Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İranda işgəncələr altında öldürülən aksiyaçıların sayı 5-ə çatıb

10.01.18, 12:50
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Son iki həftədə paytaxt Tehranda və İranın digər şəhərlərində islam respublikası hakimiyyətinə qarşı keçirilən kütləvi xalq etirazlarında tutularaq zindanlarda işgəncələr altında öldürülənlərin sayı 5 nəfərə çatıb.
Bu barədə iranlı hüquq təşkilatları məlumat yaysa da, İran rəsmiləri həmin şəxslərin “intihar” etdiyini bildirirlər.
İranda məşhur vəkil və hüquq müdafiəçisi Nəsrin Sütudə yanvarın 9-da “Azadlıq” radiosunun “fars” redaksiyasına müsahibəsində bildirib ki, son günlər aksiyalarda tutularaq zindanlarda həyatını itirən gənc etirazçıların sayı 5-ə çatıb: “Məndə olan məlumatlara görə, 22 yaşlı Sina Qənbəridən başqa, gənc aksiyaçılar, Möhsün Adili və Vəhid Heydəri Dezful və Ərak zindanlarında, adları hələlik bəlli olmayan 2 nəfər isə Tehranın Evin zindanında naməlum səbəblərdən həyatlarını itiriblər. Hazırda məsələnin mahiyyətini araşdırmaqla məşğuluq”.
Qeyd edək ki, İranda insan hüquqları uğrunda apardığı dinc mübarizəsinə görə, uzun illər Tehranın Evin zindanında həbsdə saxlandıqdan sonra bir neçə il əvvəl azadlığa buraxılan Nəsrin Sütudə, 2008-ci ildə Beynəlxalq İnsan Haqları Təşkilatının mükafatına layiq görülüb. O, İranın ən cəsur qadın vəkillərindən biri kimi tanınır.
Bir neçə gün əvvəl Tehranda hakimiyyətə qarşı keçirilən kütləvi etirazlarda tutulan 22 yaşlı aksiyaçı Sina Qənbəri ötən şənbə günü sübh saatlarında dindirilərkən işgəncələr altında öldürülüb.
Tehran əyaləti zindanlarının baş direktoru Mustafa Mohebbi yanvarın 8-də jurnalistlərə açıqlamasında gənc aksiyaçının ölümünü təsdiqləyib: “Təəssüflər olsun ki, bu düz xəbərdir. Hüquq-mühafizə qüvvələri tərəfindən tutulan və Evin zindanının karantin bölməsində saxlanılan Sina Qənbəri ötən şənbə günü səhər saatlarında naməlum səbəblərdən ayaq yolunda özünü asıb”.
Mustafa Mohebbi, 22 yaşlı sağlam bir gəncin tutulmasından bir neçə gün sonra niyə özünə qəsd edərək “intihar” həddinə çatdırıldığını açıqlamayıb.

Bu xəbər oxundu
- - -