Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Ermənistanı daha da sıxışdırmalıyıq”

08.02.18, 14:07
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Prezident İlham Əliyev: “Ermənistanı təcrid siyasəti torpaqlarımız azad olunana kimi davam etdiriləcək”

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində və beynəlxalq hüquq normalarına uyğun həll edilməlidir”.
Bunu dünən Azərbaycan prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında çıxışında bildirib: “Biz heç vaxt imkan verə bilmərik ki, ərazimizdə ikinci erməni dövləti yaransın” deyən dövlət başçısı vurğulayıb ki, tarixi torpaqlara qayıdış bizim siyasi-strateji hədəfimizdir.
Ermənistanın bütün regional layihələrdən kənarda qaldığını deyən prezident İlham Əliyev təcrid siyasətinin torpaqlarımız azad olunana kimi davam etdiriləcəyini deyib.

“Dağlıq Qarabağ bizim əzəli, tarixi torpağımızdır”
Ölkədə həyata keçirilən ordu quruculuğunun əhəmiyyətindən danışan dövlət başçısı deyib ki, beynəlxalq reytinqlər Azərbaycan ordusunun gücünü əks etdirir.
Azərbaycan prezidenti qeyd edib ki, bütün mötəbər beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bizim mövqeyimizi dəstəkləyir: “BMT, ATƏT, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı - bütün bu aparıcı təşkilatlar münaqişə ilə bağlı bizim mövqeyimizi dəstəkləyən qətnamələr, qərarlar qəbul edib. Beləliklə, münaqişənin həlli üçün siyasi əsaslar da qoyulub. Hüquqi əsaslar onsuz da var".
Dövlət başçısı bildirib ki, bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır: "Heç bir ölkə bu qondarma qurumu tanımayıb və əminəm ki, heç vaxt tanımayacaq. Tarixi əsaslar da bizim mövqeyimizi gücləndirir. Çünki Dağlıq Qarabağ bizim əzəli, tarixi torpağımızdır. Beynəlxalq təşkilatların qərar və qətnamələri həm hüquqi, həm siyasi əsasları möhkəmləndirir. Münaqişənin həlli ilə bağlı bizim mövqeyimiz üstünlük təşkil edir, xüsusilə indiki şəraitdə. Dünyanın müxtəlif yerlərində, eyni zamanda, Avropada separatizm meylləri artır. Avropa da görür ki, separatizm nə dərəcədə təhlükəli meyldir. Biz isə təcavüzkar separatizmlə üzləşmişik. Ona görə bütövlükdə münaqişələrlə bağlı dünyada gedən proseslər, yanaşma bizim mövqeyimizi daha da möhkəmləndirib. Təsadüfi deyil ki, keçən ilin noyabrında Avropa İttifaqının Şərq Tərəfdaşlığı Zirvəsində qəbul edilmiş qətnamə Şərq Tərəfdaşlığına üzv ölkələrin suverenliyini, ərazi bütövlüyünü, müstəqilliyini birmənalı şəkildə dəstəkləyib. Deyə bilərəm ki, ilk dəfə olaraq, bax, bu formada qətnamə qəbul edilib. Bu, Ermənistan üçün növbəti zərbə, onların növbəti məğlubiyyəti idi və bizim növbəti qələbəmiz idi. Əslində bu, haqq-ədalətin növbəti qələbəsi idi. Ona görə bu müsbət meyllər güclənəcək. Biz, sadəcə olaraq, bundan sonra da öz siyasətimizi aparmalıyıq, aparacağıq. Ermənistanı daha da sıxışdırmalıyıq, sıxışdıracağıq və öz həqiqətlərimizi dünya birliyinə çatdırmalıyıq".
Prezident qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanıln ərazi bütövlüyü çərçivəsində BMTTəhlükəsizlik Şurasının qətnamələri əsasında həllini tapmalıdır: "Bunun başqa yolu yoxdur. Biz heç vaxt imkan verə bilmərik ki, torpağımızda ikinci erməni dövləti yaradılsın. Ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu deyil və heç vaxt olmayacaq. Biz, sadəcə olaraq, öz səylərimizi daha da artırmalıyıq və artırırıq. Əminəm ki, bu məsələ beynəlxalq hüququn norma və prinsipləri əsasında öz ədalətli həllini tapacaq, ölkəmizin ərazi bütövlüyü bərpa ediləcək.
Onu da qeyd etməliyəm ki, biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı - bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq.
O ki qaldı, Ermənistana, indi hər kəs görür ki, bu ölkə öz işğalçılıq siyasətinin girovuna, qurbanına çevrilib. Biz onları demək olar ki, bütün beynəlxalq layihələrdən təcrid etmişik, bütün enerji və nəqliyyat xətləri onlardan yan keçir və bunu biz etmişik. Baxmayaraq ki, bu, o qədər də asan məsələ deyildi. Əfsuslar olsun ki, dünyadakı ermənipərəst qüvvələr, erməni lobbisi və erməni pullarına satılmış bəzi siyasətçilər daim çalışırlar ki, Ermənistanı da bizim təşəbbüsçüsü olduğumuz layihələrin tərkibinə daxil etsinlər. Biz həmişə buna çox ciddi etiraz etmişik, təşəbbüsümüzlə həyata keçirilən layihələr Ermənistanı tamamilə kənarda qoyub. Həm Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars layihələri onlardan yan keçib. Bizim siyasətimizə görə, Şimal-Cənub Nəqliyyat Dəhlizi də onlardan yan keçəcək. Biz bunu gizlətmirik. Baxmayaraq, bəziləri çalışırlar bizi ittiham etsinlər ki, biz onları təcriddə saxlayırıq. Bəli, saxlayırıq və saxlayacağıq. O vaxta qədər ki, torpaqlarımız işğaldan azad olunsun. Bu siyasət öz nəticələrini verməkdədir. İndi heç kim Ermənistana sərmayə qoymur. Çünki, birincisi, orada hakimiyyəti zəbt etmiş kriminal, korrupsioner, qaniçən rejim imkan vermir ki, sərmayə qoyulsun, əvvəllər qoyulan və ianə şəklində verilən bütün pullar rejim tərəfindən oğurlanıb. Digər tərəfdən, bazarın məhdudluğu və azalan bazar imkan vermir ki, ciddi investor oraya gəlsin və ixrac imkanları da çox məhduddur. Çünki ixrac üçün yollar olmalıdır, yollar olsa da, yenə də tam investisiya cəlb edilməsi üçün şərait yaratmır. Əlbəttə ki, bunu böyük dərəcədə edən məhz biz olmuşuq və bu siyasəti davam etdirəcəyik.
Onların özlərinin son statistik məlumatlarına görə, keçən il ölkəni 40 mindən çox insan həmişəlik tərk edib və bu tendensiya hər il gedir və gedəcəkdir. Beləliklə, orada demoqrafik böhran yaşanır. Bizim səylərimiz nəticəsində Ermənistan siyasi, iqtisadi, enerji, nəqliyyat dalanına çevrilib və əlbəttə ki, bu ölkənin gələcək inkişafı çox qaranlıqdır. Biz isə öz siyasətimizi davam etdirəcəyik və bütün imkanlardan, artan gücümüzdən, iqtisadi potensialımızdan, siyasi imkanlarımızdan, hərbi gücümüzdən istifadə edib məsələni həll etməliyik ki, ölkəmizin ərazi bütövlüyü təmin olunsun".

“Azərbaycan müasirliyə gedən yoldadır”

Prezident İlham Əliyev Azərbaycanın Avropa ölkələri ilə yaxın münasibətlərindən də söz açıb: “Keçən ilAvropa İttifaqı ilə yeni saziş üzərində danışıqlar başlanıb.Avropa İttifaqına üzv ölkələr bizim əsas ticarət tərəfdaşlarımızdır, əsas investorlardır. Bizim siyasi, iqtisadi, enerji sahələrində əlaqələrimiz çox yüksək səviyyədədir. Bizim üçün də bu əməkdaşlıq çox önəmlidir.”.
Prezident İlham Əliyev deyib ki, Azərbaycan müasirliyə gedən yoldadır: “Biz inkişaf etməliyik, ən qabaqcıl standartları milli dəyərlərimizə uyğun olan şərtlə tətbiq etməliyik. Biz çox möhkəm milli köklər üzərində dayanmışıq və bu, bizim üçün əsasdır. Eyni zamanda, biz həmişə dünyaya açıq olmalıyıq və ən qabaqcıl texnologiyaları ölkəmizə gətirməliyik. Bu, artıq dünya ictimaiyyəti üçün açıq kitab kimi bir anlayışdır və indi hamı bilir ki, Azərbaycan prinsipial mövqedədir, müstəqil siyasət aparır. O siyasət ki, Azərbaycan xalqının maraqlarını təmin edir, o siyasət ki, bir çox tərəfdaşlar üçün də əlavə imkanlar yaradır”.
Prezident İlham Əliyev deyib ki, son iki il ərzində çox ciddi iqtisadi islahatlar aparılıb: “Əvvəlki illərdə də aparılıb. Ancaq son iki il ərzində daha fəal və daha səmərəli islahatlar aparılıb. Bu islahatlar imkan verdi ki, biz ağır vəziyyətdən, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi nəticəsində yaranmış vəziyyətdən çıxa bilək və çıxmışıq da. Bu gün ölkə iqtisadiyyatı öz templərini artırır. Növbəti illərdə islahatlar mütləq davam etdiriləcək. İndi bəzi suallar səslənir və hətta beynəlxalq ekspertlər maraqlanırlar ki, indi neftin qiyməti bir qədər qalxıb, bəs bu, apardığımız islahatlara təsir edəcək, ya etməyəcək? Bəlkə siz indi islahatları o qədər fəallıqla aparmayacaqsınız. Qətiyyən belə deyil. Mən bir daha demək istəyirəm ki, neftin qiymətinin artması, sadəcə olaraq, bizim valyuta ehtiyatlarımızı artıracaq. Ancaq bütün hökumət qurumları elə işləməlidirlər ki, sanki bizdə neft amili yoxdur. Ona görə biz gələcək iqtisadi inkişafımızı qeyri-neft sektorunun inkişafında görürük. Neft sektoru, sadəcə olaraq, bizə əlavə maliyyə resursu yaradacaq ki, bu da öz növbəsində, bizim siyasi resurslarımızı da gücləndirir. Bu da təbiidir. Ölkə iqtisadiyyatının dayanıqlı inkişafını ancaq bu amillər - qeyri-neft sektoru, sahibkarlıq, idarəetmədə aparılan və aparılacaq islahatlar müəyyən edəcək. Ona görə iqtisadiyyatın şaxələndirilməsi, mütərəqqi beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, maliyyə, fiskal siyasətində ən qabaqcıl texnologiyalardan istifadə etməyimiz inkişafımız üçün əsas amillər olacaq”.
Dövlət başçısı bildirib ki, bu siyasət artıq öz nəticəsini verib: “Keçən ilin iqtisadi göstəriciləri göstərdi və sübut etdi ki, biz düzgün yoldayıq. Qeyri-neft sektorumuz, iqtisadiyyatın qeyri-neft sektoru 2,7 faiz, sənayedə qeyri-neft sektorunun artımı 3,7 faiz, kənd təsərrüfatı 4,1 faiz, valyuta ehtiyatlarımız 4,5 milyard dollar artıb. Bu ilin yanvar ayının nəticələri də mənə məruzə edildi. Bu barədə də demək istəyirəm. Bu, göstərir ki, mən əvvəlki aylarda dediyim kimi, 2018-ci il sürətli inkişaf ili olacaq. Beləliklə, yanvar ayında Azərbaycanda ümumi daxili məhsul 2 faiz, qeyri-neft iqtisadiyyatımız təxminən 4 faiz, sənaye istehsalı 1,5 faiz, qeyri-neft sektorunda sənaye istehsalı 8,7 faiz artıb. İnflyasiya birinci ayda 5,5 faizdir, əhalinin pul gəlirləri 11 faizdən çoxdur. Yəni, əhalinin gəlirləri inflyasiyanı iki dəfə üstələyir. Bu ilin yanvar ayında bizim valyuta ehtiyatlarımız 2 milyard dollar artıb və bu gün valyuta ehtiyatlarımız 44 milyard dollar təşkil edir. İlin əvvəlidir. Mən əminəm ki, 2018-ci il sürətli inkişaf ili olacaq və ondan sonrakı bütün illərə çox güclü təkan verəcək. Kənd təsərrüfatında, sənaye sahəsində indi həyata keçirilən layihələr tezliklə, bir-iki il ərzində öz bəhrəsini verəcək”.
Prezident qeyd edib ki, Azərbaycan indi nəhəng enerji layihələri icra edir: “Bu da qarşıda duran əsas vəzifələrdən biridir. Biz Cənub Qaz Dəhlizini vaxtında təhvil verməliyik, bunu edəcəyik. Bütün maliyyə resursları təmin edilib, həm Azərbaycan, həm beynəlxalq banklar tərəfindən. Müəyyən yubanmalar olub, onlar da aradan götürüldü. Çünki Cənub Qaz Dəhlizi həm bizim üçün, həm də Avropa üçün strateji əhəmiyyətə malik olan bir layihədir. Azərbaycan öz liderlik missiyasını uğurla icra edir. Biz bu tarixi layihəni - 7 ölkəni, qitələri birləşdirən, 3500 kilometr məsafəsi olan və dənizin altından, dağların başından keçən qaz kəmərini uğurla həyata keçiririk. “Şahdəniz-2” layihəsindən yaxın zamanlarda qaz çıxarılacaq. Onu da deməliyəm ki, Cənub Qaz Dəhlizi, yəni, qaz kəməri artıq qazla təmin edilir. Bu, tarixi layihədir və ölkəmizin uğurlu, dayanıqlı inkişafı üçün əsas resurs bazasıdır. Qeyd etdiyim kimi, “Azəri-Çıraq” yatağının istismarının uzadılması haqqında da tarixi qərar qəbul edilib. Ona görə bundan sonra da neft-qaz sektorunda Azərbaycan uğurla inkişaf edəcək. Ancaq yenə də deyirəm, gələcək fəaliyyətimiz üçün bu, bizdə bir rahatlıq hissi yaratmamalıdır. Biz fəal işləməliyik, qeyd etdiyim kimi, bu, sadəcə olaraq, bizim üçün əlavə maliyyə və siyasi resursdur. Bu gün biz beynəlxalq arenada bütün məsələlərlə bağlı öz sözümüzü deyirik. Nəyə görə? Əlbəttə ki, güclü siyasi iradəyə görə, cəsarətli siyasətə görə, amma, eyni zamanda, maliyyə imkanlarımıza görə. Əgər bu imkanlar olmasaydı, əgər biz bəzi ölkələr kimi, xarici donorlardan asılı olsaydıq, əgər biz yoxsul, səfil Ermənistan kimi ona-buna dilənsəydik, onda əlbəttə ki, bizim müstəqil siyasət aparmaq imkanımız da olmaya bilər, yaxud da ki, bu imkanlar məhdud ola bilərdi. Ona görə iqtisadi güc, maliyyə resurslarımız siyasi müstəqilliyimizi də möhkəmləndirir”.

Bu xəbər oxundu
- - -