Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

ABŞ-Rusiya iqtisadi savaşı: hansı ölkələr zərər görəcək?

31.01.18, 10:11
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

ABŞ-Rusiya münasibətləri SSRİ-nin dağılmasından sonra ən aşağı səviyyəyə düşüb. Rusiya əleyhinə tətbiq edilən sanksiyaların əhatə dairəsinə, ünvanlılığına, sistemliliyinə və daha çox ölkələrin qoşulması prosesinə baxsanız, görəcəksiniz ki, həqiqətən də kommunistlərin hakimiyyəti dövründə belə bir mənzərə olmayıb.
Rəsmi Moskva da sanksiyalar əleyhinə öz mövqeyini işə salıb, Avropa Birliyi ilə əlaqələrin xeyli hissəsi dayandırılıb, həmçinin müxtəlif şirkətlərin fəaliyyətinə yasaq qoyulub. Belə cavab tədbirləri fonunda beynəlxalq münasibətlər sistemi son dərəcə arzuolunmaz bir vəziyyətə düşüb.
Bunu millət vəkili Zahid Oruc deyib. O bildirib ki, Rusiya əleyhinə görünməmiş izolyasiya rejimini bərqərar edəcək “Kreml hesabatı” hazırda hamını məşğul etməkdədir:
“Rusiyada informasiyalı adamlar konkret olaraq həmin sənədin müxtəlif bəndlərindən çıxış edərək indiyəqədərki vəziyyətdən daha köklü problemlərin meydana çıxacağını vurğulayırlar. Göründüyü kimi, Putinin ən yaxın çevrəsinə, həddindən artıq böyük imkanlara sahib olan neft, qaz və digər təbii resurslar üzərində qərarlaşan və beynəlxalq məkana çıxan, transmilli xarakter daşıyan şirkətlərə və onların rəhbərlərinə qarşı kəskin addımlar nəzərdə tutulur. Burada təkcə iqtisadi itkilər gözlənilmir. Rusiya onsuz da ötən illər ərzində yüz milyardlarla dollar ziyan çəkdiyini rəsmi səviyyədə gizlətməyib. Ancaq o biri yandan siyahıda adı çəkilən şəxslərin hamısı Qərblə şəxsi, ictimai, siyasi, ticari, iqtisadi, elmi, təhsil və s. kimi əlaqələrə malikdir. Belə bir inteqrasiya fonunda onların itirməyə çox şeyləri var. Görünür, Ağ Evin strateqləri hesablayırlar ki, hətta Tramp razı olmasa da, Putini öz yaxın çevrəsi ilə üz-göz etmək, onu silahdaşlarının yardımından məhrum etmək layihəsi uğurla baş tuta bilər və nəticədə bu, Kremldən qaçış doğura, yenidən prezident seçiləcək Putini ciddi elektoral maliyyə, iqtisadi və siyasi itkilərlə üz-üzə qoya bilər”.
Millət vəkilinin sözlərinə görə, məsələnin başqa bir önəmli tərəfi odur ki, Rusiya texnoloji, innovativ cəhətdən Qərbin malik olduğu yüksək sənaye resurslarının ehtiyacındadır:
“Nə qədər Mendeleyevin elementləri ilə zəngin olsa da, bu məmləkət sovet mirasından qurtulub yeni dünyanın müasir sistemlərinə çatmaq uğrunda vuruşur. Hamı Davosa can atır və vaxt var idi ki, Rusiyanın rəhbər şəxsləri də İsveçrə üzərindən dünyanın iqtisadi, siyasi prioritetlərinə dair baxışlarını ortaya qoyurdular. Həqiqətən də bu sanksiyalar münasibətləri pisləşdirməklə bərabər, beynəlxalq şəraitə də son dərəcə mənfi təsirini göstərəcək. Sual oluna bilər ki, bu sanksiyalar nəticə etibarilə nəinki hanısa korporasiyaları Ruisya əleyhinə çevirə, eləcə də hansısa üçüncü ölkələrdə yeni müharibə ocaqları meydana çıxara bilərmi? Tamamilə qətiyyətlə və real təhlillərlə sübut etmək mümkündür ki, bu, baş verə bilər. Onsuz da kövrək təhlükəsizlik mühiti mövcuddur, Yaxın Şərqdəki müharibə ocağı hələ söndürülməyib, əksinə, indi İŞİD-in arxa plana qoyulması ilə onun yerinə fərqli bayraqları qaldıran, ancaq mahiyyətcə bölgənin xəritəsini, siyasi əraziləri təhdid edən separatizm ocaqları tüğyan etməkdədir. O cümlədən Yəməndə, Tunisdə qeyri-sabitlik genişlənir, hakimiyyətsizlik xaos doğurur. Rejimin formasından asılı olmayaraq, istənilən dövlətdə çevrilişlərə gedilməsi ən sonda terrorçu qüvvələrin əlinə işləyir, kütləvi qırğınlara səbəb olur. Ona görə də son sanksiyalar həmçinin ayrı-ayrı dövlətləri də çətin vəziyyətdə qoyur.
Məcbur edirlər ki, Rusiya əleyhinə forpostlarda yer alasan. Rusiyanın özündə, hətta MDB-də əlaqələri olan qurumlar da tərəddüd içərisinə düşüblər ki, birdən hanısa formada Amerikanın qəzəbinə gələrlər. Məsələn, mühafizəkar qüvvələr Rusiya Əmanət Bankının rəhbəri German Qrefi məhz Krımda deyil, Britaniyaya investisiya yatırmaqda kəskin tənqid edirlər. Bu ittihamlarda həqiqət payı var. Çünki Qref nəinki liberaldır, azad düşüncə sahibidir, eləcə də öz ölkəsinin gerçək peşəkarıdır. O yaxşı düşünür ki, qarşılıqlı hədələrin, çəriçivələrin ağır nəticəsi olacaq. Ona görə də yeni sanksiyalar həm siyasi, həm də iqtisadi nəticələr doğuracaq. Çox təəssüf ki, bunlar müsbət olmayacaq. Azərbaycan Rusiya və ABŞ arasında, ümumiyyətlə, beynəlxalq münasibətlər sistemində bu gərginliyin azadılması üçün çalışır, mövqeyini ifadə edir, bundan ötrü mühüm platformalar yaradır. Lakin eyni zamanda, bunun təkcə bizim mövqeyimizdən asılı olmadığını da başa düşməliyik”.
İqtisadçı alim Vüqar Bayramov isə deyib ki, ABŞ-ın sanksiyaları Rusiyadan kapital axınına gətirib çıxara bilər.
Ekspertin sözlərinə görə, sanksiyaların tətbiq edilməsi fonunda son dövrlər Rusiyadan kapital axını müşahidə edilməkdədir:
“Sanksiyalar tətbiq edilməyə başladıqdan sonrakı dövrdə Rusiyanı 200 milyard dollardan artıq kapital tərk edib. Bu da sözsüz ki, yeni sanksiyalar fonunda investisiyaların Rusiyanı tərk etməsinə səbəb olur. Hər halda Rusiya ilə bağlı aparılan tədqiqatlar göstərir ki, indiki məqamda bu ölkədə idarəetmə aparatı güclüdür. Rusiyada oliqarx və ya rəsmilərin Kremllə əməkdaşlığı güclü olduğu üçün sanksiyalar birmənalı şəkildə bu əlaqələrə də təsir göstərir. ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarının məqsədi sözügedən aparatın zəiflədilməsi, bunun hesabına Kremldə verilən qərarlara, Putinə və onun ətrafındakı münasibətlərə təsir göstərməkdir. Bu fonda da əhəmiyyətli dərəcədə investisiyalar Rusiyanı tərk etməyə başlayıb”.
İqtisadçı vurğulayıb ki, hələ ki, Rusiyadan ciddi kapital axını gözlənilmir:
“Rusiya üçün ən ciddi təhlükələrdən biri məhz sanksiyaların bank sektorunu əhatə etməsi və Rusiya banklarının beynəlxalq hesablaşmalar aparmağa imkan verən SWIFT sistemindən çıxarılması ola bilər”.
Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi Konqresə təqdim etdiyi “Kreml hesabatı” sanksiyalar paketinə 210 nəfərin adını daxil edib. Hesabatda adları yer alan şəxslərdən 114-ü Rusiyanın yüksək vəzifəli şəxsləri və dövlət şirkətlərinin rəhbərləri, 96 nəfəri isə oliqarxdır.

Bu xəbər oxundu
- - -