Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İranda fars və Azərbaycan dilləri əsas dövlət dili olmalıdır

15.01.18, 7:38
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

1-ci yazı

1997-ci ildə İranda yeddinci prezident seçkiləri zamanı mühafizəkarlarla islahatçılar arasında namizədlərin seçilməsi ilə bağlı toqquşmalar baş verdi. Ölkədə islahatçı və müəyyən dərəcədə rejimdən “narazı” (Mədəniyyət və İslami irşad naziri postundan istefa verməyə məcbur edilmişdi) imicinə malik olan höccətülislam Seyid Məhəmməd Xatəmi prezident seçildi. S.M.Xatəminin prezident seçilməsi İranda demokratiyanın mühüm qələbəsi hesab olunurdu. Xatəmi öz seçki platformasında bir sıra demokratik, sosial və s. dəyişikliklərlə yanaşı milli azlıqların millətlərin İran konstitusiyasının 15-ci maddəsində nəzərdə tutulmuş hüququnun təmin ediləcəyi barədə vədlər verməklə azərbaycanlıların da rəğbətini qazanmışdı. Seçicilərin böyük qismini təşkil edən azərbaycanlıların orta hesabla 70 faizi öz səsini məhz Xatəmiyə vermişdi.
Xatəminin hakimiyyətə gəlməsi ilə bütün ölkədə “islahatçılar” adlanan bir hərəkat başladı. “İslahatçılar” sivil cəmiyyət, qanun, azadlıq, müstəqillik anlayışlarını islami bir çərçivədə şərh etməyə çalışırdılar. Bu siyasətə görə, İranda milli və etnik mənsubiyyət məsələsinə fərqli yanaşma var idi: milli mənsubiyyət fars dili çərçivəsində, etnik mənsubiyyət isə mədəni sahədə qalmalı, siyasi meydana girməməlidir. Xatəmiyə görə İran etnik, dil və din fərqliliklərindən ibarət bir ölkədir. İranlılıq bütün bu fərqlərin üstündə olan bir faktdır. İranlılıq sünni, şiə, fars, türk ünsürlərini öz içərisində saxlamaqdadır. Başqa cür deyilsə, “İran bütün İranlılarındır”. Xatəmi siyasi islahatlarını “vətəndaş cəmiyyəti” çərçivəsində həyata keçirməli idi. Həmin layihəyə görə, cəmiyyət fərdlərinin fərdi və ictimai haqları rəsmən tanınırdı və onların etnik mənsubiyyətinə toxunmadan, bütün sahələrdə (iqtisadi, siyasi, mədəni və s.) fəaliyyətlərinə imkan yaradılmalı idi. Bu layihə təcrübədə həyata keçmədi. 1997-ci ildə Xatəminin başçılıq etdiyi “islahatçılar”ın yürütdüyü daxili siyasət ab-havanı nisbətən mülayimləşdirmiş və siyasi mühitdəki canlanma Cənubi Azərbaycan milli qüvvələrinin siyasi fəaliyyətlərini gücləndirməsi üçün şərait yaratmışdı. “İslahatçılar”ın hakimiyyətə gəlməsindən 2005-ci ilə qədərki dövrü cənubi azərbaycanlıların apardığı mübarizənin IV mərhələsi hesab etmək olar. Mövcud şərait siyasi qüvvələrin fəaliyyətinin istiqaməti və məzmununa mühüm təsir göstərdi. Bu mərhələnin əvvəllərindən başlayaraq milli qüvvələrin cəmləşdiyi siyasi qurumlar tədricən leqal fəaliyyətə keçdilər. Aparılan mübarizədə türkçülük məfkurəsi əsas ideoloji xətti təşkil edirdi. Adında Azərbaycan-türk kəlmələri olan təşkilatların sayı artmağa başlamışdı. Güney Azərbaycan Türk Dirçəliş Təşkilatı, Gənc Türklər Təşkilatı, Bizim Yol Güney Azərbaycan Milli Azadlıq Təşkilatı, Milli Hərəkat Quruluşu (MOHEQ), Milli İslami Hərəkat (MİH) və s. bu qəbildən olan qurumlar idi. Həmin təşkilatlar ana dilinə dövlət statusu verilməsi, federasiya və istiqlal uğrunda mübarizə aparırdılar.
1998-ci ildə Azərbaycan Respublikasında Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsi qurulub. Öz fəaliyyətini insan haqlarının müdafiəsi prinsipləri üzərində quran bu təşkilatın qurucusu və rəhbəri hazırda Norveçdə yaşayan Böyük Rəsuloğludur və Cənubi Azərbaycan məsələsinin beynəlxalq bir məsələ kimi qəbul edilməsi yönündə fəaliyyət göstərir.
1998-ci ildə Azərbaycan türklərinin köklü milli maraqları uğrunda irimiqyaslı ictimai-siyasi fəaliyyətin mərkəzləşdirilməsi istiqamətində növbəti cəhd edildi. Güney Azərbaycan Türk Dirçəliş Təşkilatı, Bizim Yol Güney Azərbaycan Milli Azadlıq Təşkilatı, Vahid Müstəqil Azərbaycan Cəbhəsi, Azərbaycan Qurtuluş Təşkilatı, Güney Azərbaycan Gənc Türklər Təşkilatı, Güney Azərbaycan Demokratik Cəbhəsi 1998-ci il aprel ayının 28-də birləşmələri haqda belə bir bildiriş yaymışdı: “Xalqımızın varlığını, torpaq bütünlüyümüzü, dil və mədəniyyətimizi sual altında qoyanlarla amansız mübarizəyə qərar verildi. Bu təşkilatlar “Güney Azərbaycan Türk Azadlıq və İstiqlal Şurası” (Milli Şura da deyilirdi - Y.H.) adı altında fəaliyyət göstərəcəklər. Milli Şura Cənubi Azərbaycanın istiqlalı uğrunda mübarizə aparmaqla bərabər, vətənin vahidliyinə olan sarsılmaz inanc çərçivəsində Qüzey Azərbaycanın müstəqilliyinin qoruyucusu olduğunu bildirir”.
Təşkilat 1999-cu ilin 31 dekabrında Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə müraciət qəbul etmişdi. Müraciətdə deyilirdi: “Vətənimizin Güney hissəsində yaşayan 30 milyona yaxın qarabəxt insan nəinki öz adi insan haqqına qovuşmayıb, fars şovinizminin açıq və gizli təhqirlərinə məruz qalaraq öz milli varlığını itirməkdə və assimilyasiya olunmaqdadır. 40 milyonluq güclü Azərbaycan dövlətinin yaranmasına doğru addımlamalıyıq. Güney Azərbaycanda millətimizin faciəsini bütün dünyaya çatdırmaq, hədəfə yetmək üçün azərbaycanlılara tövsiyə edilir ki, quzeylisi-güneylisi, iqtidarlı-müxalifətli, kasıb-varlısı, bütün təbəqələri əl-ələ versinlər. Bütün çıxışlarında milli bütünlüyümüzü, milli varlığımızı təbliğ etsinlər və azadlığımızın milli birliklə, türklük yolu ilə demokratiya körpüsündən keçəcəyini xalqımıza çatdırsınlar”.
Milli Şuranın yaranmasına minimal effekt baxımından yanaşsaq belə, faydalı sayılmalıdır. Bu, təşkilatların fəaliyyətinin daha geniş tutumlu ictimai-siyasi fəallıq müstəvisinə keçdiyini göstərməklə yanaşı, fərqli baxışların daşıyıcılarının bir mərkəzdə birləşməsi və hamısı üçün eyni dərəcədə aktual olan ana dili məsələsində mövqelərinin dəqiqləşməsi sahəsində növbəti addım kimi müsbət qiymətləndirilməlidir.
Türklük şüuruna söykənən, sıralarında siyasi cəhətdən fəal qüvvələri birləşdirən təşkilatlar əvvəlki illərdə olduğu kimi təkmil mexanizmin olmaması, təcrübəsizlik və s. səbəblərdən milli hərəkatda elə bir mühüm və ciddi hadisəyə çevrilə bilmədilər. Milli məsələnin həllinə müxtəlif yanaşma və baxışları olan siyasi təşkilatların problemin həlli ilə bağlı ideyalarını belə qruplaşdırmaq olar:
- Bir qrup belə hesab edirdi ki, İranı tarix boyu türklər idarə ediblər, bu ənənə davam etdirilməlidir. Sadəcə olaraq İranda Azərbaycan türkcəsinin fars dili qədər dövlət dəstəyi və imkanları qazanması uğrunda mübarizə aparmaq lazımdır. Yəni İran iki milli dilli – farsdilli və azərbaycandilli ölkə olmalıdır. Onlar Azərbaycan türkcəsinin statusunun yüksəldilməsi, dövlət dili elan edilməsi uğrunda çıxış edirdilər.
- Digər qrup İranın inzibati-ərazi quruluşunun federativ əsasda yenidən təşkil edilməsinin tərəfdarı idi.
- Birbaşa istiqlal uğrunda mübarizəni vacib sayan təşkilatlar da çox idi.
Məsələnin həllinin perspektivi barədə xarici müəlliflərin də mövqeyi maraqlıdır. Bayron Qud və Meri Qud kimi müəlliflərin fikrincə, azərbaycanlılar İranda hökumətin daha demokratik formaları uğrunda mübarizənin önündə getməkdə davam edəcəklər. Azərilər (ifadə müəlliflərindir) İrandan ayrılmaqdansa, mərkəzi hökumətdə mərkəzi rol oynamaq təşəbbüslərini davam etdirəcəklər”. Cənubi azərbaycanlı fəallar arasında İranın ərazi bütövlüyünün saxlanılması ilə rejim dəyişikliyini istəyənlərin sayı kifayət qədərdir.
90-cı illərin sonundan milli qüvvələrin mübarizəsi kütləvi xarakter almağa başlamış və mütəşəkkil forma kəsb etmişdi. Milli hərəkatın yeni kütləvi formalarından biri “Babək qalası”na yürüşlərin təşkili idi. 1999-cu ildən başlayaraq hər il iyulun 4-ü və 5-də yüz minlərlə insan Bəzz qalasına toplaşır, bildirişlər yayırdılar. Bu bildirişlərdə dil məsələsi xüsusilə diqqəti cəlb edirdi: “Milli hoviyyətin, mədəniyyətin yox olmasını harada görürsünüz? Gəlin 15-19-cu maddələri öz ailəmizdən başlayaq. Gəlin birlik və məhəbbət əlini bir-birimizə uzadaq, gəlin azərbaycanlı olaq”. Ən möhtəşəm yürüş 2002-ci ildə baş tutmuşdu. Həmin il tarixdə ikinci dəfə əzəmətli yürüş keçirilmişdi. Bir milyona yaxın insanın iştirak etdiyi bu yürüşdə milli-mədəni haqlarla bağlı şüarlar səslənmiş, Azərbaycan dilində şeirlər və musiqi oxunmuşdu. Cənubi Azərbaycanın milli bayrağı 2003-cü ildə Babək qalasına yürüş zamanı on minlərlə azərbaycanlı tərəfindən milli hərəkatın simvolu kimi qəbul edilmişdi.
Həmin illərdə milli haqların İran sərhədləri çərçivəsində təmin olunması tələbi daha çox səslənirdi. Əvvəllər radikal çıxışlara söykənən hərəkatda mülayim meyillər güclənmiş, müstəqillik, bütövləşmə tələbləri azalmışdı. Onların tələbləri ən uzağı Cənubi Azərbaycana müstəqillik verilməsinə qədər gedib çıxırdı. Bu dövrdə bütöv Azərbaycan məsələsinin bəzi qurumlar istisna olmaqla, Cənubi Azərbaycan təşkilatlarından ötrü prioritet olduğunu iddia etmək çətindir. Əsasən, Azərbaycan-türk kimliyinin qorunması, Konstitusiya çərçivəsində hərəkət etmək, ana dilində mətbuat, radio, televiziya və məktəblərin açılması, ədalətli davranma və s. tələblər qoyulurdu. Mübarizə milli dil-türk dili, milli kimlik-türk kimliyi uğrunda etiraz dalğasına çevrilmişdi. Bu dövrdə cənubi azərbaycanlıların fərqli platformalara və taktikaya malik təşkilatlarını birləşdirən ümumi əsas cəhət milli kimlik uğrunda mübarizələri idi. Kollektiv özünü tanıtma formalarından biri, məhz müstəsna türkçülüklə eyniləşdirilən sosiomədəni özünüidentifikasiya milli haqlar uğrunda mübarizənin əsasını təşkil edirdi. Özünüidentifikasiya prosesində prioritet kimi müəyyən edilmiş türk bazis komponenti milli ideyanın yeganə forması kimi təklif edilməkdə idi və istər daxili, istərsə də xarici siyasi fəaliyyətdə bütün sonrakı addımlar yalnız bu amildən irəli gəlirdi. Hərəkatın xarakterindəki bu ümumiləşdirici cəhət Avropa müəlliflərinin də diqqətini çəkmişdi. Avropa müəlliflərindən bəziləri belə hesab edir ki, İran türk millətçiliyindən ehtiyat edir. Tehran türkçülük hərəkatını hamı üçün ən böyük təhlükə hesab edir.

Yeganə Hacıyeva

Bu xəbər oxundu
- - -