Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Xamneyinin dili açıldı...

10.01.18, 12:48
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Bu etirazların xərcini “Fars körfəzi”ndə pulu başından aşıb-daşan dövlətlərdən biri verib”

İranın dini lideri Əli Xamneyi yanvarın 9-da ruhanilər və bir qrup Qum əhalisi ilə görüşərək son iki həftədə ölkənin 100-dən çox şəhərində ona və onun hakimiyyətinə qarşı keçirilən kütləvi xalq etirazlarından danışıb.
Ölkə əhalisinin hakimiyyətə qarşı kütləvi etirazının səbəbinə toxunmayan Xamneyi bildirib ki, bu etirazların arxasında Amerika, İsrail, Xalq Mücahidləri Təşkilatı dayanıb. O, həmçinin Səudiyyə Ərəbistanının adını çəkmədən onu, ölkədə hakimiyyətə qarşı keçirilən aksiyaları maliyyələşdirməkdə günahlandırıb: “Bu etirazların xərcini, “Fars körfəzi”ndə pulu başından aşıb-daşan dövlətlərdən biri verib. Çünki, nə qədər ki belə dövlətlər var, amerikalılar belə şeylərə pul xərcləməzlər. Son günlər xarici düşmənlər birləşərək İrana və islam respublikasına müəyyən zərbə vurdular. Lakin düşmənlər bilməlidir ki, onların bu əməli cavabsız qalmayacaq.
Amerikada hakim olan cənablara üzümü tutub deyirəm ki, sizin atdığınız ox daşa dəydi. Ola bilsin ki, bunu gələcəkdə yenidən təkrar edəcəksiniz. Lakin bilin ki, başınız yenə daşa dəyəcək. İstər ölkə daxilində, istərsə də xarici ölkələrdə amerikalılarla oturub duran, onlarla ünsiyyətdə olanlara da bildirirəm ki, bu sistem öz ayağı üstündə möhkəm dayanıb və Allahın köməkliyi ilə ölkədə mövcud olan bütün nöqsanları və çətinlikləri aradan qaldıracaq.
Amerika və sionistlər, sistemə qarşı etirazları təşkilatlandırmaq və onu yönləndirmək üçün ölkə qonşuluğunda iki komandanlıq qərargahı yaratmışdılar. Bu qərargahlardan biri virtual aləmdəki əməliyyatlara başçılıq etmək, digəri isə ölkədə baş verən iğtişaşların rəhbərliyini ələ almaq üçün yaradılmışdı. Hər iki qərargah, amerikalılarla sionistlər tərəfindən idarə olunurdu. “Münafiqlər” Təşkilatı da (“İran Xalq Mücahidləri Təşkilatı” nəzərdə tutulur- red.) bu işin icraçısı rolunu oynayırdılar. Düşmənlər, qalib gələcəklərinə tam əmin idilər. Lakin göstərdikləri bütün cəhdlərə baxmayaraq onların bu planı baş tutmadı.
Düzdür, 100 nəfərin və ya misal üçün 500 nəfərin bir yerə toplaşaraq öz iqtisadi tələblərini irəli sürməsi və ya hansısa problemlərini bildirməsi, normal bir məsələdir. Sözsüz ki, onların sözü rəsmilər tərəfindən eşidilməli, problemləri isə imkan daxilində aradan qaldırılmalıdır. Bu başqa məsələdir. Lakin bir qrup şəxsin həmin toplantılardan sui-istifadə edərək “Quran”ı və islamı söyüb təhqir etməsi, ölkə bayrağına, məscidlərə od vuraraq iğtişaşlar törətməsi də tam başqa məsələdir. Bunları bir-biri ilə qarışdırmaq olmaz. Bunlar qəbuledilməzdir”.
Axund Xamneyi, yanvarın 2-də bir qrup “şəhid ailəsi” ilə görüşərək, ona və onun başçılıq etdiyi hakim rejimə qarşı ölkədə keçirilən kütləvi etirazlara münasibət bildirmişdi. Onun, xalq etirazlarının 6-cı günündə üzə çıxaraq bir həftəlik susğunluğuna son qoyması diqqətləri özünə çəkmişdi.
Etirazlarda “xarici düşmən”in əlinin olduğunu bildirən Xamneyi, məsələ ilə bağlı gələcəkdə xalqla danışacağını bildirmişdi: “Mənim ölkədə baş verən olaylarla bağlı deyiləsi sözlərim var və vaxtı gələndə onları əziz millətimizlə bir araya qoyacağam”.
Xatırladaq ki, İran hakimiyyətinin iqtisadi, daxili və xarici siyasətinə qarşı ilk etirazlar, “Bahalığa yox” adı altında “Teleqram” sosial şəbəkəsində edilən çağırışa əsasən, dekabrın 28-də Rəzəvi Xorasan əyalətinin Məşhəd şəhərindən başlanıb. Sonradan isə etirazçıların səsləndirdiyi şüarlar daha sərtləşərək bütün molla hakimiyyətinin əleyhinə yönəlib.
İranın 100-dən çox şəhərində ölkənin ağır və acınacaqlı iqtisadi durumuna, yoxsulluğa, repressiyalara, rejimin daxili və xarici müdaxiləçi siyasətinə qarşı keçirilən etirazlarda, axund Əli Xamneyiyə, prezident Həsən Ruhaniyə və digər rəsmilərə qarşı ölüm şüarları səsləndirilib.
Etirazlarda ən azı 25 nəfər rejim qüvvələri tərəfindən öldürülmüş, onlarla insan yaralanmış və 3700 nəfərdən çox insan tutulub. Hazırda ölkənin mühüm və iri şəhərlərində elan olunmamış bir növ fövqəladə vəziyyət hökm sürdüyünə görə, xalq etirazları müvəqqəti olaraq dayandırılıb.

Bu xəbər oxundu
- - -