Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

DSMF sosial müavinət ödənişləri üzrə izafi xərclərə yol verib

29.12.17, 9:18
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Sağlamlıq imkanları məhdud 18 yaşadək uşaq kimi müavinət alanların sayı ölkə üzrə 2015-ci ildə 67081 nəfər, 2016-cı ildə isə 71934 nəfər olub. 2015-cı ildə 18 yaşınadək uşaqların tərkibində onların xüsusi çəkisi ölkə üzrə 2,59%, 2016-cı ildə isə 2,76% təşkil etmişdir. Həmin göstərici Cəbrayıl(8,55%), Kəlbəcər (8,08%), Yardımlı (6,77%), Daşkəsən (6,85%), Cəlilabad (4,95%), İsmayıllı (4,71%), Gədəbəy (4,18%) rayonları üzrə daha yüksək olub”.
Bu barədə “Xalq Cəbhəsi” qəzeti Hesablama Palatasının sosial müavinət, kompensasiya və təqaüd təminatının mövcud vəziyyətinin təhlili və səmərəliliyinin müəyyən edilməsi ilə bağlı 2015-2016-cı illər üzrə apardığı ekspert-analitik təhlilin nəticələrinə istinadən xəbər verir.
Sənəddə bildirilir ki, 2016-cı il üzrə əliliyə görə pensiya və sosial müavinət alanlar, eləcə də sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar da daxil olmaqla bütövlükdə əqli və fiziki qüsurlardan əziyyət çəkənlər ölkə əhalisinin 6,1%-i təşkil edib. Lakin həmin göstərici Qubadlı (12,0%), Daşkəsən (11,2%), Kəlbəcər (11,0%), Yardımlı (10,6%), Gədəbəy (9,5%), Cəlilabad (8,8%), Ağcabədi (8,6%), Mingəçevir (8,5%), İsmayıllı (8,3%) rayonlarında ölkə üzrə göstəricidən xeyli yüksək olub. Əlilliyin müəyyən edilməsində qanunvericiliyə tam əməl olunmasını təmin etmək üçün bu halların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırılmasına ehtiyac duyulur.
“Sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara sosial müavinət onların əmək pensiyası almaq hüququ olmadıqda təyin edilərək ödənilir. Onların isə yalnız ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ ola bilər. 01 iyul 2017-ci ilə qədər qüvvədə olan qanunvericiliyə əsasən vəfat etmiş ailə başçısının öhdəsində ailənin 1 və ya 2 üzvü olması əmək pensiyasının məbləğinə təsir göstərmirdi. Ayrı-ayrı vətəndaşlar tərəfindən qanunvericiliyin düzgün anlaşılmaması, onlar tərəfindən sağlamlıq imkanları məhdud 18 yaşadək uşağın pensiya hüququnun yaranması barədə Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrinə məlumat verilməməsi, şöbədə pensiya və müavinət təyinatının müxtəlif sektorlar tərəfindən aparılması nəticəsində bu faktların vaxtında araşdırılmasının çətinliyi bir sıra hallarda artıq ödəmələrlə nəticələnir. Belə ki, Hesablama Palatasının apardığı audit tədbirləri nəticəsində aşkar edilib ki, müavinət təyin olunduqdan sonra əmək pensiyası hüququnun yaranmasına baxmayaraq sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara sosial müavinət ödənişinin dayandırılmaması səbəbindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsi üzrə 7792,60 manat, Sumqayıt şəhər şöbəsi üzrə 5361,65 manat, Suraxanı rayonu üzrə 6878,4 manat, Lənkəran rayonu üzrə 7964,2 manat, Xaçmaz rayonu üzrə 5212,5 manat, Tovuz rayonu üzrə 8280,2 manat, Qaradağ rayonu üzrə 6019,0 manat, Ağstafa rayonu üzrə 12081,13 manat və s. artıq ödəməyə yol verilib”, - deyə sənədə qeyd olunub.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilən dəyişikliklərə əsasən 01 iyul 2017-ci ildən etibarən ailə başçısını itirməyə görə əmək pensiyasının minimum məbləği pensiya almaq hüququ olan ailə üzvlərinin sayından asılı olmayaraq 110,0 manat müəyyən edilir. Bu isə həmin növ pensiya hüququnun yaranması barədə məlumat verilməməsi hallarının artması ilə nəticələnəcək. Digər tərəfdən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara sosial müavinət həmin uşaqların məhdudlaşmış sağlamlıq imkanlarının bərpası məqsədilə təyin edilir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Bu baxımdan sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara sosial müavinətin təyin edilməsindən asılı olmayaraq onlara ailə başçısını itirməyə görə əmək pensiyasının və ya sosial müavinətin təyin edilməsinin mümkünlüyü məsələsinə baxılması məqsədəmüvafiq olardı.

Bu xəbər oxundu
- - -