Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Türkiyə əməliyyatları dayandırmayacaq”

09.02.18, 10:25
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Bu görüş əslində Afrin əməliyyatlarının nəticələrinin müzakirəsi və eyni zamanda, Suriyada başlayacaq əməliyyatların üçüncü mərhələsi ilə bağlıdır.
Bu sözləri Rusiya, Türkiyə və İran prezidentlərinin İstanbulda baş tutacaq ikinci üçtərəfli zirvə toplantısını şərh edən analitik Vüqar Zifəroğlu deyib. O, Türkiyənin Afrin əməliyyatlarından öncə və sonra bölgə dövlətləri ilə münasibətlərində korrektələr apardığını qeyd edib:
“Hətta əməliyyatların başladığı ərəfədə proses Tehran və Moskva ilə müəyyən mənada razılaşdırılmışdı. Qarşıdan gələn görüş də əslində Afrin əməliyyatlarının nəticələrinin müzakirəsi və eyni zamanda, Suriyada başlayacaq əməliyyatların üçüncü mərhələsi ilə bağlıdır. Bildiyiniz kimi, Türkiyə prezidenti də bu barədə bəyanat verərək, Ankaranın növbəti hədəfinin Menbic olduğunu deyib. Digər tərəfdən, İran Türkiyəni Suriyadan geri çəkilməyə çağırıb. Çox güman ki, sammitdə bu məsələ ətrafında da fikir mübadiləsi aparılacaq. Hər halda əməliyyatların nəticəsi ilə bağlı üç dövlət arasında müzakirələrə müəyyən mənada ehtiyac yaranmışdı. Görünür, tərəflər də məhz buna görə bir araya gəlməyə razılıq veriblər”.
V.Zifəroğlunun sözlərinə görə, Türkiyə hər hansı bir ölkənin təkidi ilə haqlı olaraq həyata keçirdiyi əməliyyatları dayandırmayacaq:
“Ankaranın əsas məqsədi Türkiyənin daxilinə təhdid olan terror təhlükəsini zərərsizləşdirmək və terrorçu təşkilatları sərhədlərindən uzaqlaşdırmaq idi.
İkinci məqsəd isə sərhəd qalxanı əməliyyatı ilə terror qruplaşmaları tərəfindən nəzarət altına alınan ərazilərin təhlükəsizliyini təmin etmək idi. Hesab edirəm ki, Türkiyə müəyyən mənada Suriyada hədəflərinə çatdı və bundan sonra əməliyyatların növbəti mərhələsinin başlayacağını ehtimal olunur. Çünki Türkiyə ABŞ və İrana görə öz milli maraqlarından geri çəkilən deyil”.

Bu xəbər oxundu
- - -