Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Münaqişə uzandıqca, danışıqlar formatı dəyişir”

08.02.18, 11:26
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Məhəmməd Əsədullazadə: “Rusiyanın konfliktə nəzarəti daha da güclənir”

“Həmsədrlərin bu səfəri geniş formatda Qarabağ münaqişəsinin həlli ilə bağlı rəsmi Bakı ilə substantiv danışıqların davam etməsi deyil, texniki məsələləri müzakirə edib atəşkəsin qorunmasını və müşahidə missiyasının sayının artırlmasını qəbul etdirib, buradan Yerevana gedib bu barədə erməniləri məlumatlandırmaqdır”. Bu fikirləri Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərin birinci olaraq Bakıya gəlməsi Azərbaycana yeni texniki təklifin qəbul etdirməsi və mahiyyətdən kənar danışıqlara sövq etdirməkdir: “Rəsmi Bakı həmsədrlər vasitəsilə İrəvana sərt mesajını yollamalı və bu kimi danışıqlara imkan verməməlidir. Qeyd edim ki, ötən ilin sentyabr ayından başlanan diplomatik danışıqlar intensiv xarakter daşımasına baxmayaraq, müsbət irəlləyişlərə gətirib çıxarmır. Bu danışıqlar qeyd edərdim ki, həmsədrlərin himayəsi ilə Ermənistanın təklifinin müzakirəsi və qəbul edilməsi istiqamətində aparılıb. Ötən ay Krakovda xarici işlər nazirlərinin görüşü də texniki məsələlərin həlli və etimad mühitinin formalaşmasına həsr olundu. Göründüyü kimi həmsədrlərin regiona səfəri Ermənistana cəzasızlıq mühiti formalaşdırmaq üçün cəbhədə müşahidə mussiyasının sayının artırılması və status-kvonu qorumaqdı”.
Məhəmməd Əsədullazadə hesab edir ki, belə olan təqdirdə Azərbaycan atəşkəsi qorumağa çalışan ATƏT-in Minsk formatından imtina etməlidir: "Yoxsa, bu kimi nəticəsiz danışıqları bundan sonra davam etdirməlidir? Birincisi, rəsmi Bakı, ATƏT-in yeni italiyalı həmsədri Alfanonun Rusiyanın xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrovla görüşündə səsləndirdiyi "format dəyişməli" fikrini müdafiə etməli və, bu təklifi gündəliyə çıxarmalıdır. İkincisi, ATƏT-in Minsk qrupunun irəli sürdüyü və ermənilərin maraqlarına xidmət edən müşahidə missiyasının sayının artırılması təklifini rədd etməlidir. Üçüncüsü, danışıqların substantiv aparılmasını tələb etməli və texniki danışıqlardan imtina etməlidir. Dördüncüsü, həmsdərlərdən Yerevana mesaj kimi real təzyiqlərə başlamasını tələb etməli, yoxsa cəbhədə yenidən təzyiqlərin olacağını açıq bildirməlidir. Qeyd edim ki, ATƏT-in Minsk qrupunun həmsədrləri və Yerevanla sakit diplomatik danışıqlar aparmaqla erməni tərəfi həyassız təkliflər irəli sürəcək və mərhələli həll danışıqlarından yayınacaq". Politoloq deyib ki, ATƏT-in Minsk qrupunun hazırkı səfərində prezidentlərin iki ay ərzində görüşünün keçirilməsi də qeyd olunur: "Martda Ermənistanda və aprel ayında Azərbaycanda keçiriləcək seçkilər fonunda belə bir görüşün baş tutması real görünmür. Artıq, ATƏT-in Minsk qrupunun formatının dəyişdirilməsi və Ermənistana bir neçə aydan sonra hərbi təzyiqlərin başlanmasına start verilməlidir. Cəbrayılda, Füzulidə, Xocavənddə erməni silahlı qüvvələrinin hərbi obyektlərinə zərbələr vurulmalıdır. Hesab edirəm ki, bu təzyiqlər rəsmi Yerevanı masa arxasında ciddi güzəştlərə aparacağa qədər davam etməlidir. Görünən odur ki, münaqişə uzandıqca, danışıqlar formatı dəyişir və Rusiyanın konfliktə nəzarəti daha da güclənir”.

Bu xəbər oxundu
- - -