Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Qarabağ bəylərbəyliyinin və regionun idarə olunmasında ermənilər iştirak etməyib

26.01.18, 10:55
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

2-ci yazı

Ermənilərin Qafqaza gəlmə olduqlarını ciddi tarixi mənbələr təsdiqləməkdədir. Bu gün onlar özlərinin bu torpaqların "köklü-köməcli sakinləri olduğunu" "təsdiqləyən" filmlər çəkir, kitablar yazır, yazdırır, elə sanırlar ki, tarixi ardıcıl saxtalaşdıra biləcəklər. Artıq yüz ildir Azərbaycanın tarixi ərazilərində havadarlarının əliylə "Ermənistan" adlı qondarma dövlət quran ermənilərin onillərdir hədəfi Qarabağdır. Dağlıq Qarabağı və ətraf rayonları işğal edən ermənilər dayanmadan bu bögənin də dədə-babadan "onların tarixi əraziləri olduğunu" uydurmaqdadırlar.
Qarabağ xanlığının tarixinə həsr olunmuş Azərbaycan tarixçilərinin araşdırmaları əsasında da sübut olunur ki, bu uydurmaların heç bir əsası yoxdur. Tarix elmləri doktoru Zemfira Hacıyevanın araşdırmasında vurğulanır ki, bu dövrdə, yəni XIX əsrin əvvəllərinə kimi Qarabağın köklü xristian əhalisi özünün alban mənliyini qoruyur və ermənilərdən xeyli fərqlənirdi. Çar Rusiyası Azərbaycanı işğal edib digər ölkələrdən yüz minlərlə ermənini Azərbaycana, o cümlədən Qarabağa köçürdükdən sonra isə Dağlıq Qarabağın erməniləşdirilməsi prosesi sürətləndi. 1872-1873-cü illərdə Şuşa qəzasının tarixinə məqalə həsr etmiş K.Nikitin yazırdı ki, türklər bu ərazinin yerli sakinləridir, ermənilər isə buraya XVII əsrin sonundan köçməyə başlayıblar.
Artıq qeyd edildiyi kimi, XII əsrdən başlayaraq mənbələrdə geniş şəkildə «Qarabağ» istilahından istifadə edilir. Tədqiqatçılar Qarabağ toponimini peçeneq-kəngərlərin bir qolu olan Qarabay (Qarabağ) tayfasının adı ilə bağlayırlar. Görkəmli alim V.Piriyev qeyd edir ki, bu terminə Şimali Qafqaz, Türkmənistan, Özbəkistan, Əfqanıstan və s. ölkələrdə rast gəlmək olar. Üstəlik Azərbaycanın bir neçə bölgəsində Qarabağ adlı yer mövcud olub. Onlan bir-birindən fərqləndirmək üçün məlum ada coğrafi məkanın adı əlavə edilirdi. Qarabağ bu dövrün mənbələrində «Arran Qarabağı» kimi göstərilirdi: "Qarabağın Xocavənd kəndində alban kilsəsi XIII-XIV əsrlərdə Qarabağ Aranın «mərkəzi», «qəlbi», «paytaxtı» hesab olunurdu. Bu dövrdə Qarabağ cənubda Araz çayı, cənub-qərbdə Həkəri çayı, şimal-qərbdə Zəqəm çay, şimal və şimal-şərqdə Kür çayı, cənub-şərqdə Güştasfi ilə hüdudlanan ərazini əhatə edirdi. XIII əsrin əvvəllərində burada yerləşən Xaçın knyazlığı monqolların və xarəzm şah Cəlaləddinin hücumlarına məruz qalmışdı. Bununla belə, knyazlığm başçısı Həsən Cəlal onlarla ümumi dil tapa bildi və Qarabağ dağıntılardan xilas edildi. Lakin 1261-ci ildə monqollar Həsən Cəlalı qətlə yetirdilər, onun oğlu Cəlal Atabəy hakimiyyətə gəlsə də, knyazlığı uzunmüddət qoruyub saxlamaq mümkün olmadı, 1287-ci ildə Xaçın knyazlığı ləğv olundu. Göründüyü kimi, bu dövrdə də Qarabağın ermənilərə heç bir aidiyyəti olmayıb".
XIII-XIV əsrlərdə Qarabağda əhalinin etnik mənsubiyyətinə gəldikdə isə akademik Z.Bünyadovun qeyd etdiyi kimi, burada həm monqol yürüşlərindən əvvəl, həm də monqol yürüşlərindən sonra türkdilli əhali tam əksəriyyət təşkil edib. Monqol yürüşləri zamanı Qarabağa yeni-yeni türk tayfaları köçürülüb və onlar alban mənşəli əhali ilə heç bir münaqişəyə girmədən burada məskunlaşıblar. Tarixi mənbələrin məlumatları erməni «alimləri»nin bütün uydurmalarmı əyani şəkildə təkzib etdiyinə görə üzdəniraq alimlər tarixi mənbələri təhrif etməkdən və ya bu mənbələrin məlumatlarını özlərinə uyğun formada şərh etməkdən belə çəkinmirlər: "XIII əsrdə Gəncədə yaşamış alban tarixçisi Kirakosun «Tarix» adlı əsəri 1976-cı ildə rus dilində çap olunarkən «Ermənistan tarixi» adını alıb. Halbuki müəllif əsərdə erməniləri və albanları fərqləndirir və albanlarm Qarabağın ən qədim sakinləri olduğunu qeyd edir.
XV əsrdə Qarabağ müvafıq olaraq Qaraqoyunlu və Ağqoyunlu Azərbaycan dövlətlərinin tərkib hissəsi olub. XV əsrdə Həsən Cəlalın nəsli Cahan şah Qaraqoyunludan «məlik» titulunu alıb. Sonralar bu nəsil 5 ailəyə bölünüb ki, onların hər birinin nümayəndələri özlərini «məlik» adlandırıb. XVIII əsrdə Rusiya imperatoruna imzaladıqları məktublarda isə onlar özlərini «Alban Ərşakilərinin varisləri» kimi tanıtdırıblar. Öz dövlətləri olmayan və yalnız kilsələri ətrafında cəmləşən ermənilər XV əsrdə əriyib yox olmaq təhlükəsi ilə üzləşmişdilər, çünki Bizans hökmdarları və kilsəsi erməniləri assimilyasiyaya uğradırdı. 1441-ci ildə erməni katolikosluğunun mərkəzi Aralıq dənizi sahillərində yerləşən Kilikiyadan əzəli Azərbaycan ərazisi - Üçkilsəyə (Eçmiədzinə) köçürüldü. Bu mənada erməni alimi A.Papazyanın qeydlərini xatırlamaq yerinə düşər: «Öz dövlətçiliyini çoxdan bəri itirmiş erməni xalqının ictimai-siyasi tarixində erməni-qriqorian kilsəsi böyük rol oynayırdı».
Həmin bu tarixdən başlayaraq ermənilər Zəngəzur və Qarabağın onlara məxsusluğu haqqında fərziyyələr uydurmağa başladılar. Bu məkrli işdə erməni kilsəsinin təhrikedici missiyası danılmazdır. Tədqiqatçı İ.Petruşevski də bu faktı təsdiqləyərək qeyd edir ki, Eçmiədzin kilsəsi müxtəlif üsullarla ətraf torpaqları əldə etməyə başlamışdı: "XVI əsrdə Qarabağ Azərbaycan Səvəfi dövlətinin tərkibinə qatılmış və burada hətta ayrıca bəylərbəyilik - Qarabağ bəylərbəyiliyinin əsası qoyulmuşdu. Qüdrətli Səfəvi dövlətinin mövcudluğu şəraitində ermənilərin hər hansı ərazi iddiasından söhbət gedə bilməzdi. İnzibati mərkəzi Gəncə şəhəri olan Qarabağ bəylərbəyiliyi Araz və Kür çayları arasında, qərbdə Samxet dağları və Göyçə gölünə kimi uzanan geniş bir ərazini əhatə edirdi. Bəylərbəyiliyin tərkibinə Bərdə şəhəri, Aqstabad (indiki Ağstafa), Bərgüşad, Arazbar, Cavanşir və digər mahallar daxil idi. Qarabağ bəylərbəyisi vəzifəsinə adətən Səfəvilərin hakimiyyətə gəlməsinə kömək etmiş qızılbaş tayfalarından biri - Qacar tayfasından olan Ziyadoğulları nəslinin nümayəndələri təyin olunurdu. İlk Qarabağ bəylərbəyi isə Şahverdi sultan Ziyadoğlu (1551-1568) idi.
XVII əsrdə Qarabağ ərazisi bütünlüklə Qarabağ bəylərbəylərinin tabeçiliyində olmuş, burada yaşayan türk-müsəlman əhalisi və məliklərin idarə etdiyi alban-xristian əhalisi bəylərbəyinə tabe idi. Əhalinin tərkibində də dəyişikliklər olmamışdı. Hazırda erməni «alimləri» yazırlar ki, guya XVII əsrdə burada ermənilərdən başqa heç kim yaşamayıb. Halbuki tarixi mənbələr açıq- aydın şəkildə burada türk-müsəlman əhalisinin çoxluq təşkil etməsini göstərir. XVI-XVII əsrlər Qarabağ bəylərbəyilərinin adları bir daha sübut edir ki, sözügedən ərazini türkmənşəli müsəlman Ziyadoğulları nəsli idarə etmiş və regionun idarə olunmasm da ermənilərin iştirakı əsla olmayıb. O.Əfəndiyevin tədqiqatı əsasında tərtib edilmiş aşağıdakı siyahı bunu bir daha təsdiq edir: Şahverdi sultan Ziyadoğlu, İbrahim xan Ziyadoğlu,Yusifxəlif Ziyadoğlu, Peykər sultan Ziyadoğlu, İmamqulu xan Ziyadoğlu, Məhəmməd xan Ziyadoğlu, Osmanlı hakimiyyəti, Məhəmməd xan Ziyadoğlu, Mürşüdqulu xan Ziyadoğlu, Məhəmmədqulu xan Ziyadoğlu, Davud xan, Məhəmmədqulu xan Ziyadoğlu, Murtuzqulu xan Ziyadoğlu.
Qarabağın dağlıq hissəsində olan xristian-alban məliklərinin hər birinin hakimiyyəti XVII yüzilliyin əvvəllərinə kimi adətən bir kəndə yayılırdı. Səfəvi şahı I Abbas məlik rütbəsini (Türkiyəyə qarşı müharibədə göstərilən yardımın müqabilində) ilk dəfə olaraq hakim səviyyəsinə qaldırdı: "Qarabağın dağlıq ərazisi beş hissəyə bölünüb, hər hissə bir məlikin idarəsinə verildi. Məlik öldükdən sonra vəzifə oğluna keçirdi. Məlikin digər oğlanları «bəy» adlanırdı. Tarixi təhrif etməyə adət etmiş erməni «tədqiqatçıları» yazırlar ki, guya Qarabağın məlikləri erməni olduqlarına görə XVIII əsrin əvvəllərində Rusiya çarlarının tərəfıni saxlayır və Rusiyanın regiondakı siyasətini dəstəkləyirdilər. Lakin tarixi faktlar və ilk növbədə o dövrün rus rəsmi sənədləri bunu təkzib edir. G.Məmmədovanın aşkar etdiyi 1724-cü ilə aid məktublarda qeyd olunur ki, məliklərdən «Çiləbördlü Sarkis qızılbaşların, Gülüstanlı Esai osmanlıların, məlik Bağır qızılbaşların tərəfini saxlayırlar».
XVIII əsrin 20-ci illərinin ortalarında Azərbaycanın bir çox yerləri kimi Qarabağ bəylərbəyinin ərazisi də Osmanlı hakimiyyəti altında idi. Osmanlı hakimiyyəti dövründə bu ərazi «Gəncə əyaləti» adlanırdı. Gəncə əyalətinin ərazisi Qarabağ bəylərbəyinin ərazisindən xeyli kiçik idi. Məsələ burasındadır ki, əvvəllər bu bəylərbəyiliyin tərkibinə daxil olan Qazax 1723-cü ildə müvəqqəti olaraq Tiflis əyalətinə birləşdirilmişdi. Elə bu səbəbdən də 1724-cü ildə Qarabağ bəylərbəyiliyinin Lori və Pəmbək mahalları ələ keçirilərkən onlar İrəvan əyalətinə birləşdirilmişdi.
XVIII əsrin əvvəllərində Qarabağ osmanlıların nəzarətinə keçmiş və nəticədə əhalinin etnik tərkibində müəyyən dəyişikliklər olmuşdu. 1727-ci ildə osmanlıların tərtib etdiyi hesabatlara nəzər salsaq görərik ki, Qarabağın dağlıq hissəsində 272 kənddən 112-sini müsəlman əhali tərk edib. O.Əfəndiyevin fikrincə, buna səbəb Osmanlı-Səfəvi müharibələri olmuşdu. Müəllif qeyd edir ki, osmanlıların yeritdiyi siyasət nəticəsində Qarabağı əsasən şiə müsəlmanlar tərk edir, xristian əhaliyə isə toxunulmurdu. Bununla belə, regionda yaşayan türk-müsəlmanlar yenə də üstünlük təşkil edirdi.

Elçin Qaliboğlu

Bu xəbər oxundu
- - -