Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Makedoniya və Moldova ilə eyni qrupa düşməyimizi istəmirdim”

29.01.18, 12:52
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 


AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullanın apasport.az saytına müsahibəsi

- Yanvarın 24-də İsveçrənin Lozanna şəhərində keçirilən Millətlər Liqasının püşkatmasında baş katib Elxan Məmmədov və millinin baş məşqçisi Qurban Qurbanovla birlikdə siz də iştirak etdiniz. Bundan bir gün öncə isə UEFA-nın üzvü olan milli assosiasiyaların mətbuat xidmətlərinin rəhbərləri üçün təşkil olunan seminara qatıldınız...
- Bəli, püşkatmadan 1 gün əvvəl milli assosiasiyaların mətbuat xidmətlərinin rəhbərləri üçün seminar təşkil olunmuşdu. Bununla əlaqədar Lozannaya 1 gün tez getmişdim və yanvarın 23-də seminara qatıldım. Deyim ki, qeyri-adi nəyinsə baş verdiyi seminar deyildi. Adətən UEFA bütün turnirlərdən əvvəl belə seminarlar təşkil edir. Millətlər Liqası yeni turnir olduğuna görə, bu dəfə də mətbuat xidməti rəhbərləri ilə ayrıca görüş keçirməyə ehtiyac duymuşdular. Turnirin media fəaliyyətinin qurulması ilə bağlı yenə ətraflı məlumat verdilər, kommunikasiyanın yüksək səviyyədə olması ilə bağlı tövsiyələrini bildirdilər. Mətbuat konfranslarının təşkili, “mix-zona”da jurnalistlərin fəaliyyəti, baş məşqçilərin media nümayəndələri ilə ünsiyyətdə olmasının vacibliyi qeyd olundu. Bəzi ölkələrin futbol federasiyalarının mətbuat katibləri “mix-zona”da adətən üzə çıxan problemlərlə bağlı danışdılar. Xüsusilə, orda jurnalistlərin “selfie” çəkdirmək istəyi ilə bağlı söhbət getdi. Məlum oldu ki, bu, təkcə Azərbaycanın problemi deyil, başqa ölkələrdə də bu cür problemlər yaşanır. Əsasən dünya futbolunda reytinq baxımından o qədər də yüksək pillələrdə olmayan milli komandaların böyük rəqiblərlə qarşılaşmasında belə problemlər yaşanır.

- Püşk atılana qədər hansı yığmaların millimizə rəqib olmasını istəyirdiz? Elxan Məmmədov və Qurban Qurbanovla aranızda bu haqda dialoq yaşandımı?
- Həmin günlərdəki iş qrafikimlə əlaqədar, püşkatmadan öncə nə Elxan müəllim, nə də Qurban Qurbanovla ünsiyyətdə olmaq imkanı əldə etmişdim. İlk dəfə seminarın keçirildiyi gün axşam saatlarında UEFA Millətlər Liqasının rəsmi ziyafətində görüşdük. Sözün açığı, konkret hansı komandaların düşməsinin bizim üçün daha məqbul olacağı ilə bağlı fikir mübadiləsi olmadı.

- Sizin ürəyinizdən hansı rəqiblər keçirdi?
- Əslində, D divizionundakı komandalardan ən zəiflərinin bizim qrupa düşməsini istəyirdim ki, qrupdan rahat çıxa bilək.

- Çəkindiyiniz, yığmamızla bir qrupa düşməyini istəmədiyiniz rəqib var idi?
- Makedoniya ilə eyni qrupda olmağı istəmirdim. Bir də içimdə hiss var idi ki, Moldova ilə bir qrupa düşməyək. Mənə görə, D divizionunda ən yaxşı 2-3 komandadan biri Makedoniyadı. Onlar son seçmə mərhələdə mənim həmişə diqqət mərkəzində saxladığım İtaliya millisi ilə eyni qrupda idilər və italyanlara da kifayət qədər yaxşı müqavimət göstərməyi bacarmışdılar. Oyunlarını izləmişdim. Buna görə də, hesab edirdim ki, Makedoniya çox ciddi rəqibdi və yaxşı ki, bizimlə eyni qrupda yer almadılar. Moldovaya gəlincə, istər klub, istərsə də milli səviyyəsində müstəqillik dövründəki qarşılaşmaların əksəriyyətində onlar bizə problem yaratmağı bacarıblar. Demirəm ki, futbol keyfiyyəti baxımından bizdən həmişə üstün olublar. Amma futbolda bəzən arzuolunmaz rəqib formalaşır. Bunun səbəbini bilmirəm. Mənə görə, Moldova da belə komandalardandı. Yaxşı ki, eyni qrupda yer almadıq. Yeri gəlmişkən, millimiz yanvarın 30-da onlarla yoldaşlıq matçında qarşılaşacaq.

- Yığmamız Millətlər Liqasında Kosovo, Malta və Farer adaları ilə eyni qrupda müabrizə aparacaq. Yəqin ki, rəqiblər ürəyinizcədi...
- Deməzdim ki, tam ürəyimcədi. Amma mənim istəyim artıq heç nəyi dəyişmir.

- Narahat olduğunuz məqam Kosovo yığması ilə bağlıdı?
- Kosovo amili də var. Nəzərə almaq lazımdı ki, Malta da bir ayaqla keçiləsi rəqib deyil. Statistikadan siz də xəbərdarsız. Malta ilə milli komandamızın statistik göstəricilərində bizim mütləq üstünlüyümüz yoxdu. Düzdü, son illərdə onları üstələmişik, qələbələrimiz, heç-heçəmiz var. Amma millimiz ilk dövrlərdəki çıxışında Maltaya hətta 0:5 hesabı ilə uduzub. Mən futbol mütəxəssisi deyiləm. Bir media nümayəndəsi kimi deyirəm ki, Farer adaları da rahat yem olacaq rəqib deyil. Ümumiyyətlə, son dövrlərdə dünya və Avropa futbolunda bir tendensiya var: artıq hamı futbol oynamağı bacarır. Heç bir rəqibə “bu, məğlub edə biləcəyimiz komandadı” kimi yanaşmaq düzgün deyil. Onu da nəzərə almaq lazımdı ki, biz dünya futbolunda cəmi 20 ildən bir qədər artıq müstəqil fəaliyyətimiz olan ölkəyik və digər rəqiblərin də bizə eyni münasibət bəsləməsində təəccüblü heç nə olmamalıdı.

- Media nümayəndələri arasında millimizin bu qrupda mütləq birinci yeri tutmalı olduğunu düşünənlərlə yanaşı, Kosovonun heyətinin əksər üzvlərinin legioner həyatı yaşadığını əsas gətirərək, onları qrupun favoriti sayanlar da var. Sizin bu məsələdə mövqeyiniz necədi?
- Sözün açığı, rəqib olaraq Kosovo yığmasının hələ bir oyununu da izləməmişəm. Bu komandanın oyun keyfiyyətinin hansı səviyyədə olduğunu bilmirəm. Amma birmənalıdı ki, Kosovonun futbolçularının böyük əksəriyyətinin Avropa klublarında çıxış etməsinin özü bir göstəricidi. Ən azı, bu baxımdan bizi üstələyirlər. Azərbaycan millisində ölkəmizdən kənarda çıxış edən futbolçuların sayı bir əlin barmağı ilə sayılacaq qədərdi. Kosovo bu göstəricidə kağız üzərində də olsa, bizdən bir addım öndədi. İkinci amil onların mənsub olduğunu coğrafiyanın nümayiş etdirdiyi futbolun keyfiyyəti ilə bağlıdı. Keçmiş Yuqoslaviyadan ayrılmış və indi müstəqil respublika olan dövlətlərin, demək olar ki, hamısı sözün əsl mənasında futbol oynamağı bacarır. Bu amillər bir qədər ehtiyatlanmağa vadar edir. Həm də biz atletik futbola qarşı çətinlik çəkirik. Amma ümid edirəm ki, milli komandamız bu çətinliyin öhdəsindən gələ biləcək.

- Millətlər Liqasının özü haqda da fikirlər birmənalı deyil. Siz yeni yaradılmış turnirin effekt verəcəyini düşünürsüz, ya əksinə?
- Millətlər Liqasının formalaşdırılması UEFA-nın irəli sürdüyü təklifdi. Yəqin ki, bu turnir daha çox reytinq baxımından yüksək pillələrdə qərarlaşmış milli komandaların bəyənməyəcəyi yarış ola bilər. Çünki eyni məqsəd uğrunda artıq iki “cəbhə”də mübarizə aparmaq məcburiyyətindədilər. Böyük komandalardan söhbət gedirsə, Almaniya, İspaniya, İtaliya, İngiltərə və Fransanın, onsuz da, seçmə mərhələdən birbaşa Avropa çempionatına vəsiqə qazanmaq şansları çox yüksəkdi. Təbii ki, onların yanaşmasında bu turnir bir az artıq vaxt itkisidi. Amma istənilən halda, onlar üçün həm də yaxşı sparrinqlərdi. Güclərini yalnız seçmə mərhələyə sərf edib, Millətlər Liqasına nisbətən yoxlama turniri kimi də yanaşa bilərlər. Qrupların bölgüsü də elədi ki, xüsusilə, A və B divizionunda yarışacaq komandalar üçün çox çətin qruplar formalaşıb. Amma bizim mövqeyimizdən baxanda, əlbəttə, Millətlər Liqasının yaradılması bizi sevindirməlidi və biz bu turnirə daha çox entuziazmla, ciddi yanaşmalıyıq. Çünki bu, Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmağımız üçün əlavə şansdı. Bundan istifadə etməyə çalışmalıyıq.

- Millətlər Liqasının yaradılması seçmə mərhələyə ümumi marağı azalda bilərmi?
- Bunun maraq məsələsinə təsir göstərəciyini düşünmürəm. Burda iki cür maraq var: azarkeş marağı və ümumilikdə futbol təşkilatlarının, milli assosiasiyaların bu turnirlərə münasibəti. Azarkeş üçün əlavə oyunlar izləmək şansı var və bu baxımdan maraq yüksək olacaq. Belə bir müqayisə aparaq. Təsəvvür edin ki, Azərbaycan yığması sentyabrdan başlayaraq, UEFA Millətlər Liqasının qrup mərhələsində 6 oyun keçirəcək. Bu, evdə 3 matç deməkdi. Yalnız seçmə mərhələdə çıxış etmək variantı olsaydı, biz bu 3 görüşdən məhrum olacaqdıq. Amma indi təkcə yoldaşlıq oyunu statusu daşımayan, həm də rəsmi xarakterli və Avropa çempionatına vəsiqə verən 3 oyundan söhbət gedir. Bu, azarkeş marağının artmasına səbəb ola bilər. Bundan sonrakı seçmə mərhələdə də keçirəcəyimiz 6 və ya 5 oyundan asılı olaraq, daha artıq azarkeş marağı olacaq. Millətlər Liqasında Almaniya və Hollandiya yığmaları eyni qrupdadı. B divizionunda Türkiyə, İsveç və Rusiya bir qrupa düşüb. Təsəvvür edin, bu oyunlara azarkeş marağı hansı səviyyədə olacaq. Təbii ki, həmin komandaların elə seçmə mərhələdə keçirdiyi bütün oyunlarda da azarkeş sayı çox olur. Məncə, Millətlər Liqası futbolun təbliğinin artırılması, azarkeş kütləsinin cəlb olunması, həm də teleyayım baxımından çox əhəmiyyətli turnirdi.

- Vaxtilə Azərbaycan klubunun Çempionlar Liqasının qrupuna düşməsi bizə yuxu kimi gəlirdi. Amma ötən il “Qarabağ”ın sayəsində bu gerçəkləşdi. Azərbaycanlı futbolsevərlər millinin Avropa çempionatının final mərhələsində oynamağını da xəyal edirlər. Millətlər Liqasının yaradılmasından sonra bu arzunun da həyata keçməsi realdımı?
- Ümid həmişə var. Mən inanıram ki, bu xəyalımızı da gerçəkləşdirəcəyik. 1992-ci ildən, yəni federasiyanın fəaliyyətə başladığı dövrdən 20 ildən çox vaxt keçib, artıq 26-cı ildi. Müstəqil Azərbaycan futbolu əsrin 1/4-ni adlayıb. Məncə, böyük turnirlərə qatılmağın vaxtıdı. Ümid edək, amma hər şeyi həddindən artıq xəyal qatında görmək bizi yanılda bilər. Söhbət bütövlükdə futbol ictimaiyyətindən gedir. O demək deyil ki, biz çox asanlıqla Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmalıyıq. Məncə, futbol ictimaiyyəti, mütəxəssislər, azarkeşlər, bir sözlə hamı milli komandaya dəstək verməlidi. Burda mətbuatın rolu böyükdü. “Bu nə rəqiblərdi, onları mütləq keçməliyik” demək yığmanın üzərində təzyiq yarada bilər. Artıq bunun işartılarını gördüm və bu cür yanaşmanın əleyhinəyəm. Müasir futbol göstərir ki, belə yanaşma düzgün deyil. “Qarabağ”ı qeyd etdiniz. Ümumi futbol məntiqi ilə yanaşsaq, “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmağı, pley-offda Danimarka təmsilçisini məğlub etməyi, bəlkə də, çoxuna inandırıcı görünməyə bilərdi. Komanda qrup mərhələsinə vəsiqə qazandı, hamımızı sevindirdi. Azarkeşlərin əksəriyyətinin münasibəti belə idi ki, “Qarabağ” qrupdakı 6 matçda xal qazanmasa belə, gözəl oyun göstərib, bizi sevindirsə, bəs edər. Lakin birinci xal qazanılandan sonra azarkeşlər arasında “biz niyə qələbə qazana bilmirik” tipli suallar formalaşdı. İstənilən sahədə olduğu kimi, futbolda da iştah diş altındadı. Məncə, hamımız milliyə dəstək olmalı, maksimum çalışmalıyıq ki, replika, yazı və reportajlarımızla futbolçularımızın təzyiq altında olmasına yox, daha rahat şəkildə çıxış etməsinə şərait yaradaq.

Bu xəbər oxundu
- - -