Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Korrupsiyada ittiham olunan şəxslərin 15 milyonluq əmlakına həbs qoyulub“

17.01.18, 9:07
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Dünən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2017-ci il ərzində görülmüş işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib.
Mətbuat konfransında çıxış edən Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib ki, prokurorluq orqanları korrupsiya ilə mübarizəni öz fəaliyyətinin prioritet xətti kimi müəyyən edib, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi isə əvvəlki illərdə olduğu kimi fəaliyyətini 2017-ci il ərzində də uğurla davam etdirib.
Qeyd olunub ki, hesabat dövründə Baş İdarə rəisi və digər vəzifəli şəxslər tərəfindən ümumilikdə 1635 vətəndaşın qəbul edilməsi təmin edilib. Ötən il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində Baş İdarə əməkdaşları tərəfindən bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilib, 20 xüsusat üzrə inzibati pozuntu aşkar edildiyindən İnzibati Xətalar Məcəlləsinin 43, 44 və 54-cü maddələrinin tələblərinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarlar qəbul edilərək, baxılması üçün aidiyyəti üzrə dövlət orqanlarına göndərilib, araşdırmalar nəticəsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması və gələcəkdə bir daha təkrar törədilməməsi üçün müxtəlif dövlət qurumları və vəzifəli şəxslərə göndərilən 88 təqdimat nəticəsində 53 vəzifəli şəxsin intizam məsuliyyətinə cəlb edilməsi təmin olunub.
Kamran Əliyev qeyd edib ki, insan hüquq və azadlıqlarının, onların layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən Konstitusiyamızın ruhu ilə səsləşən dövlət siyasəti və reallaşdırılan islahatlar ədalət, qanunçuluq, hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi prinsipləri ilə yanaşı, humanizm prinsiplərinə də söykənir: “Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ildə Azərbaycanda ölüm cəzasının icrasına moratorium qoyulması, 1998-ci ildə isə ölüm cəzasının ləğv edilərək cəzanın sistemindən çıxarılması, cənab Prezident İlham Əliyev tərəfindən mütəmadi şəkildə imzalanan və indiyədək minlərlə insanı əhatə etmiş əfv Sərəncamları, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul edilən və 40 minə yaxın insanı əhatə edən 4 amnistiya aktı humanizm dəyərlərinin dövlət siyasətinin təməllərindən olmasının əyani sübutlarındandır. Hesabat dövrü ərzində dövlət başçısı tərəfindən 10 fevral 2017-ci il tarixdə imzalanmış “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncam dövlət idarəçiliyinin əsas prinsiplərindən biri olan humanizm siyasətinə sadiqliyin və korrupsiyaya qarşı kəsərli mübarizəyə dair qətiyyətli siyasi iradənin növbəti bariz nümunəsi olmuşdur”.
Kamran Əliyev qeyd edib ki, 2017-ci il ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində dövlət və özəl sektorda çalışan 305 vəzifəli şəxs barəsində 214 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.
Onun sözlərinə görə, məhkəmələrə göndərilmiş 305 şəxs barəsində 214 cinayət işindən 127 şəxs barəsində 83 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, 67 şəxs barəsində 56 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq, 35 şəxs barəsində 25 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 17 şəxs barəsində 7 iş rüşvət alma (passiv rüşvətxorluq), 19 şəxs barəsində 11 iş rüşvət vermə (aktiv rüşvətxorluq), 8 şəxs barəsində 7 iş vəzifə saxtakarlığı, qalanları isə digər korrupsiya cinayətləri ilə bağlı olub.
Kamran Əliyev qeyd edib ki, hesabat dövründə Baş İdarə tərəfindən vətəndaşların 7809 müraciətinə baxılıb, həmçinin 280 cinayət xarakterli material araşdırılıb. Həmin materiallardan 181 (65%) material üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb, 99 (35%) material üzrə digər prokuror təsir aktlarının tətbiq edilməsi təmin edilib.
Baş İdarə rəisi həmçinin bildirib ki, ötən müddət ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə 4183 müraciət daxil olub. 2016-cı illə müqayisədə ötən il “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətlərin sayı 1309 vahid (23,8%) azalıb ki, bu da “ASAN xidmət” mərkəzlərinin fəaliyyət coğrafiyasının daha da genişlənməsi və göstərilən xidmət növlərinin sayının artması ilə əlaqədardır.
“Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətlər əsasında 23 cinayət işi başlanıb, həmçinin əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində digər müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilərək aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədi ilə müvafiq təşkilatlara təqdimatlar göndərilib.
Ötən il Baş İdarənin əməliyyat qurumları öz vəzifələrini uğurla icra edərək keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanmış şəxslər barəsində 5, habelə əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında 17 olmaqla cəmi 22 cinayət işi başlanıb.
Kamran Əliyev deyib ki, korrupsiyada ittiham olunan şəxslərin 15 milyon 381 min manat məbləğində əmlakına həbs qoyulub.
Onun sözlərinə görə, məhkəmələrə göndərilmiş cinayət işləri üzrə 83 milyon 486 min manat ziyanın ibtidai araşdırma mərhələsində 27 milyon 575 min manatının və ya 33.03%-nin ödənilməsi təmin edilib, qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə 15 milyon 381 min manat məbləğində əmlak üzərinə həbs qoyulması ilə yanaşı, qanunla nəzərdə tutulmuş digər tədbirlər görülüb.
Kamran Əliev bildirib ki, bu gün korrupsiyada ittiham olunan 44 nəfər axtarışdadır.
Hazırda Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 141 cinayət işinin istintaqı aparılır. Həmin cinayət işlərinin 12 faizi bank və bank olmayan kredit təşkilatları ilə bağlıdır.
Kamran Əliyev qeyd edib ki, istintaqı aparılan cinayət işlərinin daha bir hissəsi tikinti sektoru ilə bağlıdır. Yerdə qalanlar isə müxtəlif sahələrlə bağlı işlərdir.
Kamran Əliyev ötən il istintaqı tamamlanaraq məhkəməyə göndərilən işlərin hansı sahələrlə bağlı olduğu açıqlayıb.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi bildirib ki, ötən il istintaqı tamamlanaraq məhkəməyə göndərilən işlərin ən çoxu bank və bank olmayan kredit təşkilatları ilə bağlı olub. Həmin sahə üzrə 43 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib.
İkinci yerdə özəl sektor gəlir. Bu sahə ilə bağlı 35 vəzifəli şəxs məsuliyyətə cəlb olunub.
Bundan başqa, ticarət üzrə 10, tikinti ilə bağlı 10, yerli icra hakimiyyətləri ilə bağlı 5 vəzifəli şəxs barəsində cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib.
Tədbirdə iştirak edən Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi Kamal Cəfərov korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq standartlara cavab verən institusional, qanunvericilik və inzibati tədbirlər həyata keçirildiyini bildirib. Qeyd edib ki, açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı 2017-ci ildə dövlət orqanları tərəfindən 86% icra edilib.
“Elektron hökumət” portalına inteqrasiya olunan qurumların sayı 91-ə, elektron xidmətlərin sayı isə 437-yə çatdırılıb. İqtisadi sahədə törədilən cinayətlərə görə məsuliyyətin yüngülləşdirilməsi və dekriminalaşdırılması ilə əlaqədar Azərbaycan Cinayət Məcəlləsinə dəyişikliklər edilib. Tikilməkdə olan və ya tikilmiş və istismara qəbul edilməmiş çoxmənzilli binalarda mənzillərin bir neçə şəxsə satılması kimi neqativ hallarının qarşısının alınması məqsədilə Azərbaycan Mülki Məcəlləsinə dəyişikliklər edilib. Etik davranış qaydalarının əhatə dairəsinin genişləndirilməsi ilə əlaqədar olaraq Azərbaycan Milli Məclisi deputatlarının və bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında qanunlar qəbul edilib.
Kamal Cəfərov həmçinin bildirib ki, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən sistemli institusional islahatlar çərçivəsində “ASAN xidmət” mərkəzlərinin sayı 12-yə çatdırılıb və fəaliyyət istiqamətləri genişləndirilib. Bu günə qədər “ASAN xidmət” mərkəzlərinə 20 milyona yaxın müraciət daxil olmuş və vətəndaş məmnunluğu əmsalı isə 100 faizə yaxın olub. Bütün dövlət xidmətlərinin “ASAN xidmət” standartlarına uyğunluğunu yoxlamaq məqsədilə dövlət orqanlarının xidmətləri “ASAN xidmət indeksi”ni təşkil edən parametrlər üzrə qiymətləndirilib və indeksin nəticələri, mövcud problemlər və onların təkmilləşdirilməsi istiqamətində təkliflər aidiyyəti dövlət orqanlarına verilib. Korrupsiyanın qarşısının alınması sahəsində sistemli təlim və maarifləndirmə tədbirləri həyata keçirilib. Avropa Şurası və Avropa İttifaqı ilə birgə əməkdaşlıq şəraitində dövlət qulluqçuları və tələbələr üçün etik davranış qaydaları və anti-korrupsiya mövzuları üzrə tədris proqramı hazırlanıb, yerli təlimçi bazası formalaşdırılıb, regionlarda müxtəlif hədəf qrupları üçün təlimlər keçirilib.
Bundan başqa, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017–2019-cu illər üçün Milli Fəaliyyət Planı”na müvafiq olaraq dövlət orqanlarının bu sahədə fəaliyyətlərinin effektiv əlaqələndirilməsini təmin edən koordinasiya mexanizminin yaradılması, qanunvericiliyin beynəlxalq standartlara tam uyğunlaşdırılması, institusional potensialın və hesabatlılıq sisteminin gücləndirilməsi sahələrində mühüm nailiyyətlərin əldə edilməsini qeyd edilib.

Bu xəbər oxundu
- - -