Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Əsas söz sahibi bölgədə marağı olan böyük dövlətlərdir”

12.01.18, 11:33
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Elxan Şahinoğlu: “Onların istəyi olmadan ATƏT sədri münaqişənin həllini sürətləndirə bilməz”

ABŞ ATƏT-ə sədrlik edən İtaliyanı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tapılması üçün Minsk qrupunun səylərinə dəstək verməyə çağırıb. Bunu İtaliyanın XİN rəhbəri Angelino Alfanonun ATƏT Daimi Şurasındakı çıxışına ABŞ-ın ATƏT-dəki Nümayəndəliyi cavab olaraq deyib: “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tapılması üçün sizi şəxsi nümayəndəniz və Minsk qrupunun səylərini dəstəkləməyə çağırırıq”. Həmçinin əlavə edilib ki, Nümayəndəlik 2017-ci ildə Azərbaycan və Ermənistan prezidentləri arasında baş tutan Cenevrə görüşünü ümidverici amil kimi qiymətləndirir.
Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç təşkilata sədrlik edən İtaliyanın xarici işlər naziri Angelino Alfanonun çıxışına cavab olaraq bəyanatında bildirib ki, Rusiya ATƏT-in İtaliya sədrliyinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində səylərini dəstəkləyəcək: “Bərabərhüquqlu əməkdaşlıq əvəzinə "ikili standartlar" görürük və ayrı-ayrı millətlərin və ölkələrin "müstəsnalığı" barədə bəyanatlar eşidirik. Bütün bunlar problemləri və münaqişələri həll etməyə kömək etmir, əksinə onları yaradır”.
O həmçinin qeyd edib ki, Moskva sədrliyin regional münaqişələrin həlli üzrə səylərinin davam etdirilməsini dəstəkləyir.
“Atlas” Asraşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu isə diqqətə çatdırıb ki, 25 il ərzində ATƏT-ə çox dövlət sədrlik edib.
O vurğulayıb ki, hətta Azərbaycana çox yaxın dövlətlər, Qazaxıstan da bu təşkilata sədrlik edib: “Çox təəssüf ki, ATƏT-də sədrlik simvolik xarakter daşıyır və sədr istəsə belə münaqişənin həllində ortaya fəallıq qoya bilmir”. Politoloqun fikrincə, əsas söz sahibi bölgədə marağı olan böyük dövlətlərdir və onların istəyi olmadan ATƏT sədri münaqişənin həllini sürətləndirə bilməz.
E. Şahinoğlu əlavə edib ki, bu il Ermənistan prezidenti Serj Sarkisyan partiyasına saxta yolla qələbə qazandırıb kürsüsünü dəyişəcək, yəni Sarkisyan baş nazir ola bilər: “Baş nazir kimi onun prezidentdən yüksək statusu olacaq. Sarkisyan bu yolla ölkəni idarə etməyə çalışacaq”.
“Sarkisyanın prezidentlik müddəti başa çatana qədər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prezidentlər səviyyəsində görüş baş tuta bilərmi?” sualına cavabda politoloq deyib: “Prezidentlər səviyyəsində görüşün olacağına inanmıram. Bu il seçki ilidir. Qarabağ danışıqlarında da irəliləyiş yoxdur”.
“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yanvarın ortalarında baş tutacaq görüşü barədə optimist deyiləm”,- deyən politoloq qeyd edib ki, XİN rəhbərlərinin görüşündən ciddi bir nəticə gözləmir. Bunun səbəbini isə politoloq Ermənistanın siyasətində heç bir dəyişikliyin olmaması ilə əlaqələndirib.
Əli

Bu xəbər oxundu
- - -