Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Ankara qərarında haqlıdır”

17.01.18, 12:41
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Elxan Şahinoğlu: “Vaşinqtonun 30 min kürdü sillahlandırıb sərhəddə yerləşdirmək istəyi birbaşa Türkiyənin ərazi bütövlüyünə təhdiddir”

Türkiyə-ABŞ münasibətlərində gərginlik pik həddə çatıb. Türkiyə dəfələrlə ABŞ-ın silahlandırdığı PYD mövqelərini vuracağı ilə bağlı xəbərdarlıq etsə də Vaşinqton adıçəkilən terror təşkilatlarını silahlandırmaqda davam edib. Prezident Rəcəb Tayyib Ərdoğan NATO rəhbərinə Afrində əməliyyatların başlanılacağı ilə bağlı xəbərdarlıq edib.
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu isə ABŞ-ın Dövlət katibi Reks Tillersonla görüş zamanı deyib ki, Suriyanın şimalında PKK-PYD qruplaşmalarının təşkil edəcəyi “Sərhəd Təhlükəsizlik Qüvvələri”nin yaradılacağı halda Türkiyə-ABŞ münasibətləri geri dönüşü olmayan bir mərhələyə qədəm qoyacaq”.
Çavuşoğlu qeyd edib ki, baş verənlərin Türkiyə-ABŞ münasibətlərinə ağır zərbə vuracaq. Buna cavab olaraq Tillerson bildirib ki, mətbuatda gedən xəbərlərə güvənməməyi məsləhət görürəm.
ABŞ Dövlət Departamentinin sözçüsü Hezer Noyert deyib ki, ABŞ-ın PYD silahlılarına göndərdiyi yardımlar Suriyanın daxili işləri ilə əlaqəlidir. O bildirib ki, əsas məqsəd İŞİD terror təşkilatının məhv edilməsidir. Türkiyənin PYD ilə bağlı açıqlamalarına münasibət bildirən Noyertin sözlərinə görə, Ankara vacib və dəyərli NATO müttəfiqidir.
Maraqlı bir mövqe isə ABŞ-ın İŞİD-ə qarşı rəhbərlik etdiyi koalisiya qüvvələrinin sözçüsü polkovnik Ryan Dillona aiddir. R. Dillon Türkiyənin Afrin hərəkatına “yaşıl işıq” yandırıb. Dillon bildirib ki, Afrin koalisiya qüvvələrinin əməliyyat çərçivəsində deyil.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu bildirdirdi ki, Türkiyə artıq düyməyə basıb, Suriya ərazisinə növbəti hərbi müdaxiləyə günlər, bəlkə də saatlar qalıb. O qeyd edib ki, Ankara qərarında haqlıdır, Vaşinqtonun 30 min kürdü sillahlandırıb sərhəddə yerləşdirmək istəyi birbaşa Türkiyənin ərazi bütövlüyünə təhdiddir: “Ancaq məni iki suala cavab maraqlandırır. Birinci sual; Türkiyə ordusunun hücumu ötən dəfəki kimi uğurlu alınarsa buna Vaşinqtonun reaksiyası necə olacaq və ABŞ Türkiyə əleyhinə hansı açıq və gizli planlarını işə salacaq? İkinci sual; Türkiyə ordusunun Afrini nəzarət altına alması planını Rusiya necə qarşılayacaq?”
Analitikin fikrincə, Rusiya hələ ki Türkiyənin tərəfdaşıdır, Ərdoğan Putinlə telefon danışığında Kreml sahibini Türkiyə ordusunun planları barədə xəbərdar edib və ikinci buna etiraz etməyib: “Ancaq Rusiya ikibaşlı oynayır. Baxmayaraq ki, ABŞ-ın kürdlərə hərbi dəstəyi Moskvanın xoşuna gəlmir, ancaq Kreml kürdlərin bir hissəsini Bəşər Əsəd rejiminin tərəfdarı kimi qiymətləndirir və silahlı kürdlərin hamısının neytrallaşdırılması Rusiya hakimiyyətinin xoşuna gəlməyəcək. Bundan əlavə, ənənəvi rus-kürd yaxınlığı var ki, Moskva bu kartdan illər boyu Türkiyə əleyhinə istifadə edib. Buna baxmayaraq, Putin məntiqlə Ərdoğanla razılığı amerikalıların müttəfiqinə çevrilən silahlı kürdlərə qurban verməməli, Türkiyə ordusunun Suriya ərazisinə hücumunu dəstəkləməsə də, gələcək toqquşmalara göz yummalı, ən uzağı Rusiya Xarici İşlər Nazirliyi baş verənlərə yumşaq etirazını bildirməlidir”.

Əli

Bu xəbər oxundu
- - -