Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Krakov görüşündən nə gözləyək?

17.01.18, 12:37
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Toğrul İsmayıl: “Ermənistanın əsas məqsədi əvvəlcə Qarabağı müstəqil dövlət kimi tanıtmaq, sonra isə özünə birləşdirməkdir”

Rövşən Rzayev: “Artıq Ermənistan tərəfi məcburiyyət qarşısında danışıqlara qatılmalıdır”

Elxan Ələsgərov: “Azərbaycan tərəfi Ermənistandan və həmsədrlərdən konkret addımların atılmasını istəyəcək”

Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Polşanın Krakov şəhərində ATƏT-in Minsk qrupunun həmsədrləri Endryü Şxofer (ABŞ), Stefan Viskonti (Fransa Respublikası), İqor Popov (Rusiya Federasiyası) və Ermənistan Respublikasının xarici işlər naziri Edvard Nalbəndyanla görüşəcək. XİN-dən verilən məlumata görə, görüşlərdə ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edəcək.
Əksər ekspertlər görüşdən ciddi nəticə gözləmədiklərini ifadə edirlər. Türkiyədə əfaliyyət göstərən politoloq Toğrul İsmayıl “Xalq Cəbhəsi”nə bildirdi ki, xarici işlər nazirlərinin görüşməsi sadəcə görüş xaitirinə atılan addımdır. Onun sözlərinə görə, Bu görüşdən ciddi nəticə gözləmək olmaz: “Görüş öncəsi Lavrovun açıqlamaları da maraqlı idi... Azərbaycanın mövqeyi bəllidir. Ermənistan isə tutduğu mövqedən əl çəkmir. Mərhələli həll planı mümklündür, amma qarşı tərəfin bununla razılaşacağı ilə bağlı hər hansı tendensiya müşahidə olunmur”. Politoloq əlavə etdi ki, Ermənistanın əsas məqsədi əvvəlcə Qarabağı müstəqil dövlət kimi tanıtmaq, sonra isə özünə birləşdirməkdir: “Sülh yolu ilə bu məsəlnin həll ediləcəyi inandırıcı deyil. Hazırda geopolitik proseslər dəyişməyib və buna görə də Dağlıq Qarabağla bağlı proseslərdə hər hansı dəyişikliyin olacağını düşünmürəm. Rusiyanın mövqeyi də bəlllidir. Eyni zamanda Minsk qrupunun fəaliyyətsizliyi də ortadadır. Bu səbəbdən də Azərbaycanın lehinə dəyişikliklərin olacağına ümidli deyiləm”.
Millət vəkili Rövşən Rzayev deyib ki, Azərbaycan ATƏT-in Minsk Qrupu çərçivəsində sülh danışıqlarının davam etdirilməsinin tərəfdarıdır: “Baxmayaraq ki, qarşı tərəf müxtəlif yalanlarla, yalançı bəyanatlarla danışıqlardan qaçmaq istəyir amma bu mümkün deyil. Artıq Ermənistan tərəfi məcburiyyət qarşısında danışıqlara qatılmalıdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı olan danışıqlar prosesi bizim üçün çox vacibdir. Bu danışıqlar prosesinin nəticəsində də biz ərazi bütövlüyümüzü təmin edəcəyik. Ermənistanın daxilində gedən proseslərin nəhayət ki, sonu gəlib çatacaq və Cənubi Qafqazda yeni sülh və yeni iqtisadi bir zona yaranacaq. Buna mənim heç bir şübhəm yoxdur”.
Rövşən Rzayev Rusiya xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağla bağlı açıqlamasına da münasibət bildirərək deyib ki, münaqişənin mərhələli şəkildə həll olunması Azərbaycanın marağındadır: “Amma istərdim ki, həm Rusiya, ABŞ, həm də Fransa daha qətiyyətli addımlar atsınlar. Bu təkcə bəyanatlarla, mövqe bildirməklə bitməsin. Artıq qətiyyətli mövqe, işğalçı ordunun Azərbaycan ərazilərindən çıxarılmasına məcburedici addımlar atmaq lazımdır. Təəssüf ki, biz bunu hələlik görə bilmirik”.
O, həmçinin əlavə edib ki, ümumiyyətlə, Ermənistanda gərginliyin yaşanmasının, orada keçirilən aksiyaların sabah keçiriləcək Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə heç bir aidiyyatı yoxdur.
“Baku International Policy and Security Network” Ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, professor Elxan Ələsgərov bildirib ki, indi əsas gözlənti Ermənistandandır: “Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Krakov görüşü barədə məlumatın yayılmasından bir gün qabaq bəyanat vermişdi. Lavrovun bəyanatından belə başa düşülür ki, o, bir tərəfi danışıqlara daha ciddi yanaşmağa çağırır. Təbii ki, bu çağırış Azərbaycana aid deyil. Çünki Azərbaycan Dağlıq Qarabağ probleminin tezliklə həll olunmasını istəyən tərəfdir. Ona görə də fikrimcə, bu, Ermənistana yönəlmiş bir çağırış idi. Krakovdakı danışıqlardan da gözlənti odur ki, orada hansısa məsələlər öz həllini tapsın. Bunlar hansılardır?
Uzun müddətdir ki, həmsədrlər və Ermənistan tərəfi atəşkəsin davam olunması və cəbhə xəttində nəzarətin gücləndirilməsi məsələsini qaldırırdılar. Onlar hesab edirlər ki, guya bu danışıqlara yeni təkan verəcək. Lakin uzun müddətdir ki, qoşunların təmas xəttində atəşkəs demək olar ki, qorunur, ciddi şəkildə pozulmur. Düzdür, ermənilər 81 hərbçinin ölümü barədə məlumat yaymışdılar, amma məlum olur ki, bunlar ordu daxilindəki hadisələr nəticəsində baş verib. Yəni hazırda danışıqların gedişatına ciddi heç bir əngəl yoxdur. Ona görə də düşünürəm ki, Elmar Məmmədyarov da Krakov görüşündə bu məsələni xüsusi qeyd edəcək.
İndi gözlənti məhz Ermənistan tərəfinin addım atması ilə bağlıdır. Çünki Qarabağ probleminin həlli yolu Ermənistanın işğal ordusunun Azərbaycan ərazilərindən çıxarılmasından keçir. Hər halda bütün bunlardan sonra Ermənistan tərəfinin və həmsədrlərin hansı bəhanələr irəli sürəcəyini biləcəyik”.
Ekspertin qənaətincə, nazirlər ciddi şəkildə nədəsə ortaq məxrəcə gələ bilsələr, o zaman yaxın zamanlarda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü də təşkil edilə bilər: “Azərbaycan bu məsələnin tezliklə həllinin tərəfdarıdır, ona görə də prezidentlərin görüşü problem deyil. Lakin məsələ ondadır ki, hazırda Ermənistanda iqtidarın başı digər məsələlərə qarışıb. Çünki orada konstitusion dəyişikliklərlə əlaqədar prezident idarə üsulundan parlament idarəçiliyinə keçid dövrüdür. Ona görə də prezident və baş nazir postunda kimin olacağı uğrunda mübarizə gedir. Belə bir şəraitdə xarici işlər nazirlərinin görüşündən o qədər də böyük irəliləyiş gözləmək düzgün olmazdı. Lakin düşünürəm ki, Azərbaycan tərəfi bu görüşdə uzun müddətdir ki, cəbhə xəttində hərbi əməliyyatların olmamasını xüsusi qeyd edəcək və bundan sonra Ermənistandan və həmsədrlərdən konkret addımların atılmasını istəyərək gözləyəcək”.
Politoloq Zaur Məmmədov deyib ki, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Polşada keçiriləcək görüşü münaqişə tərəfləri arasında mütəmadi keçirilən görüşlərdən biridir: “Bu kimi görüşlərin məqsədi Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olmaqdan daha çox, vəziyyətin gərginləşməməsidir”. Politoloq vurğulayıb ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində, beynəlxalq hüquq prinsiplərinə riayət edilməsində maraqlıdır. Z. Məmmədov əlavə edib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin gördükləri əsas iş isə münaqişənin həllinə deyil, profilaktikasına, yəni onun alovlanmamasına, müharibə mərhələsinə keçməməsinə yönəlib: “Digər tərəfdən isə belə sual ortaya çıxır. Bəzi maraqlı ölkələr Polşada keçiriləcək görüşdə hansısa irəliləyişə nail olunmasını istəyirlərmi?” Z. Məmmədov sonda qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi tərəflərinin onun tənzimlənməsi ilə baxış bucaqları diametral şəkildə fərqlənir: “Düşünürəm ki, vaxt bizim lehimizədir və tarixi ədalət bərpa ediləcək”.
Politoloq Rüstəm Məmmədov bildirib ki, münaqişənin tənzimlənməsi ilə bağlı reallıqda bir şey yoxdur: “Mən görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı irəliləyişin olacağını düşünmürəm”.
Politoloq əlavə edib ki, dünyanın böyük dövlətləri aprel döyüşlərini bərpa edib Ermənistanı yerində oturtmağımıza imkan vermir.
Rövşən Məmmədov həmçinin il ərzində Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün baş tutmasının mümkün olduğunu vurğulayıb.
Millət vəkili Azər Badamov isə Lavrovun görüş öncəsi verdiyi bəyanatı şərh edib: “Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin mərhələli həll variantında olduğunu bildirsə də əsas məqsəd təmas xəttində sabitliyin qorunmasında görür”. Onun sözlərinə görə, Lavrov qeyd edir ki, münaqişə bir sənədlə həll oluna bilməz və tərəflər razılığa gələrək həll olunmalıdır: “Ancaq mərhələli şəkildə mütəmadi olaraq həll olunacağını deyir. Nə yaxşı olardı ki, heç olmasa mərhələli şəkildə Lavrovun dediyi kimi həll olunardı. Çox təəsüf ki, bu belə olmur və Lavrovun dedikləri dildən-dilə itib qalır. Düşünmürəm ki, Qarabağ münaqişəsi Lavrovun dediyi kimi sakitcə tərəflərin razılığı ilə həll olunar. Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə mərhələli həll olunması üçün Ermənistana mütləq təzyiq olunmalıdır və yaxud da Ermənistandakı siyasi, iqtisadi vəziyyət sosial partlayış etməli, rejim dəyişilməlidir. Alternativ variant isə müharibədə görürəm. Əgər biz torpağımızı azad etmək istəyiriksə qısa bir zamanda mobilləşib müharibəyə hazır olmalıyıq. Hər şeydən əvvəl biz öz gücümüzə arxalanmalıyıq”.

Əli

Bu xəbər oxundu
- - -