Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Avropada 30 yaşlı futbolçu ilə 4 illik müqavilə bağlayırlar, bizdə isə...”

30.01.18, 12:45
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Səbail” klubunun futbolçusu Vüqar Nadirovun apasport.az saytına müsahibəsi
- Antalya toplanışı çərçivəsində 3-cü yoxlama oyununuzu Bolqarıstanın “Lokomotiv” klubuna qarşı keçirdiniz və 1:3 hesabı ilə uduzdunuz. Matçla bağlı nə deyə bilərsiz?
- Rəqib yaxşı komanda idi. Birinci hissədə 1:0 hesabı ilə öndə olsaq da, fasilədən sonra səhvlər buraxdıq, yekunda uduzduq. Yoxlama oyunudu, belə görüşlərdə nəticə önəmli deyil. Əsas odu çatışmazlıqlar bilinsin və aradan qaldırılsın ki, çempionatda bu səhvləri təkrarlamayaq.
- Komanda indiki məqamda çempionatın ikinci yarısına neçə faiz hazırdı?
- Hazırlığa Bakıda başladıq. Baş məşqçi Samir Əliyev orda əsasən fiziki hazırlığa üstünlük verdi. Daha sonra Antalyaya gəldik. Burda isə taktiki məşqlər və yoxlama matçları ilə hazırlığımızı davam etdiririk. Yeni taktiki sxemlə oynayırıq və baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışırıq. Səhvlər var, onsuz mümkün deyil. Amma əlimizdən gələni edirik ki, səhvləri aradan qaldıraq. Fikrimcə, çempionatın ikinci yarısına hələ tam hazır deyilik. Dediyim kimi, yeni taktiki sxemdə oynayırıq. Ancaq futbolçu üçün hansısa sistemdə oynamağın fərqi yoxdu. Hər kəs üzərinə düşən missiyanı yerinə yetirməyə çalışır. Deyərdim ki, indiki məqamda 70-80 faiz hazırıq.
- Yeni taktiki sxemdə iki hücumçu ilə oynayacaqsız. Bu, komandaya xeyir verəcəkmi?
- 5 müdafiəçili sistemdi və əsas güc cinahlara düşür. Bu mövqedə çıxış edən futbolçular tez-tez hücuma atılırlar. Baş məşqçimiz başqa taktiki sxemi də yoxlayır. Mənim üçün fərqi yoxdu. Buna da öyrəşmişəm. Karyeram ərzində iki hücumçulu sistemdə də oynamışam, amma bu, çoxdan olub. Xeyli vaxtdı hücumçu oynamırdım. Amma məndə o xüsusiyyət qalıb, sürətim yerindədi. Yeni taktiki sxemdə irəlidə çox oluruq. Samir müəllim istəyir ki, rəqibi daha çox öndə sıxaq, pressinq edək. Yaxşı sxemdi, sadəcə komandanın ona tam alışması üçün vaxt lazımdı.
- Ümumiyyətlə, 3-5-2 taktiki sxemindən son vaxtlar çox istifadə olunur...
- Elədi. Amma kiçik detallar var, hər komanda fərqli oynayır. Beşli müdafiə sistemi mənə yad deyil, “İnter”də də bu taktiki sxemdə oynamışam. Sadəcə, orda hücumun sivri ucunda yer almırdım. Həmin mövqedə Rauf Əliyev oynayırdı, hücumçunun arxasında isə mən.
- “Səbail”in qış fasiləsinə qədərki çıxışını necə dəyərləndirirsiz?
- Çempionatın startına qədər rəqiblərimiz düşünə bilərdilər ki, “Səbail” yeni komandadı, bunlarla oyunda rahatlıqla 3-4 qol vuracağıq. Lakin əksini gördülər. Heyətimizdə zədəlilər də oldu. Bununla belə, hər biri ilə sona qədər mübarizə aparmağa çalışdıq. Əsas rəqiblərimiz “Kəpəz” və “Keşlə”di, hazırda turnir cədvəlində onlardan öndəyik. “Neftçi” də bizdən çox irəlidə deyil, aramızda cəmi 3 xallıq fərq var. Əlbəttə ki, bundan yaxşı ola da bilərdi. Amma bəzi matçlarda təcrübəsizlik özünü göstərdi. Bilirsiz ki, komanda yeni qurulmuşdu, heyətdə gənclər çox idi. Əksər futbolçuların öz klubları ilə müqaviləsi var idi. Bununla belə, Samir müəllim yaxşı heyət yığa bilmişdi. Heç bir komandanın qarşısında təslim olmadıq, bütün rəqiblərə “diş göstərdik”. Bizimlə oynayanlar qələbə qazanmaq üçün mütləq əziyyət çəkirdilər.
- “Səbail”də ən təcrübə futbolçu siz sayılırdız. Artıq Ruslan Əmircanovla da müqavilə bağlanılıb. Yəqin ki, onun gəlişi gənc futbolçularla danışmaq baxımından işinizi bir qədər asanlaşdıracaq...
- Komandada təcrübəli futbolçu nə qədər çox olsa, bir o qədər yaxşıdı. Oyunun gedişində gənclərə tövsiyə vermək, onlarla danışmaq vacibdi. Əmircanovun gəlişi yaxşı oldu. Bundan əlavə, “Səbail”də Elton Yaqublu, Elman Taqayev kimi futbolçular da var. Təcrübəli olsaq da, özümüzü böyük-böyük aparmırıq. Kollektiv şəklində bir olmağa çalışırıq. Böyük-kiçik yeri var, bu öz yerində. Sağ olsunlar, cavanlar hörmətimizi saxlayırlar. Amma istəmirəm ki, “Qarabağ” və ya başqa komandada oynamışam deyə, özümü göydən aparım. Məndə ömürboyu belə şey olmayıb, heç kimə yuxarıdan aşağı baxmamışam.
- Qış fasiləsindən sonra “Səbail”in əsas hədəfi nə olacaq?
- Hədəf Premyer Liqada qalmaqdı. Bütün rəqiblərimizə qarşı sona qədər müqavimət göstərməyə və xallarımızı qazanmağa çalışacağıq. Turnir cədvəlində bir qədər yuxarı pillələrə qalxmaq üçün əlimizdən gələni edəcəyik.
- Çempionatın ilk iki dövrəsində rəqib qapısına uzaq məsafədən tez-tez zərbələr vururdunuz. Yeni taktiki sxemdə də bu ənənənizi davam etdirəcəksiz?
- Əlbəttə. Samir müəllim məşqlərdə də məndən uzaqdan zərbə vurmağı tələb edir. Əgər önüm boşdusa, mütləq qapıya zərbə vuracam. Əks halda isə ötürmə verəcəm. Məşqlərdə bunun üzərində çox çalışıram. Amma komandalar mənim bu bacarığımı bildikləri üçün artıq hazırlıqlı olurlar. Mən də çalışıram ki, zərbə vuracağımı göstərib, ötürmə verim.
- Hazırda milli komandanın da toplanışı gedir. Yeni baş məşqçi Qurban Qurbanovun diqqətini cəlb edəcəyinizə inanırsız?
- Qurban Qurbanovla 6-7 il işləmişik. Oyunuma, xasiyyətimə bələddi. Məncə, millinin qapısı hamı üçün açıq olacaq. Mən də əlimdən gələni edirəm, məşqlərdə, oyunlarda gücümü əsirgəmirəm. Gündə 2 dəfə məşq edirik. Amma məşqdən sonra da qalıb işləyirəm. Hədəfim yenidən yığmaya çağırılmaqdı. Bizdə çoxu belə düşünür ki, 30 yaşı varsa, bu, artıq futbolu bitirib. Amma elə deyil. Özümü yenidən sübut etmək istəyirəm. Sadəcə, bunu sözlə deməyi xoşlamıram. Çalışıram ki, məşqimlə, oyunumla itirdiklərimi geri qaytarım. Səhvlər olur, həyatda səhvsiz insan yoxdu. Avropada 30 yaşlı futbolçu ilə 4 illik müqavilə bağlayırlar. Bizdə isə həmin yaşa çatanda deyirlər ki, bunun futbolu bitdi. Elə adamlara pis baxmıram, hərənin öz fikri var. İstəyirəm ki, öz oyunumla ilk növbədə “Səbail”ə kömək edim, ardınca isə milliyə dəvət alım.

Bu xəbər oxundu
- - -