Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

TAP konsorsiumu boru kəmərini genişləndirməyi qərara alıb

09.02.18, 13:21
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

TAP konsorsiumu Azərbaycan təbii qazını Avropaya daşıyacaq “Trans-Adriatik” (TAP) qaz boru kəmərini genişləndirməyi qərara alıb. Bu barədə “Natural Gas World”ə TAP-ın prezidenti Walter Peeraer deyib. “TAP konsorsiumu boru kəmərini əlavə kompressor stansiyaları inşa edərək genişləndirməyi düşünür. Biz kompressor stansiyaları inşa edərək boru kəmərini genişləndirməkdə qərarlıyıq. Bu, boru kəmərinin keçdiyi üç ölkənin enerji daşıyıcılarının birgə razılığı ilə olacaq. Bu proses hər iki ildən bir təşkil ediləcək”, - deyə o bildirib.
W.Peeraer qeyd edib ki, TAP konsorsiumu bir sıra bank və kredit təşkilatları ilə layihənin maliyyələşdirilməsini müzakirə edir. TAP-ın prezidenti bildirib ki, boru kəməri kömürə çox üstünlük verən ölkələrdə təmiz enerji mənbəyinin tətbiqinə imkan yaradacaq və Avropa dekarbonizasiyaya kömək edəcək: “Qaz digər enerji mənbələrinə görə nisbətən ucuzdur. Elektrik şəbəkəsi qurmaqdansa qaz şəbəkəsi qurmaq daha asandır. Təbii qaz Avropa İttifaqında sənayenin rəqabət qabiliyyətini artıracaq və gələcək üçün enerji səbətinin bir hissəsi olacaq”.
Xatırladaq ki, ötən günlərdə Avropa İnvestisiya Bankının İdarə Heyəti Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın təbii qaz şəbəkəsinə qoşulmaq üçün Cənubi İtaliya sahillərinə çıxan TAP boru kəməri üçün 1,5 milyard avro məbləğində maliyyələşdirməni təsdiqləyib. Bildirilir ki, layihə Cənub Qaz Dəhlizinin bir hissəsidir və Avropa İttifaqının enerji siyasəti çərçivəsində strateji cəhətdən əhəmiyyətli bir komponent kimi, Avropa Şurası, Avropa Komissiyası və Avropa Parlamenti tərəfindən müəyyən edilən təşəbbüsdür.
TAP Avropa İttifaqı üçün prioritet enerji layihələrindən olan “Cənub Qaz Dəhlizi”nin bir seqmentini təşkil edir. Boru kəmərinin təməli 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. Layihənin ümumi dəyəri 4,5 milyard avro olacaq. Buraya 2009-cu ildən bəri davam edən dizayn və mühəndislik işləri də daxil edilib. “Şahdəniz” konsorsiumu ilk qaz satışını 2018-ci ildə Türkiyəyə və Gürcüstana həyata keçirəcək. Avropaya ilk qazın verilməsi isə bundan təxminən 1 il sonra 2020-ci ilin əvvəllərində planlaşdırılır.

Bu xəbər oxundu
- - -