Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

13.02.18, 14:23
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında xalq artisti Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
AMEA prezidenti, akademik Akif Əlizadə Qara Qarayevin Azərbaycan musiqinin və bəstəkarlıq məktəbinin inkişafındakı rolundan danışıb.
Akif Əlizadə qeyd edib ki, bəstəkarın yaradıcılığı Azərbaycanda musiqişünaslıq elmi üçün qiymətli mənbə olub: "Böyük bəstəkar öz təkrarsız və özünəməxsus əsərləri ilə musiqi tariximizi, musiqi nəzəriyyəçiləri üçün əvəzsiz tədqiqat imkanları yaradıb. Qara Qarayev öz musiqiləri ilə hələ sağlığında Azərbaycanı bütün dünyada layiqincə təmsil edib. O, yaradıcılığında Azərbaycanın klassik əsərlərinə istinad edirdi. Onun yaradıcılığının əzəməti öz kökünü məhz milli klassikamızdan götürürdü".
Qara Qarayevin yaradıcılığı haqqında məruzə ilə çıxış edən professor Zemfira Səfərova "Azərbaycan musiqi tarixi" kitabının üçüncü cildinin çap olunduğunu bildirib. O qeyd edib ki, kitab Qara Qarayevin yaradıcılığı ilə başlayır.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə Qara Qarayevlə bağlı xatirələrini bölüşüb. O, böyük bəstəkarın tələbəsi olmaqdan qürur duyduğunu deyib: "Xoşbəxtəm ki, bu böyük insanın təkcə tələbəsi deyiləm, həm də onunla bir yerdə çalışmışam. Qara Qarayev insan kimi yüksək səviyyəli ziyalı idi. Qara müəllim 110 musiqi əsərinə imza atıb. Onların hər biri əzəmətli, təkrarsız əsərdir. Onun azad düşüncəsi öz yaradıcılığına da nüfuz etmişdi".
Sonda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbirin təşkilinə görə AMEA rəhbərliyinə təşəkkürünü bildirib. Nazirin sözlərinə görə, Qara Qarayevin 100 illik yubileyi çərçivəsində tədbirlər təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində də keçiriləcək. Nazir TÜRKSOY-un bu ili Qara Qarayev ili elan etdiyini diqqətə çatdırıb. Həmçinin qeyd edib ki, Qara Qarayevin yubileyi UNESCO-da da qeyd ediləcək.
Tədbirdə Qara Qarayevin əsərlərindən ibarət konsert təqdim olunub.

Bu xəbər oxundu
- - -