Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ərdoğanın anonsunu verdiyi müharibə başladı - 30 ölü

17.01.18, 9:03
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Türkiyə Silahlı qüvvələri Suriyanın Afrin bölgəsində həyata keçiriləcək əməliyyatın ilk mərhələsi olaraq PYD (PKK terror təşkilatının Suriya qanadı –red.) terrorçularına “reaksiya ölçmə atəşi” açıb.
Afrin və ətrafdakı terrorçuların hədəflərinə endirilən zərbələr nəticəsində 30 terrorçü öldürülüb.
Məlumata görə, Afrin əməliyyatında quru güclərini təşkil edəcək Azad Suriya Ordusunda hazırlıqlar tamamlanıb. 20 minə qədər döyüşçü Afrinə girmək üçün əmr gözləyir.
Gərginliyin artdığı Afrində vətəndaşlar kiçik qruplar şəklində qaçmağa başlayıblar. Onların Hələbin şimalına hərəkət etdiyi bildirilir.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu isə PYD-nin işğalında olan Suriyanın Afrin bölgəsini təmizləmək üçün hazırlıqlarını davam etdirir. “Sabah” nəşrinin yazdığına görə, Türkiyə ordusu Afrini tamamilə müşahidə edə bilən 4 strateji nöqtədə yerləşdirilib. Sərhədin Reyhanlıdan Kilisə qədər olan 100 kilometrlik ərazisində yerləşdirilən hərbi bölmələri yüksək hazırlıq vəziyyətinə gətirilib.
NATO və ABŞ-dan dünən verilən son bəyanatlar isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “ordu qurduğunu hesab edənlər, bir həftə keçmədən necə darmadağın edəcəyimizi görəcəklər” sözləri ilə anonsunu verdiyi Afrin əməliyyatı üçün tək əngəl kimi görünən Vaşinqtonun da aradan qalxdığını göstərir.
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Adrian Rankin-Hollivay deyib ki, Suriyanın Afrin bölgəsindəki PYD/PKK güclərini dəstəkləmir və onları İŞİD terror təşkilatı ilə mübarizə əməliyyatlarının parçası olaraq görmür.
“Suriya Demokratik Qüvvələrindən kənar qüvvələr bizdən hər hansı hərbi təlim və dəstək almır. Dəstəklədiyimiz qruplar, xüsusilə, İŞİD əleyhinə əməliyyatlara qatılan qruplardır”, - o bildirib.
Daha əvvəl isə ABŞ-ın rəhbərlik etdiyi koalisiya güclərinin sözçüsü Ryan Dillon analoji bəyanatla çıxış etmişdi. O, “Anadolu” agentliyi ilə söhbətində bildirmişdi ki, Afrin bölgəsi koalisiyanın əməliyyat zonasına daxil deyil.
Politoloq Şahin Cəfərli deyib ki, Türkiyə Suriyanın şimalındakı kürd bölgələrinin - Kobani və Afrin xəttinin birləşdirilməsi, beləliklə, özünün cənub sərhədlərində kürd qurşağının yaradılması cəhdlərini milli təhlükəsizliyinə birbaşa təhdid kimi qiymətləndirir. Buna yol verməyəcəklərini dəfələrlə bəyan edən Ərdoğan öz ritorikasını son günlər daha da sərtləşdirib.
O bildirib ki, Türkiyə Silahlı Qüvvələri Afrini və ətraf bölgələri ələ keçirmək barədə siyasi rəhbərliyin direktivini yerinə yetirəcək gücə sahibdir:
“Üstəlik, o da nəzərə alınmalıdır ki, Afrin digər kürd bölgələrindən təcrid olunmuş vəziyyətdədir və oradakı kürd silahlıları kəmiyyət və keyfiyyət baxımından türk ordusu ilə qətiyyən müqayisə edilə bilməz. Yəni türk ordusu oraya irəliləməyə başlayarsa, PYD-YPG qruplaşmasının sahib olduğu bütün potensialı Afrinin müdafiəsinə yönəltməyə imkanı olmayacaq. Lakin Afrin əməliyyatı ilə bağlı həm bəzi risklər, həm də qeyri-müəyyənliklər var. Afrində azsaylı da olsa, ABŞ hərbi kontingenti mövcuddur və onlar yerli kürdlərə təlim keçirlər. Bu bölgədə kiçik Rusiya kontingenti də var idi. Əməliyyata ABŞ və Rusiyanın istər siyasi, istərsə də praktik reaksiyası çox önəmli olacaq. ABŞ şübhəsiz ki, Türkiyənin PYD-YPG-yə qarşı hərbi əməliyyat keçirməsini dəstəkləmir və iki tərəfin qarşı-qarşıya gəlməsini istəmir. Bu, məsələnin məlum olan tərəfidir”.
Politoloq qeyd edib ki, məsələnin məlum olmayan tərəfi də var:
“Yəni türk ordusu hərəkətə keçərsə, amerikalılar buna necə reaksiya verəcək? ABŞ əsgərləri türk əsgərlərinin qarşısına çıxacaqmı və iki NATO müttəfiqi arasında hərbi toqquşma baş verəcəkmi? İndiki situasiyada bunu istisna etmək olmaz. Eyni zamanda, İraq hökumətinin Kərkük əməliyyatı zamanı ABŞ-ın reaksiyasına bənzər vəziyyət də yarana bilər. ABŞ İraq ordusunun Bərzani qüvvələrinin Kürd Muxtariyyətinin inzibati sərhədləri xaricində ələ keçirdiyi ərazilərdən çıxarılmasına göz yummuşdu. Birinci versiya, yəni hərbi toqquşma riski gerçəkləşəcəyi halda, Türkiyə ilə ABŞ arasında gərginliyin zirvə nöqtəsinə çıxacağını, iki dövlətin müttəfiqdən sürətlə düşmənə çevriləcəyini söyləmək mümkündür. Hətta ABŞ-ın Türkiyənin NATO-dan çıxarılmasını tələb etməsini də gözləmək olar. İkinci ehtimal gerçəkləşərsə, yəni İraqda olduğu kimi, Vaşinqton əməliyyata göz yumaraq siyasi qınaqla kifayətlənərsə, münasibətlər ciddi zədə almayacaq”.
Şahin Cəfərli hesab edir ki, Rusiyanın mövqeyi də böyük əhəmiyyət daşıyır:
“Məlumdur ki, Türkiyə Astana formatı çərçivəsində Rusiya ilə əməkdaşlıq edir. Moskva ABŞ-ın Suriyanın şimalında “Sərhəd təhlükəsizliyi qüvvələri” adı altında yeni bir silahlı struktur yaratmağa başlamasından narahatdır. Əsəd hökuməti də buna ciddi etirazını ifadə edib. Yəni ilk baxışdan Ankara, Moskva və Dəməşqin mövqeləri üst-üstə düşür. Lakin məsələ burasındadır ki, Türkiyənin düşmən saydığı PYD-YPG ilə Rusiyanın da kifayət qədər yaxşı münasibətləri var və Moskvada bu qruplaşmanın rəsmi nümayəndəliyi fəaliyyət göstərir. Rusiyalı zabitlər Suriyada dəfələrlə YPG səhra komandirləri ilə görüş keçiriblər, hətta müəyyən razılaşmalar imzalayıblar. Bəs, Rusiya Türkiyənin Afrin əməliyyatına nə dərəcədə müsbət yanaşacaq? Şübhəsiz ki, iki ölkə arasında qapalı qapılar arxasında bu barədə müzakirələr aparılıb. Amma biz hələ ki həmin müzakirələrin nəticələrini bilmirik. Bunu əməliyyat başladıqdan sonra Rusiyanın reaksiyası əsasında görəcəyik. O da məlumdur ki, Əsəd rejimi kürdlərin ABŞ-la birlikdə hərəkət etməsindən ciddi şəkildə qıcıqlansa da, Türkiyənin Suriyaya hərbi müdaxiləsinin də qəti əleyhinədir. Hətta Əsədin rəsmi təmsilçiləri dəfələrlə Türkiyəni öz əsgərlərini Suriyadan çıxarmağa çağırıblar. Rəsmi Dəməşq həm ABŞ-ı, həm də Türkiyəni işğalçı sayır”.
Politoloqun sözlərinə görə, Ankara üçün başqa bir risk belə bir əməliyyat nəticəsində bölgədəki bütün kürdləri, o cümlədən Türkiyə daxilindəki separatçı olmayan kürdləri narazı salması ehtimalıdır:
“Aydındır ki, bu cür əməliyyat həm regiondakı kürd əhali arasında, həm də ümumilikdə dünyada “Türkiyənin Suriya kürdləri üzərinə hücumu” kimi təqdim olunacaq. Bu isə Türkiyə içərisində kürdlərin dövlətdən narazılığını artırmaqla yanaşı, beynəlxalq səviyyədə əməliyyatın legitimliyinə şübhə salınmasına gətirib çıxaracaq”.
Şahin Cəfərli vurğulayıb ki, Afrin əməliyyatı Türkiyə üçün “Fərat qalxanı” əməliyyatı qədər asan olmaya bilər:
“Türkiyə rəhbərliyi bütün riskləri gözə almış kimi görünür. Milli təhlükəsizlik qayğıları ilə yanaşı, bunun səbəblərindən biri də Türkiyədə yaxınlaşmaqda olan taleyüklü seçki kampaniyalarıdır. Gələn il Türkiyədə 3 böyük seçki - bələdiyyə, parlament və prezident seçkiləri keçiriləcək. Parlament seçkilərinin vaxtından əvvəl olması istisna edilmir. Prezident Ərdoğan nəyin bahasına olursa olsun, hər 3 seçkidə qələbə çalmaq məqsədini qarşıya qoyub. Suriyada həyata keçiriləcək uğurlu hərbi əməliyyat Ərdoğanın reytinqini yüksəldəcək və onun seçkilərdə qələbəsinə kömək edəcək. Hətta əməliyyat çox uğurlu olmasa belə, düşünürəm ki, Ərdoğan xalqın böyük hissəsini öz ətrafında səfərbər edərək seçki ərəfəsində siyasi rəqiblərini pat vəziyyətinə salacaq. Ona görə də, ehtimal olunan Afrin əməliyyatı Türkiyənin təhlükəsizlik maraqları ilə yanaşı, həm də Ərdoğanın siyasi maraqlarına xidmət edəcək”.
Qeyd edək ki, ABŞ Türkiyə sərhədinə YPG terrorçularından ibarət 30 minlik ordu yerləşdirəcəyini açıqlayıb. Vaşinqtonun bu açıqlaması Türkiyənin sərt reaksiyasına səbəb olub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan artıq Türkiyənin ABŞ-ın bu addımına səssiz qalmayacağını və YPG-ni istənilən an məhv edə biləcəklərini açıqlayıb.

Bu xəbər oxundu
- - -