Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Cavidə qayıtmaqla özümüzə qayıdırıq”

02.02.18, 13:53
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Hüseyn Cavid-135” Şeir müsabiqəsinin mükafatlandırma və poetik nümunələr antologiyasının təqdimat mərasimi keçirilib


Dünən Beynəlxalq Mətbuat Mərkəzində böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyi münasibəti ilə “Kaspi” Təhsil Şirkəti, “Kaspi” qəzeti, “artkaspi.az” mədəniyyət və ədəbiyyat portalının birgə təşkil etdikləri “Hüseyn Cavid – 135” şeir müsabiqəsinin mükafatlandırma və müsabiqəyə göndərilən poetik nümunələrdən ibarət antologiyanın təqdimat mərasimi keçirilib.
Azadinform xəbər verir ki, tədbirdə “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva, Mətbuat Şurasının sədri Əflatun Amaşov, media rəhbərləri, şairlər, qaliblər və digərləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Mətbuat Şurasnın sədri Əflatun Amaşov Azərbaycanın böyük şairi Hüseyn Cavidin həyat və yaradıcılığı barədə məlumat verib: “Hüseyn Cavid Azərbaycan ədəbiyyatının mühüm simalarından biridir. O, ədəbiyyatımızda əbədi iz qoyan sənətkardır. Görkəmli şair Naxçıvan rayonunun Şaxtaxtı kəndində anadan olub. H. Cavid bir müddət Təbrizdə mədrəsədə, daha sonra isə İstanbulda təhsil alıb. Təhsilini bitirdikdən sonra böyük dramaturq Azərbaycanda müəllimlik fəaliyyəti ilə məşğul olub. Lakin o dövrün sərt, amansız sürgün həyatı ondan da yan keçməyib. Böyük şairimiz Sibirə sürgün olunub. Ulu öndər Heydər Əliyevin səyi nəticəsində görkəmli şairin məzarı tapılıb və nəşi Azərbaycana gətirilib”.
Daha sonra çıxış edən “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva qeyd edib ki, Hüseyn Cavid çox xoşbəxt sənətkarlardandır: “Çünki sənətkarına böyük qiymət verə biləcək bir xalqa sahib olmaq xoşbəxtlikdir. H. Cavid bəşəri ideyalarla yaşayırdı. Şəxsiyyətləri mühit yetişdirir. Bu, birmənalıdır. Cavidin taleyi elə yazılmışdır ki, onun atası mütləq Şaxtaxtdan köçməli idi. Böyük dramaturq atasının qoyduğu molla məktəbindən qaçmalı, Sidqinin məktəbinə gəlib dünyəvi elmlərlə məşğul olmalı idi. O, öz yaradıcılığını iki böyük məfkürənin qovşağının bünövrəsində qurmalı idi. Çünki dahi şairimizin taleyi əvvəldən görəvli idi. Cavidin taleyində türk dünyasının ən böyük filosoflarından, insanlarından dərs almaq yazılmışdı. O, məfkurənin nədən başlandığını və digər prinsipləri öyrənməli idi. Onun istər bədii, istər publisistik, istərsə də nəsrlə yazdığı əsərlərdə məfkurə hakimliyi var. Cavid nə yazıbsa, orada iki xətt var. Biri tanrıya, biri də milli məfkürəyə bağlılıq”.
“Kaspi” qəzetinin təsisçisi qeyd edib ki, Cavidin əsərlərində Allaha müraciətlər insanların diqqətini cəlb edir: “Bu çox vacibdir. Hüseyn Cavid yazılarında öz ideyalarına sadiq qalıb. O nə yazdısa, xalq onunla qürur duydu. Ümumiyyətlə, Caviddən danışanda onun acı taleyinə yanmamaq mümkün deyil. Böyük dramaturq Allahına, Tanrısına bağlı idi. Onun böyüklüyü də onda idi. O sonuna qədər öz əqidəsinə, məsləyinə, arxalandığı məfkurəyə sadiq qaldı. Bu gün biz Cavidə qayıtmaqla özümüzə qayıdırıq”.
Sona Vəliyeva bildirib ki, Ümummilli lider görkəmli şairin məzarını Azərbaycana gətirməklə ailəni böyük məqbərə altına topladı: “Ümummilli lider Hüseyn Cavid ideologiyasını dəstəkləməklə bu ailədən olduğunu sübut etdi. Bu, böyük şairə verilən qiymət və tarixi xidmətdir.
Müsabiqə barədə məlumat verən “Kaspi” qəzetinin təsisçisi əlavə edib ki, müsabiqəyə 108-ə qədər müəllif şeir göndərib: “Qaliblərin müəyyənləşdirilməsi üçün çox görkəmli söz adamlarından ibarət münsiflər heyəti təşkil olunub. Məlumdur ki, Cavidin əsas pinsipi ədalət idi. Qaliblərin seçilməsində də bu prinsipə əməl olunub. Qaliblər üçün diplom və pul mükafatı ayrılıb. Mən bütün qalibləri təbrik edirəm. Bu səpkidə tədbirlərimiz isə sizlərin sayəsində davamlı olacaq”.
Xalq şairi Sabir Rüstəmxanlı çıxış edərək vurğulayıb ki, bu günə kimi hər hansı bir şairin, yaxud yazıçının yubileyinə belə bir müsabiqə həsr olunmayıb. O, Cavidin Azərbaycana qayıdışını, tarixi bayram kimi qiymətləndirib.
Sonra çıxış müsabiqənin münsiflər heyətinin üzvlərinin çıxışı ilə davam etdirilib.
Tədbirdə şairin həyat və fəaliyyətini əks etdirən video-çarx da nümayiş olunub.
Sonda müsabiqənin qaliblərinə (Həmid Cəfərov, Telman Əliyev və Zakir Məmmədov) diplom və pul mükafatları təqdim edilib.

Bu xəbər oxundu
- - -