Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Cənubi azərbaycanlıların yaratdığı ictimai-siyasi təşkilatların ana dili uğrunda mübarizəsi

29.12.17, 6:59
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

3-cü yazı

Sovetlər birliyinin dağılması, Şimali Azərbaycanın müstəqilliyi və Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı İranda cənubi azərbaycanlıların, xüsusən də siyasi qüvvələrin milli haqlar uğrunda mübarizəsinin yeni əsasda və istiqamətdə inkişafına güclü təkan verdi. İnqilabdan sonra həbs olunmuş milli fəalların azad edilməsi, eyni zamanda İranın Ermənistana hərtərəfli yardımı siyasi baxımdan fəal azərbaycanlıların xeyli hissəsinin, xüsusən sol, sol-radikal dairələrin milli mövqeyə keçməsinə səbəb oldu və bu da milli qüvvələrin tərkibini həm keyfiyyət, həm də kəmiyyət baxımından gücləndirdi. Çünki bu qüvvələr inqilabi təcrübədən keçmiş hazır passionar qüvvələr idi. Digər tərəfdən, müharibədən sonra başlanan quruculuq işləri dövlətin milli azlıqların milli-mədəni fəaliyyəti üzərində nəzarətinin yayınmasına səbəb olmaqla nisbətən liberal mühiti təmin etdi. Bu isə milli-siyasi qüvvələrə öz fəaliyyətlərini genişləndirməyə şərait yaratdı. İranda Azərbaycan türklərinin türkçülük şüurunun güclənməsinə təsir edən faktorlar arasında Türkiyə ilə fərdi ticarət əlaqələri və Türkiyə televiziya proqramlarının peyk antenləri vasitəsilə daha çox izlənməsi də az əhəmiyyətli deyildi.
Qeyd olunan dövrdə də, elə indinin özündə də İran türklərinin nəşrlərində, məişətdəki danışıqlarında Türkiyə türkcəsinin, gənc nəslin davranışlarında, adətlərində Türkiyə TV-lərində yayımlanan verilişlərin, film seriallarının təsirini görmək mümkündür. Belə nüanslar rəsmi İran çevrələrində, eyni zamanda İran elmi fikrində Türkiyənin rəsmi fəaliyyəti kimi qəbul edilərək Türkiyə pantürkistlərinin və kamalistlərinin azərbaycanlılar məskunlaşan məntəqələrdə təşviş yaratmaqla “Böyük Türküstan” şüarının gerçəkləşməsi istiqamətində fəaliyyəti kimi dəyərləndirilir.
Bu dövrdən etibarən İranda Azərbaycan türkçülüyü məsələsi yenidən milli zəmində, daha güclü formada gündəmə gəldi. İrandakı azərbaycanlılar arasında ana dilindən istifadə hüquqlarının reallaşdırılması tələbləri azərbaycanlıların bütün təbəqələrinin milli hədəfinə çevrildi. Hətta ən mühafizəkar sosial qrup olan ruhanilərin bəzi azərbaycanlı nümayəndələrində də belə meyllər müşahidə olunurdu. Əslən Azərbaycan türkü olan ali rütbəli ruhanilər 1990-cı ildə Bakıda baş vermiş 20 Yanvar hadisələrindən sonra müxtəlif mərasimlərdə Azərbaycan türkcəsində danışırdılar. 1990-cı ilin yanvarında ayətullah Musəvi Ərdəbili cümə namazı zamanı xütbənin sonunda Azərbaycan dilində danışaraq, sovet azərbaycanlılarının vəziyyəti ilə həmdərd olduqlarını bildirmişdi. Ayətullah Xamneyi də Azərbaycan əyalətlərinə səfəri zamanı Azərbaycan türkcəsindən istifadə edirdi. Ali təbəqədə təmsil olunan azərbaycanlılar da ana dillərindən istifadə etməklə öz milli mənsubiyyətlərini diqqətə çatdırırdılar. Dövlət strukturunda təmsil olunan nümayəndələrdə də Azərbaycançılıq meylləri güclənmişdi.
Şəbustərdən olan məclis nümayəndəsi “Qara Yanvar”la bağlı nitqində İran dövlətinin Azərbaycan əyalətləri ilə bağlı ayrıseçkilik siyasəti yeritdiyini söyləmişdi. 23 yanvar 1990-cı ildə İslam Şurası Məclisinin iki azərbaycanlı üzvü iclas zamanı “20 Yanvar və onun qurbanları haqqında” Azərbaycan dilində danışaraq Şimali Azərbaycandakı soydaşlarının dərdi ilə həmdərd olduqlarını bildirmişdilər. Onların bu hərəkətləri dəfələrlə Tehranda şiddətli qınaqlara məruz qalmışdı. “Ettelaat” qəzetində “Azərbaycan dilində söhbət?!” adlı məqalədə deyilirdi: “Əgər məclisdə başqa dillərdə danışmaq bir qaydaya çevrilsə, bunun sonu olmayacaq və davam edəcək. Əgər ərəbdilli nümayəndə ərəb dilində, kürddilli nümayəndə kürd dilində danışarsa, öz məzlum həmvətənlərini bu dildə müdafiə edərlərsə, bu, adət halını alacaq. Bu isə siyasi nöqteyi-nəzərdən əsas qanuna və milli vəhdətə ziddir”.
Bu cür meyllər hökumət tərəfindən böyük təhlükə hesab edilir və dövlətə xəyanət kimi qiymətləndirilirdi. 1988-ci ili sonlarından başlayaraq Şimali Azərbaycanda canlanan yeni dövr Azərbaycan türkçülüyünün lideri Əbülfəz Elçibəyin (prezidentliyi dövründə - 1992-1993) Bütov Azərbaycan ideyasını irəli sürməklə Cənubi Azərbaycan problemini gündəmə gətirməsi İran hökuməti tərəfindən bir təhlükəsizlik məsələsi kimi qəbul olundu. Eyni zamanda İranda belə fikir formalaşdı ki, Azərbaycan Respublikası iqtisadi, siyasi çətinliklərlə üzləşdiyi üçün radikal millətçilərin “Vahid Azərbaycan” şüarlarından ölkədə hakimiyyətdən narazılıqları yayındırmaq üçün istifadə edir. Qərb tarixçiləri də Azərbaycanın şimalında baş verən ictimai-siyasi hadisələrin İran Azərbaycanına ciddi təsirinin olduğunu, İİR prezidenti Rəfsancaninin Azərbaycan milliyyətçiliyinin İslam hökuməti olan İran üçün problem yaradacağından ehtiyat etdiyini vurğulayır, İranın Qarabağ konfliktində xristian Ermənistanına yardımlarına diqqəti çəkərək qeyd edirlər ki, İİR öz yeni şimal qonşusunu kiçik və gücsüz qalmasında maraqlı olduğundan Qarabağ konfliktini Azərbaycanın zəifləməsi üsullarından biri hesab edərək xristian Ermənistanına açıq dəstək verməkdən belə çəkinmir.
Qonşu ölkələrlə bərabərhüquqlu münasibətləri, bir-birinin daxili işlərinə qarşmamaq prinsipini dövlət
doktrinası səviyyəsinə qaldırmaq iddiasında olan, xarici ölkələrlə münasibətlərini müəyyənləşdirərkən islami dəyərlərə “önəm” verən İİR Azərbaycan Respublikasından ola biləcək “təhlükəni” (milli məsələ ilə bağlı) neytrallaşdırmaq üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə milli mənafeyi dini mənafedən üstün tutaraq Ermənistanı müdafiə edir. Qlobal və regional hadisələrin təsiri altında milli qüvvələr əsas fəaliyyətlərini sosial-siyasi istiqamətdə deyil, milli-siyasi, milli-mədəni sferada gücləndirməyə başladılar. Artıq daha konkret ideoloji hədəfləri olan milli qurumlar yarandı. Bu qurumlar müxtəlif sosial təbəqələrin mədəni və siyasi tələblərini əks etdirirdi. Şimaldakı siyasi təşkilatların adlarına bənzər və bəzən də eyni adlısı İranda da cənubi azərbaycanlılar tərəfindən yaradılırdı.
Cənubi Azərbaycanın istiqlalını öz mübarizəsinin əsas məqsədi seçən Azərbaycan Qurtuluş Təşkilatı (AQT) 1990-cı ildə Təbrizdə Eldar Qaradağlının rəhbərliyi ilə yaradılmışdı. Qurumun əsasnaməsinə
görə, onun strateji məqsədləri Cənubi Azərbaycanın istiqlalı, iki Azərbaycanın vəhdəti, demokratik və milli yüksəliş, müştərək iqtisadi, siyasi və mədəni fəaliyyətin sadələşdirilməsi, bütün türk millətləri arasında işbirliyinin genişləndirilməsi, azad bazar iqtisadiyyatı sistemi ilə maddi-texnoloji bünövrənin yaranması idi. Maarifləndirmə işlərində, Çöhrəqanlını seçki kampaniyası zamanı, 1998-ci ildə Azərbaycanşünaslıq simpoziumunun təşkilində bu təşkilatın üzvləri yaxından iştirak etmişdilər.
AQT 1997-ci ilin sonunda azərbaycanlılara xitabən
yayımladığı “31 dekabr - Azərbaycan və Azərbaycan türklərinin yenidən dirçəlməsi və ayrılıqlara qarşı yürüş günüdür” başlıqlı müraciətində İrandakı 30 milyonluq azərbaycanlının milli hüquqlarından məhrum olmasına və fars şovinizmi tərəfindən əsarətdə saxlanmasına diqqət çəkirdi. Müraciətdə düşmən qüvvələrə qarşı mübarizədə bütövlük uğrunda çalışma əzmi 45 milyonluq dünya azərbaycanlılarını birləşdirə biləcək amal, ideya kimi irəli sürülür: “Dünyanın hər hansı yerində yaşayarkən tarix, dil, milli varlıq, din və adət-ənənələrimizi mənimsəməklə bir daha 45 milyonluq millətçilik iradəmizi irəli sürüb hər zaman daha güclü düşmənlərimizə sinə gərmək əzmindəyik”.
90-cı illərin sonunda təşkilatın ən fəal üzvləri Ümid Ergən, Hüseyn Əhmədiyan və Aşıq Qafar İbrahimli təzyiqlərə məruz qaldıqları üçün mühacirət etməli olmuşdular. Bu mərhələdə yaranmış digər qurum 90-cı illərin əvvəllərində təsis edilmiş Güney Azərbaycan Fədailər Təşkilatı idi. Təşkilatın məqsədləri qurumun Urmiya şəhərində keçirilən plenumunda təsdiqlənmiş məramnaməsində əks olunub. Məramnamənin giriş hissəsində təşkilat özünü 21 Azər hərəkatının həqiqi davamçısı elan edir və bu varisliyin əsas məqsədini belə ifadə edirdi: “Azərbaycan xalqının 21 Azər hərəkatının həqiqi varisi olaraq Azərbaycan Fədailər Təşkilatı İslam Cümhuriyyətinin devrilməsinə və Azərbaycan milli dövlətinin təşkilinə kimi hərtərəfli mübarizəsini davamlandıracaq”.
Güney Azərbaycan Fədailəri Təşkilatının həyata keçirdiyi bir sıra tədbirlərlə bağlı əldə edilən sənədlər bu siyasi qurumun məramnaməsi, fəaliyyəti, onun kütlələrlə əlaqələri haqqında müəyyən təsəvvür yaradır. Həmin sənədlərdən biri Azərbaycan Fədailəri Təşkilatı Rəhbərlik Şurasının 1994-cü il avqust ayının 19-da yaydığı “Təbriz, Azərbaycan inqilabının möhkəm qalası” adlı bəyanatıdır. Təşkilatın möhürü ilə təsdiqlənmiş bəyannamədə həmin il avqustun 18-də baş vermiş, Təbrizin irtica və şovinizmə nifrətini nümayiş etdirən iğtişaşlar haqqında xəbər verilir. Xəbərdən bəlli olur ki, avqustun 18-də Təbriz stadionunda futbol matçı zamanı tamaşaçılar arasında olan gənc fədailər “Yaşasın Azərbaycan!”, “Fars şovinizminə ölüm!”, “Siz Səttarxanın oğulları deyilsinizmi?” və s. şüarlar söyləməklə kütlənin milli hisslərini oyatmağa çalışmış, bu etirazları küçə iğtişaşlarına çevirə bilmişdilər. Azərbaycan Fədailəri Təşkilatı sözügedən hadisələrlə bağlı belə bir bəyanat yaymışdı:
“Biz Azərbaycan fədailəri Təbriz cavanlarının bu qoçaqlığını təbrik etməklə Azərbaycan xalqına bildiririk ki, 21 Azər hərəkatının yeganə varisləri kimi özümüzün amansız və hərtərəfli mübarizəmizi Azərbaycan xalqının qüdrətinə və İranın digər xalqlarının hərəkatının nümayəndələri ilə inqilabçı işbirliyinə söykənməklə xalqa zidd və istismar mərkəzi olan bu rejimi yıxana və Azərbaycan istiqlaliyyətini qazananadək davam etdirəcəyik”. Qeyd olunan təşkilatların fəaliyyəti tədqiqatçı Brenda Şaffer tərəfindən şübhə altına alınır: “... Xaricdəki mühacir cənubi azərbaycanlıların nəşr etdiyi, eyni zamanda Azərbaycan Respublikasındafəaliyyət göstərən mətbu orqanlara istinadən İranda “Azərbaycan Fədailər Təşkilatı”, “Azərbaycan Qurtuluş Təşkilatı”nın yarandığını qeyd etmək olar, lakin bununla yanaşı bu təşkilatların varlığı ilə bağlı dəqiq fikir söyləmək çətindir”.
Mərkəzi Təbrizdə olan Vahid Müstəqil Azərbaycan Cəbhəsi (VMAC) 1993-cü ilə qədər gizli fəaliyyət göstərmiş, Şimali Azərbaycan müstəqillik əldə edəndən sonra öz varlığını elan etmişdi. VMAC-ın nizamnaməsindən də məlum olur ki, təşkilatın əsası 1979-cu il İran İslam inqilabı dövründə qoyulub. Cəbhənin ən fəal üzvləri əvvəlcə Müsəlman Xalq Partiyasının tərkibində mübarizə aparmış, uğursuzluqdan sonra isə belə qərara gəlmişdilər ki, Güney Azərbaycan öz haqlarını yalnız İrandan ayrılıb müstəqil olandan sonra əldə edə bilər.

Yeganə Hacıyeva

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)