəmiyyətini qeyd edərək, 2016-cı ilin 25-27 aprel tarixlərində Bakıda keçirilmiş BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun əhəmiyyətini xüsusi qeyd etdilər;
Terrorizm, separatizm və zorakı ekstremizmin bütün forma və təzahürləri, transmilli mütəşəkkil cinayət və narkotik vasitələrin və onların daşıyıcılarının, silahların qeyri-qanuni dövriyyəsi, insan alveri, mədəni və tarixi irsə qarşı cinayətlər, kibercinayətkarlıq və qeyri-qanuni miqrasiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın daha da gücləndirilməsinin əhəmiyyətini qeyd etdilər; İran İslam Respublikasının təşəbbüsü ilə “Dünya ekstremizm və zorakı ekstremizmə qarşı” başlıqlı BMT Baş Assambleyasının A/RES/68/127 nömrəli qətnaməsini qeyd etdilər;
Öz ərazilərindən hər hansı bir insan və ya şəxsi qrupların istənilən nəticələr altında, bir-birinə qarşı istənilən təhlükə və fəaliyyətə qarşı istifadə etməsinə icazə verməyəcəklərini qətiyyətlə bəyan etdilər; separatizmə xarici dəstəyi kəskin şəkildə qınadılar;
Milli və beynəlxalq səviyyədə insan hüquqlarının təşviqi və müdafiəsi üzrə öhdəliklərini vurğuladılar və bəyan etdilər ki, dünyada bütün insanların hüquqlarının təşviq və müdafiəsinə əməkdaşlıq və dialoq vasitəsilə daha yaxşı nail olmaq olar;
Çoxtərəfli danışıqlar və diplomatiyanın uğurlarını əks etdirən Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) əhəmiyyətini vurğuladılar; etiraf etdilər ki, JCPOA-nın uğurla yerinə yetirilməsi JCPOA-da təmin olunan faydalardan tam yararlanmaq məqsədilə onlara icazə verilməsi üçün bütün iştirakçılar tərəfindən öhdəliklərin tam yerinə yetirilməsini tələb edir; BMT TŞ-nin 2231 (2015) saylı qətnaməsinin tərkib hissəsi olan Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən təsdiq edildiyi kimi İran İslam Respublikasının JCPOA-da öhdəliklərinə əməl etməsini nəzərə alaraq, bütün BMT üzvlərinə JCPOA-in həyata keçirilməsinə töhfə verəcəklərinə dair öhdəliklərini xatırlatdılar;
İslam Dünyasının qarşılaşdığı çağırışlara qarşı durmaq məqsədilə islam həmrəyliyinin təşviq edilməsinin əhəmiyyətini qeyd etdilər və islam qardaşlığının, anlayış və dözümlülüyün gücləndirilməsi üçün daha fəal və səmərəli əməkdaşlıq edilməsi niyyətini ifadə etdilər. Bu xüsusda, islam mədəniyyəti və dünyada mənəvi dəyərlərin təşviqi baxımından 2017-ci il 12-22 may tarixlərində Bakıda yüksək səviyyədə keçirilmiş 4-cü İslam Həmrəyliyi Oyunlarının əhəmiyyətini qeyd etdilər.
Bundan əvvəlki görüşlərdə qəbul olunan qərarların, o cümlədən 2016-2018-ci illər üzrə Üçtərəfli Sahəvi Əməkdaşlıq Fəaliyyət Planının təqib edilməsinin əhəmiyyətini vurğuladılar;
Üçtərəfli formatda regional və qlobal məsələlərə dair əlaqələndirmə və əməkdaşlığın davam etdirilməsi üçün mütəmadi keçirilən görüşlərin əhəmiyyətini bir daha qeyd etdilər;
Növbəti görüşün Türkiyədə keçirilməsinə dair razılığa gəldilər".
Bəyannaməni Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu imzalayıblar.
Üçtərəfli görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.
Mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, Bakı, Ankara və Tehran Fələstin-İsrail məsələsinə dair qətnamənin lehinə səs verəcək: " Fələstin-İsrail məsələsini müzakirə etdik. Biz bəyan etmişik ki, ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarını qəbul edə bilmərik".
Nazir bildirib ki, bununla bağlı sabah BMT Baş Assambleyası tərəfindən qətnamə layihəsinin qəbul edilməsi təklif olunub: "Azərbaycan, İran və Türkiyə hər üçü qətnamənin lehinə səs verəcək. Azərbaycanın Qüdslə bağlı mövqeyi Azərbaycan prezidenti tərəfindən İstanbulda səsləndilirilib və o çağırış edib ki, ABŞ bu məsələyə bir daha baxsın. Azərbaycanln mövqeyi beynəlxalq ictimaiyyətin 2 dövlət prinsipi ilə bağlı mövqeyi ilə üst-üstə düşür".

“Üçtərəfli format çox vacibdir”

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycan, Türkiyə və İranın birgə tarixi ənənələrə malik olduğunu bildirib.
O deyib ki, üçtərəfli format çox vacibdir: "Tranzit, enerji və turizm sahələrində əməkdaşlığın inkişaf etdirilməsini müzakirə etdik. Qərara gəldik ki, Azərbaycanla əlaqələrimizdə özəl sektorun payını da inkişaf etdirək".
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə keçirilən görüşdə üç ölkənin iş adamlarının bir araya gətirmək barədə də razılığa gəlindiyini vurğulayıb.

"Enerji sahəsində əməkdaşlıq güclənir"

Elmar Məmmədyarov TANAP layihəsinin gələn istifadəyə veriləcəyini bildirib.
Nazir eyni zamanda qeyd edib ki, Azərbaycanla İran arasında da enerji sahəsində əməkdaşlıq güclənir: "Üç ölkə arasında elektrik enerjisi mübadiləsi da gündən-günə artır. Qərara gəlmişik ki, növbəti görüşə özəl və iqtisadi sektoru da dəvət edək".

Mövlud Çavuşoğlu qeyd edib ki, “Azərbaycan və İran enerji resursları baxımından önəmli ölkədir və Türkiyə hər iki ölkədən təbii qaz və neft alır: “Aldığımız neft və qağın həcmini artırmaq istəyirik. Gələn il TANAP bitəcək. İran qazının da beynəlxalq aləmə çıxması istiqamətində çalışırıq. Enerji sahəsində əlaqələri daha da inkişaf etdirə biləcəyimizi düşünürük”.

"Azərbaycanın qəbul etdiyi həll formulunu dəstəkləyirik"

Mövlud Çavuşoğlu ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyini bir daha dilə gətirib: “Ermənistan həm suçlu, həm güçlü. Bu ölkə Azərbaycan torpaqlarının 20 faizini işğal edib. Xocalı faciəsi ortadadır. Biz münaqişənin Azərbaycanın qəbul etdiyi həll formulunu dəstəkləyirik".
O bildirib ki, Ermənistan qonşuları ilə necə davranmalı olduğunu bilməlidir: "Ermənistana şərt irəli sürdük ki, işğal edilmiş torpaqları azad edəcək və bundan sonra münasibətlər normallaşacaq. Ermənistan tərəfindən verilən açıqlamaların bizim üçün heç bir hökmü yoxdur".

"Məqsədimiz Suriyaya sabitlik gətirməkdir"

Suriya böhranının həlli barədə danışan Mövlud Çavuşoğlunun sözlərinə görə, Astana prosesi Suriyada atəşin dayandırılması baxımından böyük rol oynayıb və Bu faydalı prosesi davam etdiriləcək.
O, Türkiyənin Cenevrə prosesini də dəstəklədiyini bildirib: "Lakin son görüşdə nəticə əldə olunmadı. İndi siyasi həllə köklənməliyik. Davamlı həll yalnız siyasi yolla mümkündür. Bunun üçün terror təşkilatlarından başqa bütün tərəflər görüşməlidir. Soçi sammitində belə bir qərar alındı. Həmçinin, ölkə seçkilərə hazırlanmalıdır. Demokratik, şəffaf ədalətli seçki olmalıdır.
Ölkənin bunun üçün Konstitusiyaya ehtiyacı var. Bu isə Suriya xalqı tərəfindən hazırlanmalı və müzakirə edilməlidir. Bizim məqsədimiz Suriyada xaosu bitirmək, ölkəyə təkrar sülh və sabitlik gətirməkdir".

“Ermənistanla protokolları şərtlə imzalamışdıq”

Türkiyə-Ermənistan protokollarının taleyindən söz açan Çavuşoğlu Ankaranın İrəvanla bəzi şərtlər daxilində addım atmaq istədiyini bildirib. Nazirin sözlərinə görə, əsas şərt Ermənistan işğal etdiyi torpaqlardan çəkilməsi olub.
Nazir xatırladıb ki, Ermənistan həmin protokolları öz Konstitusiya Məhkəməsinə təqdim edib və KM sənədlərin bəzi önəmli maddələrini oradan çıxarıb: “Bu razılaşmanı Ermənistan rəfə qoysa və ya ləğv etsə, nə olacaq ki? Bizim şərtimizi yerinə yetirmədiyi müddətcə bu razılaşmanın həyata keçməsi mümkün deyil”.

Bu xəbər oxundu
- - -