Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Hesablama Palatası ARDNF-lə bağlı təkliflərini açıqlayıb

29.12.17, 9:17
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Hesablama Palatası Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsi ilə bağlı rəyi açıqlayıb.
Sənəddə qeyd edilib ki, Dövlət Neft Fondunun 2018-ci il büdcəsində Neft Fondunun gəlirləri 11560,0 mln. manat həcmində proqnozlaşdırılıb ki, bu da 2016-cı ilin icra göstəricisindən 2149,8 mln manat və ya 22,8% çox, 2017-ci ilin proqnoz göstəricisindən 746,1 mln. manat və ya 6,9% çox, 2017-ci ilin gözlənilən icra göstəricisindən isə 574,4 mln. manat və ya 4,7% azdır.
Neft Fondunun gəlirləri mənfəət neftinin və qazın satışından daxilolmalar, akrhesabı ödənişlər, tranzit gəlirlər, bonus ödənişlər, Fondun vəsaitinin idarə olunmasından əldə olunan daxilolmalar üzrə proqnozlaşdırılıb. Layihədə Fondun xərcləri 9730,4 mln. manat məbləğində nəzərdə tutulur ki, bu da 2016-cı ilin müvafiq icra göstəricisindən 708,4 mln. manat və ya 7,8% çox, 2017-ci ilin proqnoz göstəricisindən 5512,5 mln. manat və ya 36,2% az, 2017-ci ilin gözlənilən icra göstəricisindən isə 2232,2 mln. manat və ya 18,6% azdır. Fondun xərcləri üzrə vəsaitlərin Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi, dövlət büdcəsinə transfert, “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinin maliyyələşdirilməsi, “Bakı-Tbilisi-Qars yeni dəmir yolu” layihəsinin maliyyələşdirilməsi, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi, Dövlət Neft Fondunun idarəedilməsi ilə bağlı xərclərə yönəldilməsi nəzərdə tutulub.
Rəydə bildirilir ki, bu ilin üçüncü rübünün sonuna Dövlət Neft Fondunun vəsaitlərinin idarə edilməsindən 461,6 mln. ABŞ dolları və yaxud 816,7 mln. manat məbləğində gəlir əldə edilib ki, bu illik il üçün nəzərdə tutulmuş müvafiq gəlirlərinin (963,9 mln. manat) 84,7%-ni təşkil edir. 2017-ci ilin doqquz ayı üzrə ARDNF-nin investisiya portfelinin gəlirliliyi 1.38% təşkil etmişdir ki, bu nəticə də ötən ilin müvafiq göstəricisi (2016-cı il üzrə 1.28%) ilə müqayisədə 0,1% artıb.
Gəlirliliyin əsas artım səbəbi səhm yatırımları üzrə gəlirliliyin keçən ilin müvafiq rəqəmləri ilə müqayisədə daha yüksək olmasıdır. Qeyd olunanları nəzərə alaraq, Dövlət Neft Fondunun İnvestisiya siyasətinin formalaşdırılmasında uzunmüddətli investisiya strategiyasının səmərəli tətbiqinə, investisiya portfelinin bu strategiya fonunda daha da optimallaşdırılmasına və gəlirliliyinin yüksəldilməsinə istiqamətlənən mövcud bazar konyunkturasının ciddi araşdırılmasına və müvafiq təhlillərin aparılmasına ehtiyac yaranıb. Belə ki, beynəlxalq kapital və qiymətli kağızlar bazar konyunkturları üzrə tərəddüdlərin nəticəsində yaranmış və yarana biləcək risklərin minimuma endirilməsi məqsədilə qeyri-investisiya reytinqinə malik borc öhdəlikləri və təsisatlardakı depozitlər üzrə ümumi yuxarı həddin müəyyənləşməsi və səhm (pay) portfelinin investisiya portfelinin məcmu dəyərinin ümumi olaraq maksimum 25%-i nəzərə alınmaqla (31 oktyabr 2017-ci il tarixə investisiya portfelində səhm portfelinin həcminin 5311,0 mln. ABŞ dolları və ya 14,7% təşkil etməsi nəzərə alınmaqla) növbəti ilə ehtiyatlı yanaşma prinsipi əsasında mərhələli şəkildə həyata keçirilməsinin vacibliyini qeyd etmək olar.

Qeyd edildiyi kimi, cari ildən başlayaraq Fondun səhm portfelinin əvvəlki illə müqayisədə 15%-dən 25%-dək qaldırılması nəzərdə tutulur. Fond səhmlərə investisiya qoyuluşuna 2010-cu ildən başlamışdır və 2014-cü ilin sonuna səhmdə aktivlərin həcmi 6,5%, 2015-ci ildə 10,2%, 2016-cı ildə 12,2% təşkil edib. 2016-cı ilin investisiya siyasəti sənədində bu nisbətin 15%-dək limitdə müəyyən edilməsi göstərilib. Hesablama Palatası hesab edir ki, ötən dövrlərdən fərqli olaraq səhm portfelinin artırılması həmin aktivlərdə saxlanılan vəsaitlərin gəlirlilik səviyyəsini qaldırsa da, səhmdə böyük həcmdə pulun saxlanılması son dövrlərdə maliyyə bazarlarında müşahidə edilən dəyişkən davranışların fiskal itkilərə səbəb ola bilməsi ehtimalı diqqətdə saxlanılmalıdır.

Bu xəbər oxundu
- - -