Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Həmsədrlər yeni “texnoloji üsul”a əl atıblar”

07.02.18, 12:21
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“ATƏT-in Minsk Qrupu həmsədrləri nəsə yeni “texnoloji üsul”a əl atıblar”. Bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Politoloqun sözlərinə görə, onlar keçmiş illərdə bölgəyə birgə səfər edirdilər: “Əlbəttə tək-tək gəldiyi vaxtlar da olub. Ancaq indi metod bir az dəyişib. Bakıya bir neçə gün əvvəl amerikalı həmsədr gəlib və qeyri-rəsmi görüşlər keçirib, məcburi köçkünlərin yaşadığı ərazidə olub, bu gün isə fransalı həmsədr gəlib və sabahdan amerikalı həmkarı ilə rəsmi görüşlərə başlayacaq. Rusiyalı həmsədr nəsə gecikir. Tək-tək gəlsələr nə olacaq, birgə görüşlər keçirsələr nə dəyişəcək? Gərək həmsədrlərin başlarının üstündəkilər əməli fəaliyyətə keçib Ermənistan hakimiyyətinə “mərhələli həll” planı qəbul etsinlər, yoxsa diplomatlarının əllərindən nə gəlir ki?”
Ekspert həmçinin İran prezidentinin Azərbaycana mesajını da şərh edib. O bildirib ki, İran Prezidenti Həsən Ruhani yerli və xarici media üçün keçirdiyi mətbuat konfransında hər şeydən danışıb, Amerikanın bostanına daş atıb, Türkiyənin Afrin əməliyyatını tənqid edib və sonda Bakıya İsraillə bağlı mesaj göndərib: “Həsən Ruhani deyib ki, bölgədə kimsə İsrailin İranın düşməni və digər ölkələrin dostu oldğunu düşünürsə, tamamilə səhv edir, İsrail bölgənin əsas düşmənidir və müsəlmanların əsas düşməni məhz sionistlərdir. İran prezidenti bu dəfə bizim bostanımıza daş atıb. Ruhaninin sözlərindən belə çıxır ki, İranın dostluq etdiyi bölgə dövlətlərindən - Rusiya və Ermənistan xristian dövlətləri olduğundan İsraillə əməkdaşlıqlarına göz yuma bilərlər, bölgənin müsəlman dövləti Azərbaycana isə İsraillə dostluq qadağandır! Zənnimcə, bölgədə kimsə düşünürsə ki, Ermənistan Azərbaycanın düşməni və digər ölkələrin dostudur, tamamilə səhv edir. Ermənistan bölgənin əsas düşmənidir və müsəlmanların əsas düşməni məhz ermənilərdir, çünki müsəlmanları qətl edib və məscidləri dağıdıb. Bu da bizdən Tehrana mesaj olsun”.

Bu xəbər oxundu
- - -