Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Daşkəsən Filizsaflaşdırma” ASC-nin özəlləşdirilməsi üçün tələblər açıqlanıb

08.02.18, 13:31
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Daşkəsən Filizsaflaşdırma” ASC-nin özəlləşdirilməsi istiqamətində əhatəli tədbirlər görülür. Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata görə, “Azərbaycan Respublikasının metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Prezidentinin sərəncamının icrası ilə əlaqədar komitə tərəfindən 270 milyon tondan artıq dəmir filizi ehtiyatlarına malik “Daşkəsən Filizsaflaşdırma” ASC-nin dövlətə məxsus səhmləri investisiya müsabiqəsinə çıxarılıb. Bu Açıq Səhmdar Cəmiyyəti qeyri-neft sektorunda ölkənin ən strateji metallurgiya müəssisəsi olmaqla investorlar üçün olduqca cəlbedicidir.
Müsabiqənin dövlətin strateji maraqlarına uyğun və daha səmərəli keçirilməsi məqsədilə “KPMG” şirkəti açıq tender əsasında məsləhətçi qismində cəlb edilib. Özəlləşən səhm zərfinin beynəlxalq standartlara uyğun qiymətləndirilməsi aparılıb, gələcək iqtisadi faydaların əldə edilməsi ilə müəyyən edilən investisiya dəyəri çıxarılıb. Mövcud qanunvericiliyə uyğun olaraq təşkilatlararası müsabiqə komissiyası yaradılıb. Müsabiqə komissiyasına daxil olan İqtisadiyyat, Maliyyə, Ədliyyə, Vergilər, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Maliyyə Bazarlarına Nəzarət Palatası, Əmlak Məsələləri Dövlət Komitəsi, Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən məsləhətçi şirkətin tövsiyələri nəzərə alınıb. Potensial iddiaçılar qarşısında qoyulacaq şərtləri əhatə edən elan Azərbaycan və ingilis dillərində kütləvi informasiya vasitələrində (o cümlədən, elektron) dərc edilib. Eyni zamanda müəssisənin özəlləşdirilməsi prosesinə strateji investorların cəlb olunması məqsədi ilə polad istehsalı üzrə ixtisaslaşan 50-dən artıq xarici şirkətə ünvanlı dəvət məktubları göndərilib.
Müəssisənin özəlləşdirilməsinə yerli şirkətlərlə yanaşı, ABŞ, Avropa, BƏƏ, Hindistandan olan potensial investorlar və konsorsiumlar maraq göstərir. Həmin şirkətlərdən bəziləri ilə memorandumlar imzalanıb. Beynəlxalq səviyyəli ekspert, mühəndis və geoloqlardan ibarət nümayəndə heyətləri müəssisəyə səfər edərək çox sayda texniki və geoloji hesabatları yerində incələyib. Hazırda müəssisənin özəlləşdirilməsi istiqamətində həmin investorlar tərəfindən təhlillər davam etdirilir. Müsabiqə şərtlərinə əsasən müəssisəni özəlləşdirən investor dövlət büdcəsinə 100 milyon manatdan az olmayaraq ödəniş etməlidir. Həmçinin xammaldan hazır məhsuladək istehsal klasterinin qurulması məqsədilə 5 il ərzində yeni zavodların tikintisinə 600 milyon ABŞ dollarından az olmayaraq investisiya yatırmalıdır. Bundan başqa, 1000 nəfərdən az olmayaraq yeni iş yeri təsis etməli, dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarına olan borcları ödəməlidir. Müsabiqə üzrə ərizə və təkliflərin qəbulu müddəti 31 may 2018-ci il tarixinə qədər müəyyən edilib. İstənilən yerli və xarici investorun iştirakı sərbəstdir və Əmlak Məsələləri Dövlət Komitəsi maraq göstərən bütün şirkətləri müsabiqədə iştirak etməyə dəvət edir.

Bu xəbər oxundu
- - -