Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Cənubi azərbaycanlı ziyalıların ana dili uğrunda mübarizəsi

19.01.18, 12:35
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Danışıq dilimizi qadağan etməyə heç kəsin haqqı və icazəsi yoxdur”

5-ci yazı

H.Nitqi hesab edirdi ki, Azərbaycan xalqının ən azı son minillikdə İran tarixindəki rolu fars xalqından nəinki az deyil, əksinə, daha böyükdür və azərbaycanlılar farsdilli mədəniyyətin inkişafında da yaxından iştirak ediblər. Belə olan halda İranda yaşayan hər bir xalq ölkənin mədəniyyətinin tərkib hissəsi kimi öz milli mədəniyyətini azad surətdə inkişaf etdirmək hüququna malikdir. H.Nitqi qeyd edirdi ki, bu, “həm azərbaycandilli, həm də farsdilli iranlılar üçün qiymətli mirasdır. Bu əlamətlərə xəyanət edənlər İran mədəniyyətinin düşmənləridir”. H.N.Altay “Zəngin yoxsullar” məqaləsində Azərbaycan dili tarixinin inkişafının, onun lüğət tərkibi və qrammatik qanunlarının dərindən, hərtərəfli öyrənilməsi məsələsinə toxunur, dilin istibdad dövründən konservativ fikirli, hakimpərəst adamların təqib və hücumundan qorunması barədə qətiyyətlə yazırdı: “Danışıq dilimizi qadağan etməyə heç kəsin haqqı və icazəsi yoxdur. Dilimiz hər yerdə, evdə, eşikdə, mədrəsələrdə, idarələrdə, rəsmi və qeyri-rəsmi mütəsəvvir hər yerdə və hər məqamda qeydsiz-şərtsiz danışılacaq”.
M.Fərzanə “Ana dilimiz və milli varlığımız uğrunda xatirələr” adlı silsilə yazılarında milli dilin ölməzliyi, xalqın milli ruhunun yaşarlığı fikrini inkişaf etdirir və bunu tarixi faktorlarla bağlayırdı. T.Gənceyi “Türk dili İsfahanda Səfəvilər dərbarında”, “Monqollardan əvvəlki fars şeirində türkcə” adlı məqalələrində sübut edirdi ki, Azərbaycan dili Şərqin qədim ədəbi dilləri ilə bir səviyyədə çıxış etmiş, vacib ünsiyyət vasitələrindən olub. H.Nitqinin Qulamrza Səbri Təbrizi ilə birlikdə yazdığı Azərbaycan dilinin inkişafı məsələlərinə həsr edilmiş “Heydərbabaya salam” xalq türkcəsi şeir dili ilə klassik farsca şeir dilinə müqayisəli bir baxış” adlı məqaləsi də maraq doğurur. Azərbaycan dilinin şifahi ədəbiyyat nümunələri əsasında inkişafını araşdıran doktor Q.Səbri Təbrizi və doktor H.Nitqiyə görə “Heydərbabaya salam” əsəri Azərbaycan türkcəsinin assimilyasiyaya müqavimətini güclü şəkildə nümayiş etdirdi. Müəlliflər qeyd edirdilər ki, kanonik ədəbi nümunələrdə azəri türkcəsində fars düşüncə tərzi özünə güclü yer eləsə də, şifahi xalq şeiri üslubunda dilin milli saflığı qorunub saxlandı. Ədəbi mühitdə yazarların ana dili uğrunda fəaliyyəti nəzərəçarpacaq dərəcədə geniş idi. Ümumilikdə 1979-1985-ci illər arasında İranda Azərbaycan dilində təxminən 188 adda kitab nəşr olunmuşdu. İnqilabdan sonra M.Şəhriyarın, H.Şəqaqinin, F.Hasarlının, H.Xətibinin və digər ədiblərin əsərlərində Azərbaycan türkcəsi əsas sujeti təşkil edir, ana dilinə biganəlik göstərən, özgə dildə danışanlar tənqid olunur, dövlətin ayrı-seçkilik siyasəti personajların vasitəsi ilə dolayısı çatdırılırdı. Hüseyn Sədiqin milli kimliyin təşviqi, milli dirçəlişlə bağlı ideyaları özündə əks etdirən bir sıra əsərləri, o cümlədən “Günəşli vətən yaddaşları”, Düzgün təxəllüsü ilə şeirlər kitabı çap olundu.
1989-cu ildə Məhəmməd Deyhim və Heydər Abbasi (Barışmaz) Azərbaycan dilinin öyrənilməsi ilə bağlı folklor nümunələri əsasında araşdırma aparmışdılar. 1991-ci ildə isə ərəb əlifbasının islah olunması ideyasını inkişaf etdirən “İranda dinlə məni” kitabı çap olundu. Bu dövrdə “Ədəbiyyat ocağı” tərəfindən nəşr olunan azərbaycandilli şeirlərin hamısı Azərbaycan folklor nümunələri ilə bağlı, azərbaycançılığı vəsf edən əsərlər idi. Eyni zamanda, A.Səhhət, S.Ə.Şirvani, M.Ə.Sabir, M.Müşfiq, N.Gəncəvi, S.Vurğun, N.Xəzri, M.İbrahimov, S.Rüstəm kimi tanınmış şimali azərbaycanlı yazarların əsərləri Cənubi Azərbaycanda əski əlifbaya çevrilərək çap olunurdu. İnqilabdan sonra Şimali və Cənubi Azərbaycan yazarları arasında münasibətlər, onların yaradıcılığındakı məqsəd və amal yaxınlığı bütövlüyün mötəbər səhifələrindən hesab oluna bilər. Bu əlaqələr Pəhləvi dövründə də mövcud olmuş və xalqın milli-mənəvi tamlığının sarsılmaz səbəblərindən biri idi.
18 iyun 1986-cı ildə Təbriz Universitetində “Azərbaycan türkcəsi və ədəbi dil üzrə araşdırmalar” adı ilə keçirilmiş seminarda doktor C.Heyət və H.Nitqi Azərbaycan türkcəsində ədəbi dilin tənzimi və ədəbiyyat tarixinin tərtib edilməsi, dolğun və mükəmməl bir sözlüyün yazılması, dil və ədəbiyyatın universitetlərdə tədrisi məsələlərini təklif olaraq irəli sürmüşdülər. Qaldırılan məsələlər seminarda iştirak etmiş rəsmi hökumət nümayəndələri tərəfindən rəğbətlə qarşılandı və türk dili 1991-ci ildə Tehranda Əllameyi-Təbatəbai Universitetində və Təbriz Universitetində tədris proqramına salındı. Lakin həmin qərar kağız üzərində qaldı və reallaşdırılmadı.
Milli ruhlu ziyalılar ana dilinin təbliği məqsədilə qeyri-rəsmi məktəblər, Azərbaycan-türk dili kursları açır, dil öyrənmək üçün broşurlar, kasetlər hazırlayırdılar. Doktor M.T.Zehtabi ana dilinin tədrisi və ona olan marağı haqqında yazırdı: “...İnqilabın qələbəsindən sonra vətənə qayıtdım və Təbriz Universitetində Azərbaycan türkcəsi və ərəb dillərini tədris etməyə başladım. Otuz ildən sonra xalqımın içində olmaq, Təbriz Universitetində tədris zamanı yüzlərlə gənc Azərbaycan qızları və oğlanları ilə yaxından tanışlıq nəticəsində xalqımızı nə səviyyədə və nə dərəcədə qavramağa hazır olduğunu bilmədiyi pedaqoji bir həqiqətin nəbzini tapdım, hiss etdim ki, xaricdə çap etdirdiyim “İran türkcəsinin sərfi” kitabının dili və səviyyəsi yüksəkdir. Buna görə də ana dilimizi tədris edərək tərtib etdiyim surətləri dil səviyyəsi cəhətdən sadələşdirdim. Universitetlər bağlandı, surətlər yarımçıq qaldı. Lakin mən ana dilimizi öyrənmək üçün bir yol tapmaq işimə davam etdim. Dilimizi öyrənmək məqsədilə müraciət edən gənclərə “Ana dilimizi öyrənək” adlı sadə bir kitab yazdım”.
Cənubi azərbaycanlı ziyalılar tərəfindən açılmış kurslarda Şimali Azərbaycandan göndərilən dərsliklərdən də istifadə olunurdu. Təbrizdən göndərilən bir məktubda deyilirdi: “Bayram Bayramovun “Cıdır düzü” romanını əlifba - ana dili dərsliyi kimi istifadə etdim. Hər səhər 17 nəfər ana dilini öyrənmək istəyən azərbaycanlı balasına bu romandan bir səhifə oxuyuram”. Sərbəst şəkildə Azərbaycan dilinin öyrədilməsi üçün iki kasetlə birlikdə satılan Baqçebaninin “Gəlin türkcə danışaq”, M.Hamaneyinin “Mokalemat: ruzmareye torki-farsi” adlı kitablarından da istifadə olunurdu.
İslam inqilabından sonra, xüsusən də İran-İraq müharibəsi dövründə Cənubi Azərbaycanda ictimai-siyasi müstəvidə hərəkat tamamilə zəifləsə də, qadağalara baxmayaraq, ziyalıların milli maarifçilik, ədəbi, elmi fəaliyyətinin əsas özəyi İran ictimai-siyasi fikrində milli kimliyin, milli dilin, o cümlədən türk etnoniminin, türk kimliyinin və türk dili anlayışının bərpası prosesinin əsası qoyulmuş oldu. Beləliklə, İslam inqilabının cənubi azərbaycanlıların milli özünüdərkini bəyan etməsi üçün yaratdığı çox qısa müddətli bir şərait sonrakı mərhələ üçün də hüquqi, mənəvi özül olmaqla milli kimliyin və dilin dirçəldilməsi prosesində əsas amillərdən biri oldu. Bu prosesə təsir edən amillərdən digəri Şimali Azərbaycanda - Azərbaycan SSR-də Cənubi Azərbaycanda gedən proseslərə marağın artması idi. Bu canlanma rəsmi Moskvanın icazəsi ilə aparılsa da, hər iki tərəfdəki azərbaycanlıların çoxəsrlik arzularına uyğun idi və milli maraqlarına cavab verirdi. Azərbaycanın şimalında Cənubi Azərbaycan mövzusunun yenidən qabarması hətta bəzi Qərb müəlliflərinin diqqətindən qaçmayıb. G.Rouks Cənubi Azərbaycan ədəbiyyatındakı milli mövzuların Sovet Azərbaycanından ixrac olunduğunu iddia edir. O, İran Azərbaycanında “etnik hərəkatın qızışdırılması”nı sovetlərin işi hesab edir və Azərbaycan SSR-də İran Azərbaycanı üçün kitablar hazırlandığına diqqət çəkir və hətta həmin nəşrlərin tərtibi və İrana göndərilməsində xüsusi fəallığı ilə seçilən Sovet Azərbaycanında elmi fəaliyyət göstərən Cənubi Azərbaycan ziyalıları Sadiq və Zehtabini
“mədəni qaçaqmalçı” adlandırır. Doğrudur, qeyd edilən illərdə Azərbaycan SSR-də Cənubi Azərbaycan mövzusunun yenidən aktuallaşdığı müşahidə olunur. Sözügedən dövrdə Azərbaycan SSR Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun nəzdində “Cənubi Azərbaycan tarixi”, Ədəbiyyat İnstitutunda isə “Cənubi Azərbaycan ədəbiyyatı” şöbələri açılmış, Cənubi Azərbaycan ədəbiyyatı və tarixi ilə bağlı elmi araşdırmalar aparılmasına, Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində Cənubi Azərbaycan mətbuatı ilə bağlı dərs tədris olunmasına başlanılmışdı. Həmin illərdə Cənubi Azərbaycan, o taylı-bu taylı Azərbaycanın birləşməsi mövzusu yazıçı və şairlərin yaradıcılığında daha geniş yer tuturdu. Lakin milli mübarizənin dövrün şərtləri daxilində ədəbi-mədəni müstəvidə davam etdirilməsi və bu tendensiyanın geniş yayılması təkcə xarici təsirlə baş verə bilməzdi.
Həm də nəzərə almaq lazımdır ki, Azərbaycanın şimalı ilə cənubu arasında həmin illərdə indiki kimi sıx əlaqələr və sərbəst gediş-gəliş mümkün deyildi, SSRİ-İran sərhəddi hər iki tərəfdən ciddi rejimli nəzarət altında idi. İİR-də hökm sürən despotik nəzarəti də nəzərə alsaq, belə bir şəraitdə Sovet Azərbaycanında hazırlanmış nəşrlərin İran Azərbaycanına sərbəst şəkildə çatdırılması və orada maneəsiz yayılması mümkünsüz idi. Başqa bir Qərb müəllifi B.Şaffer G.Rouksun bu iddialarına qarşı çıxaraq Cənubi Azərbaycanda milli mübarizə motivli ədəbi prosesin spontan getdiyi fikrindədir.

Yeganə Hacıyeva

Bu xəbər oxundu
- - -