Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Benzin bahalaşmayacaq

25.12.17, 12:00
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Pərviz Heydərov: “Nazirlər Kabinetinin Qərarının mahiyyəti ölkəyə yanacaq idxalının qarşısının alınmasından ibarətdir”

Azərbaycan ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan mühərrik benzin növlərinə tətbiq ediləcək yeni aksiz dərəcələri açıqlanıb. Bu, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında" qərarında etdiyi dəyişiklikdə əksini tapıb.
Dekabrın 21-də dərc olunmuş qərar 30 gün sonra, gələn il yanvarın 23-də qüvvəyə minir.
Aviasiya benzin növləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə mühərrik benzin növlərinə aksiz dərəcəsi 1 ton üçün 1 manatdan 200 manata qaldırılıb. Tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, 95-dən az oktan ədədi ilə mühərrik benzin növlərinə tətbiq olunan 1 ton üçün 1 manat aksiz dərəcəsi də 200 manata qaldırılıb. Tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan və çox olan, 95 və ya daha çox, lakin 98-dən çox olmayan oktan ədədi ilə mühərrik benzin növlərinə tətbiq olunan 1 ton üçün 80 manat, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan və çox olan, 98 və ya çox oktan ədədi ilə mühərrik benzin növlərinə tətbiq olunan 1 ton üçün 120 manat aksiz dərəcəsi qüvvədə qalıb. Aviasiya benzini və reaktiv benzin yanacağına tətbiq edilən aksiz dərəcələri dəyişməyib.
Bu qərar Azərbaycanda benzinin bahalaşmasına səbəb ola bilərmi? Ümumiyyətlə qərarın mahiyyətinin nədən ibarət olduğunu ekspertlər şərh etdilər.
Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban “Xalq Cəbhəsi”nə bildirdi:”Burada qeyd olunur ki, qərar oktan dərəcəsi 95 markalı benzindən aşağı olan növlərə tətbiq olunacaq”. Onun sözlərinə görə, bu qərar hazırda Azərbaycanda istehsal edilən avtomobil benzininin qorunmasına xidmət edən addımdır: “2014-cü il aprelin 1-dən Azərbaycanda yüksək oktanlı benzinlər istehsal edilmir. 95 markalı benzinlər istehsal edilmir, 98 markalı benzinlər isə bizdə ümumiyyətlə olmayıb. Onlar Azərbaycana idxal edilir. Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsal edilən 92 markalı benzin iatehsal edilir. Bu addım da ona görə atılır. Bundan öncə Nazirlər Kabinetinin bir qərarı ilə aşağı oktanlı benzinin idxalıyla bağlı aksiz dərəcələri 1 manata qədər endirilmişdi. Bu addım da ona görə atılmışdı ki, zavod cari təmirə dayanmışdı və modertnləşdirmə prosesi gedirdi. Bu dövr üçün qərar davam etdi və həmən müddətdə ehtiyatlar daxili tələbat üçün çatmayanda ölkəyə aşağı oktanlı yanacaq da idxal edilirdi. Bu düzgün addımdır və ölkənin daxili bazarını qorumaq üçündür. Bu qərar heç bir qiymət artımına təsir göstərə bilməz”.
İqtisadçı ekspert Pərviz Heydərov isə diqqətə çatdlırdı ki, bu qərarın mahiyyəti ölkəyə yanacaq idxalının qarşısının alınmasından ibarətdir: “Yəni qərar həmin növ yanacaq növlərinin ölkəyə idxalının məhdudlaşdırması məqsədi daşıyır. 95-dən az oktanlı yanacaq növlərinin qiymətləri bilirsiniz ki ölkə daxilində dövlət tərəfindən tənzimlənir. Yəni bunlar tənzimlənən qiymətlər siyahısına daxildir. Amma qərarın hansı məntiqlə verildiyi bir qədər mübahisə doğurur. Ona görə ki, indi ölkədən kənarda həmin növ yanacaq məhsullarının qiymətləri o qədər də aşağı deyil. Yəni bu cür addım o zaman atılır ki, həmin növ məhsul kənarda ümumdaxili bazarla müqayisədə ucuz olsun. Yəni bu zaman onun idxalı üçün müəyyən şərait yaranır. Asmma son zamanlar Gürcüstan, Orta Assiya respublikaları, hətta Rusiyada bir sıra yanacaq məhsullarının qiymətləri artıb. Yeni ildən Rusiyada yanacağın qiymətinin bir az da artacağı gözlənilir. Yəni belə bir şəraitdə sözügedən yanacaq növlərinin ölkəyə idxalı üçün aksiz dərəcələrinin birdən birə 200 dəfə artırılması o qədər də məntiqli görünmür”.
P.Heydərov həmçinin bildirdi ki, bu qərarın qiymət artımı ilə birbaşa əlaqəsi yoxdur: “Ölkəyə idxal olunan yanacaq məhsulları 95 və 98-dir. Hansı ki onların qiymətləri daxili bazarda sərbəst şəkildə müəyyən olunur. İndi bu sərbəstliyin normal bazar iqtisadiyyatı qaydalarına uyğun gəlib gəlməməsi artıq başqa mövzudur. Onu da nəzərinizə çatdıraq ki, qiymətlər sərbəstləşəndən sonra ucuzlaşma müşahidə olunmayıb. Halbuki 95 markalı benzinə daxili bazarda tələbat 10 faizdən də aşağıdır. Yəni bazar qaydaları ilə götürsək o zaman belə bir şəraitdə 95 markalı benzinin qiyməti artmamalı idi”.

Əli

Bu xəbər oxundu
- - -