Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Çaşmağımız mümkün deyil”

02.02.18, 12:44
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Ramin Musayev: “Mövsümün sonuna qədər daha 1-2 klub çempionatı tərk edə bilər”
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Antalyada mətbuat konfransı keçirib. O, “Miracle” otelində azərbaycanlı jurnalistlərin suallarını cavablandırıb.
- Təlim-məşq toplanışı artıq neçə ildi ənənəyi çevrilib. Bunu da AFFA rəhbərliyi yaradıb. Bilirsiz ki, toplanışda hakimlərimizin idarə etdikləri oyun sayı mövsümdəki matç sayına bərabər olur. Ümumilikdə hakimlərimiz 74 oyun idarə ediblər. Məqsəd odu ki, onlar fiziki göstəricilərini artırsınlar və hansısa klubun haqqı tapdalanmasın. Klubların da işləri ilə maraqlanırıq, ancaq müdaxilə etmirik. Ona görə maraqlanırıq ki, sabah hansısa iradlarını eşidəndə biz də öz fikirlərimizi bildirək. Klublarla bağlı yetərincə məlumatlarımız var. Hakimlər hər gün səhər saat 7-də müəllimlərini gözləyirlər.
- Fariz Yusifov toplanışda iştirak etmirdi. Halbuki çempionatda əsas oyunlar ona həvalə edilir...
- Bir dəfə bir oyuna baxırdıq. Əli müəllim dedi ki, Xaqani Məmmədov meydanda oturaraq oyun idarə etsəydi, bundan yaxşı idarə edərdi. Fariz müəllim də peşəkar hakimdi, idmanla məşğuldu. Onun peşəkarlığına şübhə ola bilməz. İnanıram ki, yenə ümidlərimizi doğruldacaq. Keçən mövsümdə ən ağır oyunlarda o, idarəçilik edib.
- “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədovla aranızda soyuqluq yarandığı haqda xəbərlər yayılıb. Onun görüşmək cəhdlərinə razılıq vermədiyiniz bildirilir...
- SSRİ vaxtında bir insan kommunist partiyasına qəbul olunanda 3 nəfər onun namizədliyinə zamin durmalı idi. Mən də Tərlan Əhmədovun “Neftçi”yə gedişinə zamin durmuşam. Tərlan gözəl məşqçi, gözəl insandı. Amma çıxışımın əvvəlində dedim ki, klubların nə işlə məşğul olması haqda məlumatımız var. Mənə deyildi ki, Tərlan vaxtınının çoxunu klubdan kənarda keçirir. Mən də bu səbəbdən ona iradımı bildirdim, dedim ki, axı sənə zamin durmuşam. Yəni sadəcə, incimişəm. Amma Tərlan yaxşı məşqçidi, onun xasiyyətinə bələdəm. Bilirəm ki, Tərlana cavab verməməyim onu yerindən tərpədəcək.
- Hakimlərin hazırda necə formada olduğunu bilirsiz. Qış fasiləsindən sonra “Qarabağ” və “Qəbələ” arasında keçiriləcək oyuna kimi layiq görürsüz?
- Bu günə qədər hansı hakimin hansı oyuna getməsi ilə bağlı istəyimi irəli sürməmişəm. Halbuki, müqavilə əsasında bunu etməyə ixtiyarım var. Çempionatı keçirən qurum rəhbəri kimi, məndə məlumatlar olur. İradlarımı bildirməyə ixtiyarım var. Amma deyə bilmərəm ki, Əlini yox, Vəlini qoy. Sadəcə, iradlarımı bildirə bilərəm. “Qarabağ” və “Qəbələ” arasındakı oyun çempionluğun taleyini həll etmir. Hələ qarşıda neçə tur olacaq. Rauf Cabbarov, Fariz Yusifov, Əliyar Ağayev və digər hakimlərimiz də bu matça təyinat ala bilər. Rövşən Əhmədovun oğlu hazırda hakimlik edir. Çox gözəl uşaqdı, amma ona atası mane olur. Çünki Rövşən tələsir. O, istəyir ki, uşaq birdən-birə yetişsin. Hər şeyin vaxtı var. Rövşənin oğlu Rəşad Əhmədov bu gün artıq hazırdı. İnanıram ki, həmin oyunu ona versək, gözəl idarə edə bilər. Sadəcə, Rəşada mənim kimi insan dəstək verməlidi. Mən də buna hazıram.
- Çempionatın qalan hissəsindəki mübarizəni necə qiymətləndirirsiz? Sizcə, çempion kim olacaq?
- Çempionun kim olacağını deyə bilmərəm. Yoldaşlıq görüşlərində komandalarımızın uduzması onların zəifliyi demək deyil. “Səbail”in matçında oldum. Gördüm ki, baş məşqçi bəzi futbolçuların mövqeyini dəyişib. Bunu Qurban Qurbanovun özündə də görmüşəm. Bu il daha çox 3-4-cü yerlər uğrunda çox böyük mübarizə gedəcək. Elə burdan səslənirəm ki, Xaqani müəllim, sən də hazırlaş (gülür).
- I divizionla bağlı hansı fikirdəsiz? Aşağı dəstədən Premyer Liqaya komanda çıxacaqmı?
- “Xəzər” klubu çox xoşuma gəldi. Orda iddialı komandalarımız var. Mənim üçün I divizion çox önəmlidi. İstərdim ki, şəxsi büdcəsi ilə maliyyələşən klublarımız daha çox olsun. Amma elə klubumuz var ki, deyir çempionata sal, sonra şərtlərə cavab verərik. Bir-iki dəfə bu səhvə yol verdik, sonra peşman olduq. Buna yol verməmək üçün çempionata mövsümün sonuna qədər oynayacaq komandaları buraxırıq. Antalyada “Xəzər” rəhbərliyi ilə söhbətimiz oldu. Dedilər ki, gələ bilərik. Niyə də gəlməsinlər, biz də buna razıyıq. Onu da deyim ki, I divizionda növbəti çempionat tamam fərqli olacaq. Cari mövsüm başa çatana qədər daha 1-2 klub çempionatı tərk edə bilər. Artıq bəzilərinin izinə düşmüşük. Məlumatlarımız öz təsdiqini tapmaq üzrədi. Özü də elə klublardı ki, rəhbərləri böyük danışırlar.
- Millinin Moldova ilə oyunu haqda fikriniz necədi?
- Yeni futbolçular gördüm. Bəzi oyunçuları vaxtilə görməmişdik, bu dəfə gördük. Millinin də toplanışı idi. Qurban müəllim gənc futbolçulardan istifadə etməyi bacarır. İnanıram ki, tez bir zamanda yığma komandalarımız da azarkeşlərini sevindirəcəklər. Millinin oyununda bir nəfər yoldaşı gördüm. Bakıdan birbaşa Antalyaya yığmanın matçına baxmaq üçün gəlmişdi. Özü də iş-güc adamı idi. Bir də balaca uşaqları gördüm, onlar da milliyə dəstək verdilər.
- Gürcüstan futbolunda komandaların əvəzedici heyətləri və bir neçə aşağı yaş qrupları ləğv olunub. Bizdə də belə bir sistem tətbiq oluna bilərmi?
- Bu addımın müsbət olub-olmayacağını hələ bilmirik. Amma gör-götür dünyasıdı. Futbol komandaları nə qədər çox yarışlarda iştirak edərlərsə, bir o qədər yaxşıdı. Gürcülər cəmi 3 aşağı yaş qrupu saxlayacaqlar. Məncə, bu, yanlış fikirdi. Hər yaş qrupunun öz çempionatı olmalıdı. Bilirsiz ki, PFL yaranana qədər bizdə əvəzedicilərin çempionatı ləğv olunmuşdu. Biz onu bərpa etdik. Əvəzedici heyəti ləğv etmək yox, başqa planımız var. O gün Rəşad Sadıqov bura gəlmişdi. Söhbət etdik, ümumi bir fikir irəli sürdük. Onu bu gün açıqlamaq istəmirəm. Amma çox bəyəndim, yaxşı fikirdi. Əgər icra edə bilsək, hamımızın ürəyincə olacaq. Sadəcə, klubların razılığı olmalıdı.
- Klublarımızın maddi cəhətdən əvvəlki illərə qayıtmaq imkanı varmı?
- Şükür Allaha, vəziyyətimiz bu gün yaxşıdı. Məncə, əvvəlkindən də yaxşı olacaq. Bu gün klublarımızın əksəriyyəti daha çox keyfiyyətə üstünlük verir.
- PFL sosial layihələrlə bağlı vaxtilə çox hərəkətli idi. Qurum yenə bu baxımdan aktivləşəcəkmi?
- Klublarımızın vəziyyəti düzəlirsə, inşallah, bizim də vəziyyətimiz düzələr (gülür). Əvvəl klublarımızın vəziyyəti yaxşı olmadığı üçün borc məsələsində onları çox sıxa bilmirdik. Vəziyyət normaldı. Amma klublarımızdan borclarımızı ala bilsək, vəziyyət daha da yaxşılaşacaq.
- İki futbolçu ömürlük uzaqlaşdırılandan sonra başqa sanksiyalar olmadı...
- Hər birimizin bir məqsədi var: təmizlik, düzgünlük olsun. Baş katib Elxan Məmmədov da bunu istəyir. Oyunçularla bağlı vəziyyətdə sakitlik deyil. İşlər gedir. AFFA və PFL birgə çalışır. Hər şey məxfidi. Açıqlasaq, işin gedişinə mane ola bilər.
- Növbəti mövsümdə Premyer Liqada 8-dən çox komanda olacaqmı?
- Klublarımızın vəziyyəti yaxşıdı. Bu il Antalyaya 8 klubun hamısı gəldi. I diviziondan Premyer Liqaya gəlmək istəyənlərə maneə törətməyəcəyik. Əgər maddi durumları imkan verərsə, dəstək olmaq bizim borcumuzdu. AFFA-nın prezidenti Rövnəq Abdullayev demişkən, gəldilər, qoymadıq? “Xəzər” və “Binə” müraciət edib. Hər şey ola bilər. Amma indidən konkret söz deyə bilmərəm. Təki gələn il Premyer Liqada 12 komanda olsun.
- “Araz Naxçıvan”ın Premyer Liqaya qayıtmaq variantı varmı?
- Real danışmaq lazımdı. Naxçıvan blokada şəklindədi. Bu yaxınlarda eşitdim ki, oraya qatarla gedib-gəlmək bərpa olacaq. Əgər bu baş versə, məncə komanda qayıda bilər. Həm də digər klubların Naxçıvana getmək imkanları da yaranar. “Arax Naxçıvan”ın istəyi var, amma ümumi vəziyyət indiki durumda buna imkan vermir.
- Ölkə kubokunun finalı harda keçiriləcək?
- İki məkan üzərində dayanmışam: birinci Gəncə, sonra Qəbələ. Qəbələdə bizim oyun keçirməyimiz işimizi 50 faizdən artıq yüngülləşdirir. Çünki klub bizə dəstək olur. Amma Gəncəyə doğru da addım atmaq istəyirik. Təkcə işıqlandırma ilə bağlı problemimiz var. Əgər mayın 28-nə qədər bu, Gəncədə hazır olsa, orda keçirəcəyik. Əks təqdirdə isə Qəbələnin stadionunu məkan seçəcəyik.
- “Mil-Muğan”a rəhbərlik etdiyinizi deyirdiniz. Sanki istədiyinizi ala bilmədiniz...
- İstədiyimi aldım. İstədiyim o idi ki, komandada hər şey qaydasında olsun və gördüm ki, sən hansı havanı çalırsansa, çal, öz havalarına oynayırlar. Buna görə də çəkildim.
- Rəşad Sadıqovun eyni anda 3 işdə çalışması ona çətin olmayacaq?
- Rəşada dedim ki, idman edib, arıqlamısan? Dedi yox, müəllim, məndə yatmaq yoxdu (gülür). Vaxt var idi ki, Rəşad haqda bəziləri başqa fikirlər söyləyirdilər. Amma insan atdığı addımlarla kim olduğunu sübut edir. İnanıram ki, Sadıqov 5 yerdə də çalışsa, vicdanla işləyəcək. Çünki onun üçün əsas məsələ paklıqdı.
- Kubokun final matçının Lənkəran və ya İmişlidə keçirilməsi mümkündümü?
- O zonaya da böyük hörmətim var. Amma öyrəndik ki, stadionun ot örtüyü yaxşı vəziyyətdə deyil. Şərait olmalıdı Hazırda orda işlər dayanıbsa, bizim işimiz daha da artıq olar. İmişli də öz torpağımızdı. Mən təkcə seçdiyimiz rayonu yox, ətrafı da fikirləşirəm. Oyunu İmişlidə keçirsək, hansı rayonlardan gələcəklər? Həm də orda da şərait yaxşı deyil.
- Həm Qurban Qurbanovun, həm də Rəşad Sadıqovun eyni anda bir neçə yerdə çalışması “Qarabağ”a mənfi təsir etməyəcək?
- Qurban Qurbanov millinin düşərgəsində olanda belə, klubda təlimatlarını verir. Əsas odu inam olsun. Əgər birgə işlədiyin yerdə sənə arxa dururlursa, onda problem olmayacaq. Qurban müəllim yığmada olanda komandanı Rəşada tapşırdı. Amma tapşırıqları yenə Qurbanov vermişdi. Düzdü, Qurban müəllim birdən-birə fantastik nəticələr göstərməyə bilər. Cavandı, vaxt vermək lazımdı. Neçə il Berti Foqtsa, Robert Prosineçkiyə dözdük? Bir az da buna vaxt verək. Qurban dostum olduğu üçün demirəm. O, məsuliyyətli insandı və ömürboyu məsuliyyət daşıyacaq. Xoşbəxtliyimiz ondadı ki, o insan həmişə üzünün ağ, gördüyü işin keyfiyyətli olmasını düşünür. Xarici məşqçi qaranquş kimidi, vaxtı çatanda uçub gedir. Amma yerli məşqçi elə deyil. O, daha çox məsuliyyət daşıyır. Çünki sabah üz-üzə gələndə ondan soruşulacaq, cavabdehliyi çoxdu. Qurban işgüzar insandı. İnanıram ki, yaxşı olacaq.
- Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov telefon zənglərimizə heç də həmişə cavab vermir. Əliyar Ağayevi “Neftçi” – “Qəbələ” oyununa təyin etməklə onu odun içinə atmadızmı?
- Ən çox arxalandığım hakim Əliyar Ağayev buraya gələndə cəzalı idi. Heç kim toxunulmaz deyil. Hamımız istəyərik ki, haqq-ədalət olsun. Əliyar cəzalandı ki, ayılsın. FİFA referisi olsa da, bizə vacib buradı. Psixoloji təzyiqə alışmalıdı. Xaqani Məmmədovsa ixtisasca jurnalistdi. Amma o, danışa bilmir (gülür).
- PFL-ə növbəti seçki ilə bağlı nə düşünürsüz? Rəqibiniz varmı?
- Deyəsən, sizi bezdirmişəm (gülür). Təki o vaxta qədər yaşayaq. Əgər rəhbərlik məsləhət bilərsə, seçim ərəfəsində özümüzü doğrulda bilsək, xeyrimiz dəyərsə, yəqin ki, davam edərik. Çaşmağımız mümkün deyil. Qismət.

Bu xəbər oxundu
- - -