Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Azərbaycanın qarşısındakı əsas məqsəd işğala son qoyulmasıdır

02.02.18, 7:55
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

ATƏT-n fəaliyyətdə olan sədri, İtaliya XİN-in başçısı Ancelino Alfanonun fikrincə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupu yeganə mümkün format deyil.
Alfano bu fikri rusiyalı həmkarı Sergey Lavrovla danışıqlarının yekunlarına həsr olunmuş mətbuat konfransında səsləndirib.
İtaliyanın xarici işlər naziri deyib: “ATƏT-in Minsk qrupunun gördüyü işə dəstək veririk. Bununla yanaşı, biz düşünmürük ki, bu, yeganə mümkün variantdır, düşünürük ki, bizim mövqeyimiz ATƏT-in əvvəlki sədrinin siyasətini davam etdirir. Hesab edirik ki, bu, ədalətlidir”.
Bundan başqa, Dağlıq Qarabağ münaqişəsi zonasında ATƏT müşahidəçilərinin sayının artırılmasını şərh edən Alfano qeyd edib ki, təşkilat tərəfindən bu cür dəstək faydalı ola bilər. “Hesab edirik ki, istənilən formada təşkilati dəstək qarşıya qoyulan məqsədə çatmaq üçün son dərəcə faydalı olacaq. Buna əsaslanaraq hesab edirik ki, söhbət yetərincə pozitiv addımdan gedir”, - deyə italiyalı nazir bildirib.
Sabiq dövlət müşaviri Qabil Hüseynli deyib ki, həmsədrlərin sülhyaratma prosesi ilə deyil, sadəcə onun texniki tərəfləri, yəni təmas xəttində müşahidəçilərin sayının artırılması ilə məşğul olması çox gülməlidir.
Politoloqun sözlərinə görə, bütün proseslər Azərbaycanın işğal olunmuş torpaqlarında getdiyindən Bakı belə müzakirələrdə maraqlı deyil:
“Azərbaycanın qarşısındakı əsas məqsəd işğala son qoyulmasıdır. Müşahidəçilər qrupu, onun texniki təchizatı və s. sülhyaratma prosesinə heç bir xidmət göstərmir, əksinə status-kvo ilə bağlı mövcud şəraitin qorunub saxlanılmasına xidmət edir. Ermənilər hazırda Azərbaycan Ordusunun artan qüdrətindən narahatdır. Çünki İrəvan Aprel döyüşlərinin təkrarlanacağından qorxur. Buna görə də təmas xəttində atəşkəs rejiminin qorunmasını irəli sürürlər. Azərbaycana sülhyaratma prosesi ilə bağlı konstruktiv, danışıqlar prosesini irəli aparacaq təkliflər lazımdır”.
Politoloq bildirib ki, əgər Ermənistan danışıqlar masası arxasında özünü şıltaq gəlin kimi aparmaqda davam edərsə, bu, Bakının danışıqlar prosesindən imtina etməsinə səbəb ola bilər:
“Yəni Azərbaycan əlində olan digər imkanlardan istifadə edəcək. Görünən odur ki, ermənilər özləri müharibə istəyirlər və torpaqlarımızı xoşluqla qaytarmayacaqlar. Bu istiqamətdə beynəlxalq aləm Ermənistana heç bir təzyiq göstərmir, əksinə İrəvanın başını sığallamaqla məşğuldur. Belə olan halda Azərbaycan vəziyyətdən çıxış yolunu hərbi əməliyyatların yenidən başladılmasında, yaxud da xüsusi taktika əsasında işlənib hazırlanmış əks-hücum əməliyyatlarının həyata keçirilməsində görür. Diplomatiyanın arxasında mütləq güc dayanmalıdır. Zənnimcə, bu, səngimiş danışıqlar prosesini aktivləşdirmək və ermənilərə yeni dərs vermək üçün vacibdir”.
Q.Hüseynlinin qənaətinə görə, Bakı üçün çox əlverişli bir zaman yetişib:
“ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalar Ermənistandan yan keçməyəcək. İrəvan buna görə hazırda yas içərisindədir. Amerika bölgədə vəziyyəti kimin qarışdırdığını, Rusiyanın əlinə kimin oynadığını, ərazilərində rus hərbi bazalarını hansı dövlətin saxladığını çox yaxşı bilir. Hesab edirəm ki, ABŞ Rusiyaya tətbiq etdiyi sanksiyaların bir istiqamətini Ermənistana yönəldəcək. Bu isə işğalçının zəifləməsinə səbəb olacaq. Zəifləmiş dövlətin danışıqlar masası ətrafındakı mövqeyi də zəifləyəcək. Azərbaycan öz əraziləri uğrunda mübarizə aparır və istənilən vaxt hərbi əməliyyatları yeniləyə bilər. Bu məsələ gündəmdədir. Hazırda texnika və alınan silahların şəxsi heyətə tədris edilməsi prosesi gedir. Bunun ardınca isə hərbi təlimlər başlayacaq, ordumuz hər zaman döyüşə hazır vəziyyətdədir”.
“Newtimes” isə yazır ki, Cənubi Qafqazdakı geosiyasi dinamikaya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin son dərəcə mənfi təsir etdiyini hamı etiraf edir. Problemin həll edilməməsi qeyri-müəyyənliyi daha da dərinləşdirir. Gözləmək olardı ki, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri 2018-ci ildə münaqişənin ədalətli həlli istiqamətində real və səmərəli addımlar atacaqlar. Lakin bu ilin ilk ayından Qərb və Rusiya KİV-də dərc edilən bir sıra analitik yazıya görə, belə bir nikbin əhval-ruhiyyə yoxdur. Əksinə, onlar mövcud vəziyyəti saxlamağa və tərəflərin qəti addım atmamasına çalışacaqlar. Konkret deyilsə, münaqişənin həllini deyil, status-kvonun dəyişməməsini önə çəkməyə cəhd edəcəklər. Təbii ki, bu, dolayısı ilə təcavüzkara dəstək vermək deməkdir. Bu kimi məqamları nəzərə alıb, 2018-ci ildə Dağlıq Qarabağla bağlı hansı proseslərin gedə biləcəyini təhlil etmək aktuallıq kəsb edir.
Qərb və Rusiya analitiklərinin son zamanlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tez-tez məqalələr yazması diqqətdən yayınmır. Müəlliflər müxtəlif proqnozlar verməyə çalışmaqla yanaşı, problemin tarixinə və indiki vəziyyətinə də nəzər salırlar. Onların fikirləri, təbii ki, maraqlıdır, çünki indiyə qədər səsləndirilməyən bir sıra fikirləri daha açıq yazmağa başlayıblar. Belə bir vəziyyət nədən yaranıb?
Burada başlıca faktor kimi qlobal geosiyasətdə proseslərin tədricən yeni məzmun çalarları kəsb etməsini götürmək olar. Xüsusilə Yaxın Şərqdə cərəyan edən hadisələr göstərir ki, dünyadakı vəziyyət heç də BMT TŞ-nin beş daimi üzvünün istəyindən asılı deyil. Elə qüvvələr var ki, onlar baş verənlərin məntiqində düzəlişlər edə bilər. Məsələn, Türkiyə, İran və ya Səudiyyə Ərəbistanı. Biz hələ İsraili demirik.
Digər məqam Cənubi Qafqazda uzun müddətdir ki, mövcud olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin artıq daha geniş geosiyasi məkan üçün təhdidə çevrilməsi ilə bağlıdır. O, Mərkəzi Asiya, Rusiya, Çin, İran, Türkiyə istiqamətləri ilə yanaşı, Avropada da ciddi geosiyasi problemlər yarada bilər.
Bunların fonunda Qərb və Rusiya mətbuatında dərc edilən həmin yazılarda 2018-ci ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansı proqnozların ifadə edildiyi maraqlıdır.
Bu bağlılıqda Beynəlxalq Böhran Qrupunun hesabatında yer almış bir fikir diqqəti çəkir. Orada yazılır: "...Rusiyanın nüfuzu Bakı, İrəvan və başqa yerlərdə yüksək olaraq qalır. Ancaq diplomatik iflic vəziyyətinin yaranması (Dağlıq Qarabağla bağlı – red.) çox riskli olar, baha başa gələr və səmərəli vasitəçilik zamanının bitdiyini göstərərdi".
Deməli, bu təşkilat hesab edir ki, indiyə qədər vasitəçilər səmərəli fəaliyyət göstəriblər və onların arxa plana keçməsi "diplomatik iflic" effekti verərdi ki, bunun da bədəli çox ağır olardı? Kimlərə? Təbii ki, Qərb və Rusiyaya! Buradan hesabat müəllifləri belə nəticə çıxarırlar ki, 2018-ci ildə Dağlıq Qarabağ məsələsində vasitəçilərin fəaliyyəti ilə bağlı heç bir dəyişiklik etməyə ehtiyac yoxdur – hər şey öz qaydasında qalmalıdır. Bu da dolayısı ilə mövcud status-kvonun saxlanması anlamına gəlir.
Moskvanın da ifadələrində məhz bu fikir başlıca yer tutur. Xarici işlər naziri Sergey Lavrov münaqişə zonasında hər hansı kəskin hərəkətin yolverilməz olduğunu dəfələrlə vurğulayıb. Bunun üçün isə həm Qərb, həm də Rusiya diplomatik dairələri hesab edirlər ki, münaqişə zonasında ATƏT-in monitorinqi gücləndirilməli, yeni nəzarət sistemi təşkil edilməlidir ki, hərbi əməliyyatlar olmasın. Ardınca da (həm Qərb, həm də Rusiya analitikləri) onu vurğulayırlar ki, mövcud vəziyyətin dəyişməsində daha çox maraqlı olan Azərbaycandır, çünki o, özünü məğlub hiss edir.
Deməli, analitiklər belə düşünürlər ki, fərqli geosiyasi maraqların olmasına baxmayaraq, Qərb, Rusiya və İran Dağlıq Qarabağda indiki vəziyyətin davam etməsində ortaq mövqedədirlər. Onlar bu münaqişəni yalnız özlərinə sərf etdiyi zamanda aktivləşdirə bilərlər. Bəs münaqişə edən tərəflərin özləri situasiyanı kardinal dəyişmək iqtidarında deyillərmi?
Analitiklər gətirdikləri üç faktorla bu suala əminliklə "yox" cavabı verirlər. Məsələn, Rusiya Beynəlxalq Məsələlər Şurasının eksperti Sergey Markedonov hesab edir ki, nə Azərbaycanın, nə də Ermənistanın yaranmış vəziyyətdə ABŞ, Rusiya və Fransanın iradəsinə zidd kəskin davranmaq potensialı yoxdur. Digər bir faktor da əlavə məhdudlaşdırıcı şərt qoyur – Rusiya, ABŞ və Fransa münaqişəyə fərqli mövqedən yanaşdıqlarından bir-birindən çəkinərək tarazlaşmış vəziyyəti dəyişmək istəmirlər. Yəni hələlik bu qeyri-müəyyənliyin qalmasına razıdırlar. Maraqlıdır ki, S.Markedonov İranın da bu fikrə qatıldığını iddia edir.
Nəhayət, üçüncü məhdudlaşdırıcı faktor kimi rusiyalı mütəxəssis aşağıdakı arqumenti gətirir. O yazır ki, həm Minsk qrupunun həmsədr ölkələri, həm də Türkiyə və İran kimi nüfuzlu dövlətlərin "Qarabağ düyününün açılması üçün geosiyasi sövdələşməyə getmələrinə elə bir əsas yoxdur".
Beləliklə, ekspertlər nəticəyə gəlirlər ki, 2018-ci il üçün ən yaxşı variant Dağlıq Qarabağda mövcud "dinamik balans"ın saxlanması olardı. Görünür, bunun üçün onlar əllərindən gələni etməyə çalışacaqlar. Bu isə həmsədr ölkələr də daxil olmaqla, Türkiyədən başqa, digər dövlətlərin dolayısı ilə təcavüzkarı dəstəkləməyə davam etmələri anlamına gəlir. Çünki mövcud status-kvonun hər hansı bəhanə ilə saxlanması strategiyası Ermənistanı birbaşa müdafiə etmək deməkdir. Onun işğalçılığına göz yummaq və Azərbaycanı öz torpaqlarını azad etmək fikrindən döndərməyə çalışmaq deməkdir.
Təsəvvür edin, Qərb və Rusiya analitiklərinin münaqişə ilə bağlı ifadə etdikləri fikirlərdə bir dəfə də olsun BMT TŞ-nin qətnamələrinə əməl edilməsinin, Ermənistanın işğal etdiyi ərazilərdən çəkilməsinin zəruriliyi əks olunmur. Belə çıxır ki, 2018-ci ildə vasitəçilər nəinki passiv qalacaqlar, hətta münaqişənin Ermənistanı qane edən formada dondurulmasına cəhd etməkdə davam edəcəklər.
Əgər bu proqnoz özünü doğrultsa, faktiki olaraq həmsədr ölkələr Cənubi Qafqazda geosiyasi qeyri-müəyyənliyin qalmasında maraqlı olacaqlar. Bu da real olaraq həm vəziyyətin nəzarətdən çıxmasına, həm də terror dalğasının meydana gəlməsinə yardım etmək deməkdir. Konkret olaraq, müxtəlif radikal qruplarla erməni terror təşkilatları təxribat törədib, region dövlətlərini çətin duruma salmağa cəhd edə bilərlər. Onda bütün məsuliyyət indi status-kvonu saxlamağa çalışanların üzərinə düşəcək.
Bunlarla yanaşı, analiz edənlər Azərbaycan faktorunu, Bakının siyasətini tam ciddiyyəti ilə nəzərə almırlar. Azərbaycan rəhbərliyi kifayət qədər qətiyyət və əzmlə milli maraqları üstün tutaraq, münaqişənin ədalətli həllinə çalışacaq. O cümlədən son anda erməni işğalçıların hərbi yolla ərazilərdən çıxarılması variantına kimsə etiraz edə bilməz!
Cavid

Bu xəbər oxundu
- - -