Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“İranın Qarabağ məsələsində buraxdığı qüsurlar çoxdur”

06.02.18, 11:51
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Mübariz Əhmədoğlu: “Bu ölkə XİN-ni ikili tabeliyindən istifadə edib öz roluna yenidən baxmalıdır”

“Şimali Qafqazda, Dağıstanda kifayət qədər diqqət çəkən proseslər gedir”. Bunu politoloq Mübariz Əhmədoğlu keçirdiyi mətbuat konfransında deyib. O qeyd edib ki, Çeçenistanın ərəb dövlətləri ilə yaxınlaşması Rusiyanı narahat edirdi. Politoloqun fikrincə, Rusiya Ramzan Kadirovun islam dövlətlərinə olan marağını arxa plana keçirməyə çalışdı.
Politoloq əlavə edib ki, Rusiya cəhd edir ki, Dağıstanın İranla iqtisadi münasibətləri inkişaf etsin. Lakin nəzərə almaq lazımdır ki, İranın iqtisadiyyatı harada varsa, siyasəti də ordadır.
Mübariz Əhmədoğlu əlavə edib ki, İran XİN öz roluna yenidən baxmalıdır. Bu qurum ikili rəhbərliyi olan strukturlardandır. O həm ali rəhbərə, həm də prezidentə tabedir. O qeyd edib ki, biz 1992-ci ildə İranın Qarabağ məsələsində vasitəçiliyini qəbul etdik və Şuşanı itirdik.
Politoloq deyib ki, İran bu hadisədən sonra vasitəçilik cəhdlərini qəbul etməyən Ermənistanla münasibətlərini daha da inkişaf etdirdi: “2000-ci illərə qədər biz İranla münasibətlərdə fasilə verdik. Lakin Azərbaycan XİN bir neçə il öncə yenə İranın vasitəçilik təşəbbüsünü qəbul etdiyini dedi. Hətta XİN rəhbəri Elmar Məmmədyarov bu məsələ ilə bağlı İrana rəsmi səfər etdi. İran isə vasitəçilik missiyasını qəbul etmək istəməyən Ermənistana yenə qaz vermək istəyir”.
Politoloq əlavə edib ki, İranın Qarabağ məsələsində buraxdığı qüsurlar çoxdur. M. Əhmədoğlunun fikrincə, İran XİN ikili tabeliyindən istifadə edib öz roluna yenidən baxmalıdır.
Onun fikrincə, Prezident seçkisinin vaxtının dəyişməsində pis niyyət axtarmağa ehtiyac yoxdur. O qeyd edib ki, 2018-ci il ağır ildir. Politoloq vurğulayıb ki, bunu Azərbaycana aid etmək olmaz: “Yəni qlobal səviyyədə ağır ildir. Lakin İlham Əliyevin yenidən prezident seçiləcəyinə heç kimdə şübhə yoxdur”.
M. Əhmədoğlu deyib ki, regionda baş verən prosesləri də nəzərə almaq lazımdır: “İranla bağlı prosesləri də nəzərə alınmalıdır. ABŞ prezidenti Donald Tramp İranda nəsə etmək istəyir. Digər bir yandan isə demokratik qiymətləndirmə məsələsi var. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Ermənistanda ötən ilin aprelində keçirilən parlament seçkilərinə dekabrda qiymət verdi. Qərb Ermənistandakı seçkini necə dəyərləndirdisə, bizdə də seçki elə dəyərləndirilsin, ikili standartlar tətbiq edilməsin”.
M.Əhmədoğlu Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Myanma və Laosa səfərinə də toxunub: “Sergey Şoyqu Myanma və Laosa səfər etdi. 2017-ci ilin dekabr ayında RF-in Myanma hadisələrinə mövqeyini 180 dərəcə dəyişmişdi”.
O qeyd edib ki, RF-in BMT-dəki nümayəndəsi V.Nebenzya Myanmada müsəlmanların “soyqırımı” mövzusunda spekulyasiya etməməyə çağırdı. Həmçinin, RF XİN Rohinca döyüşçülərinin Myanmadakı fəaliyyətindən narahatlığını bildirdi.
Politoloq deyib ki, indi vəziyyəti başa düşmək üçün əlavə arqument ortalıqdadır. Bu, RF müdafiə naziri S.Şoyqunun həmin regiona marağının olmasıdır: “S.Şoyqu Myanma, Laos və Vyetnama səfər etdi. S.Şoyqu Myanmada bu ölkənin silahlı qüvvələrinin ali baş komandanı, böyük general Min Aunq Xlayn ilə hərbi gəmilərin limanlara sadələşdirilmiş daxil olması barədə prinsipial mövqeni razılaşdırdı və sənədi hər iki nazirin müavinləri imzaladılar. RF Myanmaya 6 ədəd Su-30 qırıcısı satmaq barədə müqavilə imzaladı”.
Politoloq deyib ki, Myanmanın RF mənşəli digər dəniz və quru hərbi texnikasına da marağı var. Rusiya Myanmaya pilotsuz uçuş aparatları verməyi və onları idarə etməyi öyrədəcəyini vəd etdi. ABŞ bu silah alverini pislədi. RF XİN ABŞ Dövlət Departamentinin mövqeyini fantaziya ilə zəngin mövqe adlandırdı.
O əlavə edib ki, Laosda S.Şoyqu müdafiə naziri Tiyansamon Tiyanyalatu ilə hərbi sahədə ikitərəfli əməkdaşlığı müzakirə etdi. Analoji missiya ilə S.Şoyqu Vyetnamda da oldu.
Politoloq deyib ki, diqqət çəkən və ya Rusiyanın mövqeyini izah edən məsələ Şoyqunun mənəvi-dini bağlarla Adı çəkilən region dövlətlərinin xalqları ilə əlaqəli olmasıdır: “Beləliklə RF müdafiə naziri S.Şoyqu eyni mənəviyyat daşıyıcılarına təkcə hərbi deyil, hərtərəfli dəstəyinin bünövrəsini qoyur. Nəticədə, bu region dövlətlərini (Çin, Hindistan və Yaponiyanı çıxmaq şərti ilə) demək olar ki, hamiliyə götürür. Bu dövlətlər öz regionlarında Rusiyanın maraqlarının daşıyıcısına çevrilirlər”.
M. Əhmədoğlu vurğulayıb ki, RF müdafiə naziri S.Şoyqunun Myanmaya xüsusi diqqəti anti-İslam xarakterli deyil. Rusiya həm çoxmilyonlu müsəlmanın yaşadığı ölkədir, həm də RF üçün İslam ölkələri ilə də əlaqə vacibdir. S.Şoyqu düşüncə tərzinə görə etatistdir: “Myanmada Rohincalara qarşı dövlət siyasətinin mahiyyətində Myanma elitası və mərkəzi hakimiyyətinin bu məsələni özləri üçün təhlükə kimi görməsindədir. Çünki Myanmada mərkəzi hakimiyyət bir sıra özünü xarici təsirlərdən qoruya bilmir. Şoyqunun hamiliyi ilə özünü inamlı hesab edən Myanma hökuməti yaxın perspektivdə Rohinca müsəlmanlarına vətəndaşlıq verməklə, onları daha asan idarə edə biləcək”.

Bu xəbər oxundu
- - -