Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Ermənistandakı seçkilər faktiki olaraq “Qarabağ kartı“na köklənib”

14.02.18, 11:41
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Arzu Nağıyev: “Bu da cəmiyyətdə birmənalı qarşılanmır və seçkilərə mənfi təsir göstərəcək”

Mübariz Əhmədoğlu: “Ermənistanda demokratiyanın olmamasının günahı bu ölkəyə "demokratiya kağızı" vermiş Qərbdədir”

Ermənistanda prezident seçkiləri yaxınlaşdıqca gərginlik artır. Ekspertlər İrəvanda toqquşmaların olacağını da istisna etmirlər.
Siyasi ekspert Arzu Nağıyev deyib ki, Ermənistandakı seçkilər faktiki olaraq "Qarabağ kartı"na köklənib. Onun fikrincə, separatçılara verdiyi müstəqillik sözündən dönə bilməyən və ya fiziki məhvə gətirib çıxara biləcək hadisələrdən qorxan prezident Serj Sarkisyan və onun komandası öz vətəndaşlarını düşünmür, status-kvonu saxlamaqla hakimiyyətini qoruyur: “Təbii ki, bu da cəmiyyətdə birmənalı qarşılanmır və seçkilərə mənfi təsir göstərəcək”.
O bildirib ki, Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində konkret addımlar atmaması ölkəni faktiki olaraq iqtisadi tənəzzüllə üz-üzə qoyur. Bu vəziyyət isə erməni ictimaiyyətində sosial və siyasi narazılıq yaradır. Azərbaycan isə regionda sabitliyin qorunması üçün ikili və üçlü formatlara imza atıb.
Siyasi ekspert qeyd edib ki, Ermənistan regionda həyata keçirilən layihələrdən kənarda qalır. Bu ölkə regionda təhlükəsizliyi pozan güc kimi xarakterizə olunur. Yerevan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinə razı olmalıdır. Əks halda, ölkədəki iqtisadi gərginlik erməni əhalisini səfalət məngənəsində sıxacaq.
Arzu Nağıyev bildirib ki, bu gün Azərbaycan beynəlxalq miqyaslı böyük iqtisadi layihələrə müəlliflik edir və buna görə də super güclərlə eyni müstəvini bölüşür: “Buna misal olaraq, Bakı-Tbilisi-Qars dəmir yolunu, TAP, TANAP layihələrini, Şimal-Cənub nəqliyyat dəhlizini və digər layihələri qeyd etmək olar. Təkcə "Əsrin müqaviləsi"nin müddətinin uzadılması Azərbaycanın dünyanın aparıcı dövlətləri ilə bir sırada durmasından xəbər verir. Bu layihələrdə Ermənistandan başqa bütün region dövlətləri iştirak edir. Bu ölkənin layihələrdən kənarda qalması Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti aparması ilə bağlıdır. Sosial-iqtisadi vəziyyətin gərginliyi də iğtişaşlara yol açır. Seçkilərin müddəti yaxınlaşdıqca bu gərginlik artacaq. Ermənistan başa düşməlidir ki, iqtisadi çətinliklər, vətəndaşların sosial rifahının durmadan aşağı düşməsi sosial partlayışa gətirib çıxaracaq”.
Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) rəhbəri, politooq Mübariz isə Əhmədoğlu bildirib ki, Ermənistanda seçki proseslərinin özünəməxsus gedişatı var: “Hər cür qanun pozuntuları baş verir. Amma yekunda Qərb bunu demokratik seçki kimi dəyərləndirir. Dəfələrlə baş vermiş bu hadisə hal-hazırda yenidən təkrarlanır. Ermənistanın indiki prezidenti Serj Sərkisyan Ermənistanın Böyük Britaniyadakı səfiri Armen Sərkisyanı prezident təyin etmək istəyir. Bunun üçün onu yanına çağırıb, fikrini açıqladı. Armen Sərkisyan müxtəlif görüşlər keçirdikdən sonra cavab verəcəyini bildirdi.
Serj Sərkisyanın Armen Sərkisyanın prezident təyin etməkdə məqsədi antiRusiyaçılıq istiqamətində növbəti addımını nümayiş etdirməyə hazır olduğunu göstərməkdir. Bu ayrı mövzudur. Amma Armen Sərkisyanın davranışı isə qəribə məsələlər üzə çıxarıb. Prezident Serj Sərkisyanla görüşdən sonra Armen Sərkisyan bir müddət gözə görünmədi. Sonra Britaniyada olduğu bəlləndi. Az keçmiş Ermənistana qayıtdı, elm adamları ilə görüşlər keçirdi. Moskvada ermənilərin çoxsaylı və onların mövqeyinin daha həssas olmasına baxmayaraq Armen Sərkisyan cəmi bir neçə saata Moskvada oldu. Oradan Maltaya səfər etdi. Maltada erməni icmasının mövcudluğu və bu icmanın dünya erməniliyindəki rolu barədə heç kəsin məlumatı yoxdur. Armen Sərkisyan Britaniyada şahzadə Çarlzla görüşüb, onu özünün inauqurasiya mərasiminə dəvət etdi.
Başqa sözlə, Armen Sərkisyan üçün prezident seçilməsi baş tutmuş faktdır. Uzun müddət Britaniyada demokratik mühitdə yaşamış erməninin demokratiyaya münasibəti belədir.
Əslində, Ermənistanda demokratiyanın olmamasının günahı Ermənistana "demokratiya kağızı" vermiş Qərbdədir. Məhz bununla da Qərb bütövlükdə Cənubi Qafqaz regionunda demokratiyanın bu günü və gələcəyinə böyük zərbələr vurur”.



Əli

Bu xəbər oxundu
- - -