Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Əslində, Lavrovun bəyanatında yenilik yoxdur”

16.01.18, 9:34
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azər Rəşidoğlu: “Kreml indi mərhələli variant təklif edir”

Qabil Hüseynli: “Lavrov bu bəyanatı verməklə məsuliyyəti Rusiyanın üzərindən atmaq istəyir”


Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən ilin yekunlarına həsr edilən mətbuat konfransında Qarabağdan da danışıb. Rusiyanın baş diplomatı bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli münaqişə tərəflərinin əlindədir. O qeyd edib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin təkliflərinə əsasən, münaqişə tərəflərindən pozitiv siqnallar gözlənilir: “Münaqişəni tərəflər özləri həll etməli olduğu üçün Rusiyanın konkret planları yoxdur. Rusiya digər həmsədr dövlətlərlə birgə münaqişənin həlli üçün lazımi şəraitin yaradılmasından ötrü hər şeyi edir”.
Lavrov əlavə edib ki, qoşunların təmas xəttində vəziyyəti sakitləşdirəcək əlavə addımlar atılmalıdır: “Bu Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həllinə kömək edəcək”. O qeyd edib ki, münaqişə dərhal bir sənəddə həll edilə bilməz. Nazirin sözlərinə görə, addım-addım yanaşma lazımdır: “Bu, həm də siyasi tənzimləməyə keçid üçün şərait yaradacaq. Bu məsələni bir sənəd vasitəsilə həmişəlik həll etmək mümkün deyil. Bu məsələyə mərhələli şəkildə yanaşmaq lazımdır. Mərhələli yanaşma münaqişənin qəti tənzimlənməsi və Dağlıq Qarabağın statusu ilə əlaqədar hansı məsələləri dərhal həll etmək mümkün olduğunu və hansı məsələlərin həlli üçün əlavə müzakirələrə ehtiyac olmasını göstərəcək, bunun yollarını müəyyən edəcək
Qeyd edək ki, Lavrov Azərbaycan və Ermənistan prezidentlərinin, eləcə də XİN rəhbərlərinin ötən il baş tutan görüşündən razılığını ifadə edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, Azərbaycan tərəfi Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllinə dair açıqlamasını alqışlayır.
Ümumiyyətlə, Lavrov bu açıqlama ilə nə demək istəyir və bu mövqeyini Rusiyanın real yanaşması hesab etmək olarmı? Azərbaycanı qane edən nədir?
Siyasi şərhçi Azər Rəşidoğlu bildirib ki, əslində, Lavrovun bəyanatında yenilik yoxdur. Onun sözlərinə görə, Kreml indi mərhələli variant təklif edir: “Bakı bu təklifə qarşı deyil. Münaqişənin tənzimlənməsinin dinamikasına nəzər yetirək. 1994-cü ilin mayın 12-də atəşkəs haqqında razılıq əldə edildikdən sonra ATƏT-in Minsk qrupu çərçivəsində müntəzəm olaraq danışıqlar aparılmağa başlandı. 1994-cü ilin dekabrın 5-6-da ATƏT-in Budapeştdə keçirilən Zirvə toplantısında "Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi" barədə qərar qəbul olundu. Bundan başqa, Budapeştdə həmsədrlik institutu da təsis edildi. Minsk konfransına iki həmsədrin təyin edilməsi və Minsk qrupunun iclaslarının onların birgə həmsədrliyi ilə keçiriləcəyi barədə qərar qəbul edildi. Münaqişədə maraqlı tərəf olduğu nəzərə alınaraq ATƏM-in Minsk konfransında, o cümlədən Minsk qrupunda daimi həmsədrlik Rusiyaya tapşırıldı. İkinci həmsədr isə Finlandiya seçildi, sonradan isə İsveçlə əvəz edildi. 1996-cı ilin dekabrın 2-3-də ATƏT-in Lissabonda keçirilən Zirvə toplantısında qəbul edilən, Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair 3 əsas prinsipi özündə əks etdirən və ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri Flavio Kottinin adından verilən bəyanat Ermənistan istisna olmaqla, dünyanın 53 dövləti tərəfindən müdafiə olundu və Lissabon sammitinin Yekun sənədlərinə əlavə edildi”.
Ekspert əlavə edib ki, ATƏT-in Lissabon Zirvə görüşündən sonra Rusiya ilə yanaşı, Fransa və ABŞ nümayəndələri də Minsk qrupunun həmsədrləri təyin olundu: “1997-ci ilin ikinci yarısından indiyə kimi Minsk qrupunun həmsədrləri Lissabon prinsiplərinə əsaslanaraq iki hissədən ibarət - yəni Dağlıq Qarabağın hüdudlarından kənarda yerləşən işğal olunmuş 6 rayonun azad edilməsi və Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi ilə əlaqədar 3 təkliflə çıxış etdilər. Onların 1997-ci ilin iyununda təqdim etdikləri ilk təklif münaqişənin "paket" (bu variantda Dağlıq Qarabağın statusu da daxil olmaqla bütün məsələlərə eyni vaxtda razılıq verilməsi nəzərdə tutulurdu) həlli, 1997-ci ilin sentyabrında irəli sürdükləri ikinci təklif münaqişənin "mərhələli" (bu variantda isə münaqişənin mərhələlərlə nizama salınması nəzərdə tutulurdu) həllindən ibarət idi. Azərbaycan həmin planlarla tam razı olmasa da, həmsədrlərin bu iki təklifini qəbul etdiyi halda, Ermənistan tərəfi qeyri-konstruktiv mövqedən çıxış edərək həmin təkliflərlə razılaşmadı. 1998-ci ilin noyabrın 9-da həmsədrlər beynəlxalq hüquq normalarına zidd, həmçinin Azərbaycan üçün qətiyyən qəbul edilməz olan və danışıqların davam etdirilməsinə imkan yaratmayan üçüncü təklifi irəli sürdülər. Bu təklif dünya praktikasında mövcud olmayan "ümumi dövlət" ideyasına əsaslanırdı. Onu da qeyd edək ki, qəbul edilməyən "ümümi dövlət" təklifi Azərbaycanın mənafeyinə zidd olmaqla yanaşı, ATƏT-in Budapeşt və Lissabon Zirvə toplantılarında qəbul edilən sənədlərə də etinasız yanaşılması demək idi. "Ümumi dövlət" prinsipi nizamasalma prosesinə ciddi maneə törətməklə yanaşı, münaqişənin həlli yollarına dair tərəflərin mövqeyindəki ziddiyyətləri daha da dərinləşdirdi. Nəticədə, danışıqlar prosesində bir durğunluq yarandı və münaqişənin nizama salınması istiqamətində müsbət irəliləyiş əldə etmək mümkün olmadı. Həmsədrlər tərəfindən irəli sürülən və sonuncu olan "ümumi dövlət" ideyası iflasa uğradıqdan sonra Minsk qrupu praktik olaraq dalana dirəndi. "Madrid prinsipləri", "yenilənmiş Madrid prinsipləri", "Kazan razılaşması" kimi təkliflər zərfi ilə də vəziyyəti dəyişmək mümkün olmadı. Faktiki olaraq, Minsk Qrupu səmərəsiz bir vəziyyətdədir və nəzərə alsaq ki, bu il Azərbaycan və Rusiyada prezident seçkiləri, Ermənistanda isə parlament üsul-idarəsinə keçiriləcək, il ərzində nəyinsə dəyişəcəyi ehtimalı da azdır”.
Politoloq Qabil Hüseynli isə hesab edir ki, Rusiyanın XİN rəhbəri Sergey Lavrov bu bəyanatı verməklə məsuliyyəti Rusiyanın üzərindən atmaq istəyir. Politoloq vurğulayıb ki, problemin həllində hansı dövlətin açar rolunu oynadığı hamıya bəllidir: “İndiyə qədər münaqişənin dondurulmasında, həll variantlarının tapılmamasında kimin əsas rol oynadığı məlumdur. Lavrov dəfələrlə bu məsələ barəsində yalan və qeyri-səmimi danışıb”. Q. Hüseynli deyib ki, Lavrov Ermənistanı müdafiə edən təkliflər irəli sürür. Bunun səbəbi isə ölkə daxilindəki gərginlik və prezident seçkilərinin yaxınlaşmasıdır: “Bu nöqteyi-nəzərdən Lavrov ikibaşlı fikirlərlə danışıqlar prosesində yaradılmış əngəllərə haqq qazandırmağa çalışır”.
Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti Qadir Kazımov isə vurğulayıb ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2017-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması danışarkən deyib ki, münaqişəni yalnız tərəflər öz aralarında həll edə bilər: “Nazir bu fikirlərə əlavə olaraq atəşkəsin qorunub saxlanılması üçün əlavə addımların atılmalı olduğunu və bunun siyasi həllə keçməyinə səbəb olacağını vurğulayıb. Təbii ki, Lavrovun bu açıqlaması Rusiyanın bu münaqişədə tərəfsiz olduğunu göstərməyə hesablanıb. Əslində Rusiya bununla özünü beynəlxalq arenada münaqişənin ədalətli və sülh yolu ilə həll olmasında maraqlı tərəf kimi göstərir . Rusiyanın özünü bu cür qələmə verməsi əslində Azərbaycanın bu münaqişənin həlli üçün sərbəst qərar verməyinə maneə yaratmaqdadı. Təsadüfi deyil ki, Lavrov bir il əvvəlki müsahibəsində bildirmişdi ki , “Qarabağ təkcə Azərbaycanın daxili məsələsi deyil”. İndi isə faktiki bunun təsirini söyləyir.
Əgər Rusiya özünü münaqişənin ədalətli şəkildə həllində maraqlı görürsə niyə məhz Lavrov bu çıxışlarında Qarabağın rəsmi və hüquqi olaraq Azərbaycan torpağı olmasını qeyd etmək əvəzinə , hər iki tərəfin razılığa gəlməsindən danışır? Nəzərə almaq lazımdır ki Rusiya Qarabağı Azərbaycan ərazisi kimi tanımaqdadır . Əgər Rusiya Qarabağı Azərbaycan torpağı kimi tanıyıb və həqiqətən də məsələnin ədalətli şəkildə həllinə maraqlıdırsa artıq çoxdan bununla bağlı Ermənistana təziq tməliydi. Ancaq Ermənistan hakimiyyətinə heç bir təzyiq yoxdur. Əksinə Rusiya açıq şəkildə Ermənistanın Azərbaycan qarşısında dayanması üçün həm hərbi həm iqtisadi sahədə bir sıra tədbirlər görməkdədir.
Bütün bunlar onu göstərir ki , Rusiyanın münaqişənin həllində tək məqsədi var , o da status-kvonu mümkün qədər saxlamaqdır . Bununla Rusiya münaqişəyə öz təsirini gücləndirməklə bərabər zamanı gəldikdə tərəflərə bu yöndən təsir edə bilər. Bu da mövcud şəraitdə Rusiya kimi dövlətin maraqlarını tam təmin etməkdədir. Lavrovun söylədikləri isə yalnız publikaya hesablanmış bir addımdır”.

Əli

Bu xəbər oxundu
- - -