Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Güzəştli mənzillər bu ilin yayında sakinlərə veriləcək

25.01.18, 12:44
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Ölkəmizdə güzəştli mənzillərin tikintisinə başlamaqda əsas məqsəd əhalinin aztəminatlı hissəsinə belə mənzilləri orta bazar qiymətindən aşağı qiymətə və uzunmüddətli kreditlə təklif etməkdir. Təbii ki, bu addım dövlətin sosial-iqtisadi siyasətinin prioritet istiqamətlərindən biri kimi insanların mənzil problemlərinin həllinə və sosial rifahının yüksəldilməsinə yönəlib. Güzəştli mənzillərin tikintisi yeni iş yerlərinin yaradılmasına və inşaat sektorunun inkişafına da çox böyük təkan verəcək. Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) yaradılması da məhz bu aktual məsələyə xidmət edir. Artıq uyğun qiymətə mənzil tikintisi sahəsində paytaxtda xeyli işlər görülüb. Yeri gəlmişkən, bu tipli mənzillərin tikintisi nəinki Bakı şəhərində, həm də digər rayon və şəhərlərdə də aparılacaq.
Qeyd edək ki, Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan və xarici dairəvi avtomobil yolunun kənarında yerləşən Yasamal Yaşayış Kompleksinin ümumi sahəsi 11,6 hektardır. Kompleks böyük bir ərazini əhatə etməklə, çox əlverişli – şəhərin ekoloji cəhətdən təmiz bir məkanında salınır. MİDA-nın mətbuat katibi Diana Dadaşova AZƏRTAC-a müsahibəsində bildirib ki, layihəyə görə kompleks 29 çoxmənzilli yaşayış binasından ibarət olacaq. Bunlardan 17-sinin 2-bloklu 9-mərtəbəli, 12-sinin isə 1-bloklu 12-mərtəbəli olması planlaşdırılır. Bu binalardakı 1843 mənzildən 324-ü birotaqlı, 1052-si ikiotaqlı, 467-si isə üçotaqlıdır. Birotaqlı mənzillərin sahəsi 31-33 kvadratmetr, ikiotaqlı mənzillərin 50-58 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi isə təqribən 70 kvadratmetrdir.
Mənzil almaq istəyənlərin əksəriyyətinin təmirli evə üstünlük verdiyini nəzərə alaraq, bütün mənzillər vətəndaşlara tam təmirli vəziyyətdə və mətbəx mebeli ilə birlikdə təklif olunacaq. Nəzərə çatdırılıb ki, Yasamal Yaşayış Kompleksində mənzilə sahib olmaq istəyən vətəndaşlar üçün kompleks haqqında məlumatların ətraflı təqdim olunduğu internet səhifəsi istifadəyə verilib. www.yasamal.mida.az ünvanında yerləşən internet səhifə rahatlığı və funksionallığı ilə seçilir. Həmin səhifəyə daxil olan hər kəs 5 əsas bölmədən ibarət menyu vasitəsilə Yasamal Yaşayış Kompleksinin hər bir binası, eləcə də, mənzillərin daxili və xarici perimetr üzrə sahələri, otaqlarının sayı, interyer nümunələri, tikinti ərazisinin baş planı ilə tanış ola bilər. Vətəndaşlar üçün, həmçinin Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun illik 4 faizlə verilən güzəştli ipoteka proqramı çərçivəsində uzunmüddətli ödəniş imkanı da yaradılıb. Xatırladaq ki, bu, ölkədə mənzil satışı ilə bağlı ən sərfəli ödəniş formasıdır.
D.Dadaşovanın sözlərinə görə, MİDA-nın müştərilərə təklif etdiyi mənzillər yerləşdiyi ərazi üzrə orta bazar qiymətindən aşağı olacaq. Məsələn, güzəştli ipoteka üzrə 30 illik kreditlə birotaqlı mənzil üçün aylıq ödəniş təqribən 130-150 manat, ikiotaqlı mənzil üçün 200-250 manat, üçotaqlı mənzil üçünsə 300-350 manat nəzərdə tutulub. Göründüyü kimi, bu qiymətlər paytaxtda kirayəyə verilən mənzillərin qiymətindən də faktiki olaraq aşağıdır. D.Dadaşova bununla bağlı bildirib ki, bugünədək “Güzəştli mənzil” elektron sistemi vasitəsilə 7600-dən artıq vətəndaşın mənzil əldə etmək hüququ təsdiqlənərək həmin şəxslər üçün fərdi elektron kabinetin yaradılması təmin edilib. Növbəti mərhələdə “Güzəştli mənzil” sistemində yeni satış modulu istifadəyə veriləcək. Hazırda aparılan müvafiq texniki tamamlama və test işləri yekunlaşdırıldıqdan sonra Yasamal Yaşayış Kompleksinin ilk mənzillərinin satışı ilə bağlı elan veriləcək və vətəndaşlara mənzilləri sistem vasitəsilə seçmək imkanı yaradılacaq. Bu da ölkəmizdə mənzil satışının təşkili sahəsində bir yenilikdir. “Bu gün kompleksin 29 çoxmənzilli yaşayış binasının, məktəb, uşaq bağçası və digər sosial obyektlərinin tikintisi, habelə ərazinin müvafiq mühəndis-kommunikasiya sistemi ilə təchiz edilməsi işləri paralel aparılmaqdadır. Tikintidə 20-dən artıq şirkət iştirak edir, ümumi inşaat prosesinə 3000 nəfərə yaxın işçi cəlb olunub. Kompleksin ilk 15 yaşayış binasının və 960 şagird yerlik ümumtəhsil məktəb binasının konstruksiya və hörgü işləri artıq başa çatdırılıb, həmin tikililərdə tamamlama-bəzək işləri davam etdirilir. Kompleksin digər binalarının tikintisi müxtəlif icra mərhələlərində olmaqla aparılır. Yasamal Yaşayış Kompleksində ilk mənzillərinin bu ilin yay aylarında gələcək sakinlərinə təqdim olunması planlaşdırılır. Ümumilikdə isə kompleks 2019-cu ildə tam təhvil veriləcək”.

Bu xəbər oxundu
- - -