Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Regionlarda logistika mərkəzləri yaradılacaq

17.01.18, 12:58
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Zaur Qardaşov: “Bu Azərbaycanın regional ticarət qovşağına çevrilməsində təkan olacaq”

Strateji Yol xəritələrində nəzərdə tutulmuş Azərbaycanın regionlarında sərhədyanı ticarətin inkişaf etdirilməsi məqsədilə yaradılacaq logistika və ticarət mərkəzləri ölkəmizin gələcəkdə regional ticarət qovşağına çevrilməsində və bu istiqamətdə yük axınının artmasına əlavə təkan olacaq. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Azexport" portalının rəhbəri Zaur Qardaşov deyib.
Z.Qardaşov diqqətə çatdırıb ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı nəinki ölkəmiz, bölgə və dünya üçün önəmli hadisədir. Uzunluğu 850 kilometrə yaxın olan dəmir yolunun 504 kilometri Azərbaycan ərazisində tikilib, bərpa edilib. Bu tarixi layihənin icrası Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərinin birinə çevirəcək və artıq çevirir. Yol açıldıqdan qısa müddət ərzində bir çox ölkələrdən Bakı-Tbilisi-Qarsa qoşulmaqla bağlı müraciətlər olub. Onu da qeyd etmək lazımdır ki, Böyük İpək Yolu layihəsi, eyni zamanda, Çinin daxilində bir sıra mühüm layihələrin icrasına təkan verib. Hazırda İpək Yolunun mühüm kəsişmələrindən biri olan Çinin Urumçi bölgəsinə sürətli qatar xətti çəkilib ki, bu da öz növbəsində Çinin daha çox inkişaf etmiş və əsasən sahilboyu yerləşən bütün əsas sənaye şəhərlərini özündə birləşdirən dəmir yolu şəbəkəsi üzərindən yük axınının təmin edilməsinə əlavə zəmin yaradır. Eyni zamanda, bu layihə həm də Çin üçün qərb və şimal regionlarının inkişafının təmin edilməsi baxımından çox zəruridir.
Sonrakı mərhələdə yüklər Qazaxıstan və Türkmənistan üzərindən Azərbaycan limanları ilə mübadilə ediləcəyini deyən portal rəhbəri vurğulayıb ki, artıq bu ilin əvvəlindən Çin daşıma və logistika şirkətləri qeyd olunan istiqaməti özlərinin qiymət cədvəlinə daxil ediblər. Məsələn, dünyanın ən böyük daşıma şirkətlərindən olan COSCO müştərilərinə bu istiqamətdə daha sərfəli təkliflər təqdim edir. "Hesab edirik ki, gələcəkdə Azərbaycan üzərindən yüklərin daşınmasının təmin edilməsində Çin Dəmir Yolları Korporasiyası (ÇDYK) və kombinə edilmiş yüklərin daşıması üzrə fəaliyyət göstərən şirkətlərin rolu böyük olacaq. Araşdırma göstərir ki, Azərbaycan istiqaməti daha sərfəlidir və növbəti mərhələdə yerli, Çində fəaliyyət göstərən aidiyyəti qurumların ÇDYK ilə, həmçinin logistika şirkətləri ilə memorandumların imzalanması və əməkdaşlığın qurulması zəruridir. Strateji Yol xəritələrində nəzərdə tutulmuş Azərbaycanın regionlarında sərhədyanı ticarətin inkişaf etdirilməsi məqsədilə yaradılacaq logistika və ticarət mərkəzləri də ölkəmizin gələcəkdə regional ticarət qovşağına çevrilməsində və bu istiqamətdə yük axınının artmasına əlavə təkan olacaq", - deyə Z.Qardaşov bildirib.

Bu xəbər oxundu
- - -